Həzrət Əlinin (ə) məzarının kəraməti

/ Çərşənbə axşamı, 24 Mart 2020 18:37
Həzrət Əlinin (ə) məzarının kəraməti

Ötən məqalələrin birində Həzrət Əlinin (ə) Nəcəfdəki müqəddəs məzarının kəramətlərindən biri haqqında yazmışdıq. Söhbət Müqəddəs Ərdəbilinin çətin bir suala cavab tapmaq üçün İmam Əlinin (ə) məzarına təvəssül etməsindən gedirdi.

Ümumiyyətlə, keçmiş alimlərin adəti bu idi ki, həllini bilmədikləri hər hansı çətin məsələni məsumların ruhlarına təvəssül etməklə həll edirmişlər. Sualı təqdim etdikdən sonra onlara ya oyaqlıq halında, ya da yuxuda cavab verilirmiş. Bu barədə məlum olan hadisələrin sayı o qədər çoxdur ki, onları əsassız saymaq qeyri-mümkündür. Bu gün bəzi ifrat cərəyanların nümayəndələri (konkret olaraq vəhhabilər) təvəssülü hər nə qədər batil və qeyri-mümkün saysalar da, belə hadisələr bunun tamamilə mümkün olduğunu sübuta yetirir. (Əlbəttə, dünyasını dəyişmiş mömin şəxsin, xüsusilə, müqəddəsin ruhuna təvəssül etməyin mümkünlüyü və caizliyi barədə başqa qəbildən olan dəlillər də vardır).

Həzrət Əlinin (ə) mübarək məzarının kəraməti barədə yüzlərlə hadisə məlumdur. Bunlardan bir qismini Şeyx Əli Mirxələfzadə “Kəramatül-Ələviyyə” kitabında qeyd edib.

Hadisələrdən biri məşhur şiə alimləri Şeyx Müfidlə tələbəsi Seyyid Mürtəza Ələmül-hüdanın adı ilə bağlıdır. Bir gün bu iki alim Həzrət Əlinin (ə) məzarını ziyarət etməyə yollanırlar. Hərəmin həyətində miniklərini divar dibində bağlayırlar. Seyyid Mürtəza dəstəmaz almağa gedir, Şeyx Müfid isə miniklərin yanında qalır. Bu zaman görür ki, divarın üzərində gəzişən bir pişik Seyyid Mürtəzanın ulağının yəhərini sidiklə islatdı. Seyyid Mürtəza qayıdandan sonra Şeyx Müfid hadisəni ona danışıb məsləhət görür ki, yəhəri pak etsin. Seyyid Mürtəza isə şəriət hökmünü əsas gətirib deyir: “Sizin sözünüz təkbaşına mənim üçün höccət (sübut) deyil. Çünki əvvəl pak olan bir şeyin sonradan nəcəs olduğunu sübut etmək üçün iki nəfər şahidin olması lazımdır. Mən bir şahidin ifadəsi ilə bu yəhəri nəcəs saya bilmərəm. Bu hökmü Siz öüzünüz dərsdə mənə öyrətmisiniz”.

Şeyx Müfid nə qədər israr edirsə, Ələmül-hüda onunla razılaşmır. Axırda bu qərara gəlirlər ki, məsələni bir kağız parçasına yazıb İmam Əlinin (ə) zərihinin içərisinə qoysunlar. Belə də edirlər. Az sonra zərihə yaxınlaşıb kağızı götürürlər. Görürlər ki, sual yazılmış kağız parçasının arxa üzündə yaşıl rəngli xətlə bu sözlər yazılıb: “Əl-qövlü qovlə vələdi, vəş-şeyxə mötəmədi”. Tərcüməsi budur: “Balamın (yəni Seyyid Mürtəzanın) dediyi söz doğrudur. Amma şeyx (yəni Müfid) də etimad etdiyimiz şəxsdir”. Seyyid Mürtəza kağızı oxuyandan sonra üzünü Şeyx Müfidə tutub deyir: “Sizin ifadənizlə İmamın ifadəsi birlikdə iki nəfərin şəhadəti deməkdir. Yəhərin murdar olması indi mənə sübut oldu”.

Qeyd edək ki, eyni hadisəni bəzi mənbələrdə XVII əsrin məşhur alimləri Şeyx Bəhai və Mir Damad Əstərabadinin adları ilə də bağlamışlar.

Please publish modules in offcanvas position.