Din meyitdən imtinaya necə baxır

/ Çərşənbə, 06 May 2009 18:08
Din meyitdən imtinaya necə baxır

 

Mətbuatın yazdığına görə, ailə üzvləri, yaxınları aprelin 30-da Dövlət Neft Akademiyasının tədris korpusuna silahlı basqında 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonra özünə qəsd edən Fərda Qədirovun meyitinə sahib çıxmır, onun dəfnindən imtina edir. Anadan olduğu Gürcüstan Respublikası, Marneuli rayonunun Daştəpə kəndində də Fərdanın öz vətənində basdırılmasına etirazlar olduğu bildirilir.

Meyitdən imtina mənəvi, dini baxımdan necə dəyərləndirilir? Yaxınları bir nəfərin ölüsündən imtina edirsə, onun dəfn etmək kimin üzərinə düşür? "Media forum" saytının suallarını Bakı İslam Universiteti islamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurullayev, ilahiyyatçı-ekspert Rəsul Mirhəşimli, Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimli cavablandırıb.

Hacı Fuad Nurullayev hesab edir ki, övladın pis, yaxud yaxşı olmasına baxmayaraq valideyn onun ölüsündən imtina edə bilməz, buna haqqı yoxdur: "İslama görə, insan ölübsə, onun pis, yaxud yaxşı olmasına baxmayaraq yaşayan insan onu dəfn eləməlidir. Əgər cəmiyyətdə müsbət adam kimi tanınmayıbsa, pis əməlləri bəllidirsə, onu adi insanların dəfn olunduğu qəbiristanlıqda dəfn etməsinlər. Kənar bir yerdə basdırsınlar. Şəriətdə bu var. Amma ondan imtina eləmək, kiminsə cənazəsinin ortada qalması - belə hal qanunda yoxdur. Pisdirsə, o, pis kimi basdırılmalıdır. Ona mərasim keçirilməyəcək, ruhuna dualar oxunmayacaq. Ona namaz qılarkən sonda deyilməlidir ki, Allahım, sən özün şahidsən, bu insan hansı əməlin sahibidir. Yəni namazda onun üçün bağışlanmaq duası istənilməyəcək".

H.F.Nurullayev vurğulayıb ki, ölənin kimliyindən asılı olmayaraq valideyn onun ölüsünə də məsuliyyət daşıyır: "Pis də, yaxşı da onun övladıdır. Necə olur ki, ata-ana yaxşı övladı bağrına basır, pis övladı kənara tullayır? Bu qanlı hadisəni törədən şəxs qədər onun valideynləri də məsuliyyət daşıyır. Nə qədər desələr ki, biz ondan imtina edirik, yenə də həmin atanın, həmin ananın övladıdır. Onu dünyaya gətirdiyi üçün, onu tərbiyə etdiyi üçün məsuldurlar. Bu uşağın belə əxlaq sahibi olmasında onların da günahı var".

Dekan onu da deyib ki, əgər kənd camaatı həmin şəxsin qəbiristanlıqda basdırılmasına imtina edirsə, onda onu xeyli uzaqda dəfn etmək mümkündür: "Əgər ata-anası ondan imtina edirsə, onu kimsəsizlər qəbiristanlığında dəfn edə bilərlər".

Rəsul Mirhəşimli də hesab edir ki, valideynin övladdan yalnız sağlığında imtina etməsi mümkün ola bilər: "Mənə elə gəlir ki, Azərbaycan reallığında ilk dəfə rast gəlinən hadisədir. Fərdanın yaxınları imtina ediblərsə, başqa bir müsəlman onu dini qaydalara uyğun dəfn edə bilər. Qəbiristanlıq insanların özəl olaraq ziyarət elədiyi bir yerdir. Bu baxımdan kənd camaatını başa düşmək olar ki, böyük faciəyə səbəb olmuş bir insanın qəbrini öz əzizləri ilə bir sırada görmək istəmirlər".

R.Mirhəşimli onu da bildirib ki, F.Qədirovu hər hansı yerdə dəfn də bilərlər: "Kimsə onun dəfn edilməsini öz üzərinə götürə də bilər. Amma pis əməl yerinə yetirərək həyatdan gedən şəxsin torpağa tapşırılması kimi məsuliyyətli işi kim üzərinə götürəcək?"

Hacı İlqar İbrahimli isə hesab edir ki, artıq heç bir iradə nümayiş etdirə bilməyən cismlə belə rəftar düzgün deyil: "Onsuz da Allah Fərdanın həm ruhən, həm cismən cəzasını verəcək. Hətta ən qatı cinayətkarın fiziki bədəninin ətrafında alverin, şouların yaradılmasını düzgün qiymətləndirmirəm. Ən böyük günah işlətmiş adam müsəlmandırsa, yaxınları yiyə durmasalar belə, onu digər müsəlmanlar dəfn edə bilər".

Ata-ananın F.Qədirovun meyitindən imtina etməsinə gəlincə, H.İ.İbrahimli deyib: "Belə hallar mümkündür. Bu, atanın-ananın öz övladına etiraz formasıdır. Belə hallar çoxdur - yaxşı valideynin pis, yaxud əksinə, pis valideynin yaxşı övladı ola bilər. İstənilən halda Fərdanın valideynlərinin vəziyyəti başa düşülməlidir. Onlar o qədər dərin şok, sarsıntı keçirirlər ki, bəlkə də nə dediklərinin belə fərqində deyillər. Onlar bu cinayəti törətmiş övladlarını qəbul edə bilmirlər. Bu hadisələr vücudi müstəvidə ağır dram olduğunu göstərir".

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.