Dualarimizin müstəcab olmasi üçün nə edək? (II məqalə)

/ Çərşənbə, 07 Dekabr 2011 14:53
Dualarimizin müstəcab olmasi üçün nə edək? (II məqalə)

Dua bəndənin Allahla söhbəti sayıldığı üçün bəndə öz duasını elə bir şəkildə təqdim etməlidir ki, qarşı tərəf – Allah bunu qəbul etsin. Söhbət o zaman mənalı olar ki, hər iki tərəfin istəyinə və marağına uyğun olsun. Insan dua vasitəsilə öz istəyini Allaha çatdırır və bu yolla təmənnasının ödəniləcəyini umur. Amma duasının eşidilməsi və qəbul olunması üçün təkcə bu kifayət etməz. Duanın istər forması, istər vaxtı və şəraiti, istərsə də dua edənin mənəvi vəziyyəti elə olmalıdır ki, Allahla söhbət etmək ləyaqətini daşısın. Əks halda, həmin duanın qəbul edilmə ehtimalı çox aşağı olar.

Etdiyi duanın müstəcab olmasını istəyən adam «Bismillahir-Rəhmanir-Rəhim» cümləsi ilə duaya başlamalıdır. «Bismillah» – Allahla bəndənin rabitəsinin açarıdır. Allah öz kəlamını (Quranı) bu cümlə ilə başlayıb, insanlara da hər bir işi bu cümlə ilə başlamağı tövsiyə edib. Hədislərdə deyilir ki, bismillahsız görülən iş naqis və bərəkətsiz olar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, əvvəlində «Bismillahir-Rəhmanir-Rəhim» deyilən dua rədd edilməz (Allah tərəfindən cavabsız qoyulmaz).

Duanın məşhur formalarından biri də budur ki, əvvəldə Allaha həmdü-səna edilsin. Fatihə surəsində də bunun şahidi oluruq. Bəndə «bizi doğru yola yönəlt» şəklində öz istəklərini Allaha çatdırmazdan əvvəl bir neçə ayədə Ona həmdü-səna edir, Onu gözəl adları ilə öyür. Imam Cəfər Sadiq (ə) buyururdu ki, əvvəlində həmd olmayan dua yarımçıq və qüsurludur.

Duadan əvvəl və sonra Peyğəmbərə və Əhli-beytinə salavat söyləmək də bəyənilən əməllərdən sayılır. Özü də diqqət yetirmək lazımdır ki, Həzrət Mühəmməd Peyğəmbərə (s) salavat söyləyərkən mütləq Onun Əhli-beytini də bura aid etmək lazımdır. Çünki Peyğəmbər buyurub ki, Ona yarımçıq salavat göndərməyək. Yarımçıq salavatın səbəbini soruşanlara cavab vermişdi ki, yarımçıq salavat – Əhli-beyti yad etmədən yalnız Peyğəmbərin özünə salavat söyləməkdir. Imam Sadiq (ə) bunu nəzərdə tutaraq buyurub: «Hər kimin Allahdan istəyi olsa, duanı Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) salavatla başlasın, bununla da qurtarsın. Allah çox kəramətlidir, bir şeyin hər iki ucunu qəbul edərsə, ortasını da mütləq qəbul edər, geri qaytarmaz». Hədisdə buna işarə edilir ki, Peyğəmbərə və nəslinə göndərilən bütün salavatları Allah qəbul edər və salavat deyən şəxsə savab yazar. Əgər duanın əvvəlində və axırında salavat söyləsək, Allah bunun xatirinə duanın özünü də müstəcab edər.
Imam Sadiqə (ə) mənsub başqa bir hədisdə deyilir ki, Həzrət Mühəmmədə (s) və nəslinə salavat göndərməyincə duanın Allah dərgahına qalxmasının qarşısı alınar.

Duadan əvvəl gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılmaq da tövsiyə edilib. Təsadüfi deyil ki, dünya və axirət istəklərini əhatə edən duaların bir çoxunu ya namazdan sonra, ya da namazın içində (qünutda ya səcdədə) söyləmək təkid edilib. Namaz zamanı rüku və səcdələri bir qədər uzatmaq da bəyənilir.
Müstəhəb namazlar içində hacət namazı adlanan bir namaz növü də vardır ki, Allahdan diləyi olan şəxslərdən ötrü nəzərdə tutulub. Hacət namazının müxtəlif cür qılınma qaydaları var. Bir rəvayətə görə, hacət namazı gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət şəklində qılınır, axırda 70 dəfə bu dua oxunur: «Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin». («Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!»). Birinci rükətdə Fatihədən sonra üç dəfə ayətül-kürsi, ikinci rükətdə isə Fatihədən sonra İxlas, Fələq və Nas surələrini oxumaq məsləhətdir.

Məsləhətdir ki, adam əvvəlcə 40 nəfər mömindən ötrü dua etsin, sonra öz istəyini dilə gətirsin. Rəvayət edirlər ki, Həzrət Fatimə (ə) həmişə əvvəlcə başqaları üçün, lap axırda da özü üçün dua edərdi. Imam Həsən (ə) səbəbini soruşanda Fatimə (ə) belə cavab verərdi: «Oğlum, əvvəlcə qonşu, sonra ev əhli».
Imam Cəfər Sadiq (ə) Islam Peyğəmbərinin belə buyurduğunu rəvayət edib: «Hər kim mömin kişi və qadınlar üçün xeyir-dua etsə, Allah duada başqaları üçün istədiyi şeyləri onun özünə bəxş edər. Qiyamət günündə bu adam cəhənnəmlik olsa, möminlər deyərlər: «Ey Allah! Bu həmin o adamdır ki, bizim üçün dua edib. Bizim şəfaətimizi ona şamil et!». Allah şəfaətləri qəbul edər və həmin adama cəhənnəmdən nicat verər».

Duanın gizlində yoxsa aşkarda edilməsinə gəlincə, bunların hər ikisini müsbət qarşılayan hədislər var. Imam Riza (ə) bir gizli duanı 70 aşkar duaya bərabər tuturdu. Qurandakı «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» (Əraf, 55) ayəsində də bu cür dua etmək məsləhət görülüb.
Amma bununla yanaşı, möminlərin bir yerə toplaşaraq kütləvi şəkildə dua etmələri, bir-birinin duasına amin demələri də Islam müqəddəsləri tərəfindən müsbət qarşılanıb. Imam Sadiq (ə) rəvayət edirdi ki, atası Imam Baqirin (ə) başına kədərli bir hadisə gələndə həyat yoldaşlarını və uşaqların başına yığıb dua edər, onlar da amin söyləyərdilər. Hədislərdə buyurulub ki, dua edənlə amin deyən savabda şərikdirlər.

Duaların müstəcab olduğu vaxtlar və məkanlar haqqında da məsumların kəlamlarında müəyyən qeydlərə rast gəlirik. Məsələn, Imam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk qətrəsi yerə töküləndə.
Başqa bir hədisdə Imam Sadiq (ə) duaların müstəcab olduğu vaxtları belə xatırladır: vitr namazında, fəcrdən (sübh namazından) sonra, zöhrdən sonra və məğribdən sonra.
Həzrət Əli (ə) dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda.
Imam Baqir (ə) adətən zöhr vaxtı ehtiyaclılara sədəqə paylayar, ətir səpib məscidə gedər, orada namaz qılıb dua edərdi.
Duaların müstəcab olduğu yerlər barədə dini kitablardakı məlumatlardan aydın olur ki, Allah-təala hər yerdə edilən duaları eşitsə də, bəzi mübarək məkanlarda edilən duaları daha çox bəyənər və tez yerinə yetirər. Peyğəmbərlərin, imamların, övliya və möminlərin məzarının yanında, müqəddəs ziyarətgahlarda, məscidlərdə edilən dualar daha qiymətlidir. Hətta mömin şəxs öz valideyninin məzarı üstündə dua etsə, tez qəbul olar. Müfəzzəl ibn Ömər və Mühəmməd ibn Müslim hər ikisi müstəqil sənədlərlə Imam Sadiqdən (ə) rəvayət ediblər ki, Imam Əli (ə) buyurub: «Ölülərinizi ziyarət edin; həqiqətən, onlar sizin ziyarətinizə sevinərlər. Sizlərdən hər biri öz ehtiyacını atasının və anasının məzarı yanında istəsin və onların bağışlanması üçün dua etsin».

Bəzi şəxslərin duası Allah dərgahında daha tez müstəcab olar. Istər bu adamlar xeyir-dua etsinlər, istərsə də bəd-dua – onların istəyi Allah tərəfindən razılıqla qarşılanar. Müxtəlif hədislərə görə, müstəcab olan dualara bunlar aiddir:
- Peyğəmbərlərin duası.
- Ədalətli imamların (müsəlmanların rəhbərlərinin) duası.
- Allah yolunda döyüşən əsgərin duası.
- Həccdə olan şəxsin duası.
- Atanın övlad üçün və övladın ata üçün duası. Xüsusilə, atanın övlada qarğışı tez tutar.
- Zülm görmüş məzlumun intiqam duası.
- Oruc tutmuş adamın iftar vaxtına kimi duası.
- Mömin şəxsin öz din qardaşı üçün xeyir-duası (Din qardaşı üçün istədiyinin bir neçə mislini Allah o adamın özünə verər).

Əksinə, aşağıda sadalanan adamların duası Allah dərgahında cavabsız qalar:
- Evdə bekar oturub çörək qazanmaq xatirinə işləməyən və ruzi üçün Allaha dua edən şəxs.
- Sərvətini lazımsız yerlərə xərcləyib müflis olan və Allahdan var-dövlət istəyən adam.
- Şahidsiz borc verən adam (səhlənkarlıq etdiyi üçün duası qəbul olmaz).
- Arvadından narazı qalıb ona qarğış tökən ər. Mələklər ona deyərlər: «Məgər arvadına talaq verə bilmirsənmi?».

islam.az

Please publish modules in offcanvas position.