Haram tikənin dünya və axirət nəticələri

/ Şənbə, 25 Fevral 2012 15:19
Haram tikənin dünya və axirət nəticələri

"Bəndə haram tikə yesə, göylərdəki və yerdəki bütün mələklər ona lənət oxuyarlar.
Nə qədər ki haram tikə onun mədəsindədir, Allah ona mərhəmət etməz.
Kim haram tikə yesə, Allahın qəzəbinə tuş gələr. Tövbə etsə, Allah onu bağışlayar.
Tövbə etmədən ölsə, cəhənnəm alovuna layiq olar".

Həzrət Mühəmməd Peyğəmbər (s).


Haramzada oğul

Keçmiş zamanlarda böyük müsəlman şəhərlərinin birində möhtərəm bir ruhani alim yaşayırdı. Alimin yeniyetmə yaşlarında bir oğlu vardı. Uzaq məmləkətlərdən şəhərə gələn ticarət karvanları karvansarada dayanırdı. Tacirlər dəvələri və yükləri karvansaranın həyətində buraxıb, özləri içəri hücrələrdə istirahət edirdilər. Lakin hər dəfə yüklərinin yanına qayıdanda su doldurulmuş tuluqların deşildiyini və suyun axıb-getdiyini görürdülər. Bu vəziyyət uzun müddət davam etdi. Axırda karvansara xidmətçiləri qərara gəldilər ki, bu hərəkətin kim tərəfindən törədildiyini bilmək üçün gizlənib pussunlar. Bu zaman onlar qətiyyən gözləmədikləri bir hadisə ilə rastlaşdılar. Su tuluqlarını iynə ilə deşib yararsız hala salan həmin ruhani alimin oğlu idi!

Karvansara xidmətçiləri alimin yanına gəlib hadisəni ona danışırlar. Ata baş verənlərdən çox təsirlənir. Necə ola bilər ki, onun kimi halal-harama diqqətlə yanaşan, ömrünü dinə həsr edən bir adamın oğlu bu cür mərdümazarlıq etsin?! Alim çox fikirləşdikdən sonra qərara gəlir ki, bu sualın cavabını yalnız öz həyat yoldaşından öyrənə bilər.

Həyat yoldaşının yanına gəlib deyir: “Bizim oğlumuz camaata əziyyət verir, haramzadalıq edir. Bunun səbəbi yalnız onun uşaqlıqdakı qidası ilə bağlı ola bilər. Mən nə qədər fikirləşirəmsə, evə bir tikə də olsun, haram çörək gətirdiyim gün yadıma düşmür. Mənim çörəyim uşağı bu vəziyyətə sala bilməz. Deməli, səbəb səndədir. Uşağın bu hala düşməyinin kökü ya sənin hamiləlik dövrünlə, ya da körpəni ana südü ilə bəslədiyin vaxtlarla bağlıdır. Həmin vaxtları yadına sal; o zamanlar hər hansı haram qida yemisənmi?”.

Ana xeyli fikirləşəndən sonra bir hadisəni xatırlayıb deyir: “Mən bu uşağa hamilə olan zaman bir gün qonşunun həyətində bitən nar ağacına gözüm sataşdı. Ağacın bir budağı bizim həyətimizə uzanmışdı. Birdən-birə nar yemək istədim. (Qadınlar hamiləlik zamanı bəzən hər hansı qidaya güclü istək hiss edirlər). Nə qədər nəfsimi cilovlamağa çalışdımsa bacarmadım. Qonşu evdə olmadığına görə ağacdan icazəsiz nar dərməyə cürət etmədim. Əlacsız qalıb ağacdakı narların birinin qabığına iynə batırdım, sıxıb şirəsindən bir qədər içdim. Bu yolla nəfsimi rahatladım”.

Alim öz həyat yoldaşının sözlərini dinləyib deyir: “Başımıza gələnlərin səbəbi elə həmin hadisədir. Sən qonşunun icazəsi olmadan onun ağacındakı narı iynə ilə deşib şirəsindən içəndə bətnində olan uşaq da səninlə birlikdə həmin haramdan dadmışdı. Indi o da həmin qayda ilə tacir-lərin su tuluqlarını deşib suyu yerə axıdır”.


Dinini yeməyə satan alim

Şüreyk ibn Abdullah Nəxəi Kufi öz zəmanəsində iti zəkalı hazırcavab mütəfəkkir kimi məşhur idi. Ömrünün bir hissəsini dünya malından uzaq, zahidanə yaşamaqla keçirmişdi. Amma sonralar Şüreyk böyük dövlət işlərinə qoşulur, Abbasi xəlifələri tərəfindən Kufə və Əhvaz şəhərlərinin qazisi təyin edilir. Onun xəlifələrlə yaxınlığının tarixçəsini kitablarda belə təsvir edirlər:

Bir gün Abbasi xəlifəsi Mehdi Şüreyki yanına çağırıb deyir: “Gərək mənim üç təklifimdən birinə razı olasan: ya qazilik vəzifəsini qəbul edəsən, ya övladlarıma hədis dərsi deyəsən, ya da bu gün mənim sarayımda yemək yeyəsən”. Şüreyk düşünür ki, bu üç təklifdən iman üçün ən az zərər-lisi axırıncısıdır. Çünki o zamana kimi dövlət işlərinə qarışmağı özünə rəva bilmədiyi üçün qaziliyi qəbul etmək ona ağır gəlirdi. Saraydan uzaq qaçdığına görə xəlifənin övladlarına dərs demək də istəmirdi. Çıxış yolu üçüncü təkliflə razılaşmaq, yəni sarayda nahar süfrəsinə qatılmaq idi. Bircə dəfə sarayda yeməklə onun imanına nə olacaqdı ki?

Bu düşüncə ilə Şüreyk üçüncü yolu seçir. Xəlifənin əmri ilə ondan ötrü ən ləziz və ekzotik yeməklərdən ibarət süfrə açılır. Şüreyk indiyə kimi üzünü görmədiyi xörəkləri acgözlüklə yeməyə başlayır. Xəlifənin aşpazı onu müşahidə edərək yavaşca deyir: “Şeyx bu xörəkləri yeyəndən sonra xəlifənin bütün tapşırıqlarına razılıq verəcək”.
Həqiqətən, belə də olur. Həmin nahar yeməyindən sonra Şüreyk əvvəlcə xəlifənin oğullarına müəllimlik etməyi öhdəyə alır. Daha sonra isə qazilik vəzifəsini qəbul edir.
Ondan ötrü aylıq məvacib təyin edirlər. Bir gün məvacibini almaq üçün saraya gedəndə xəzinə məmuru ona deyir ki, pul bir qədər gecikib, bir neçə gündən sonra olacaq. Şüreyk o qədər narazılıq edir ki, xəzinə məmuru hirslənib deyir: “Nə olub? Niyə tələsirsən? Məgər bizə buğda satmısan ki, indi pulunu tələb edirsən?”. Şüreyk cavab verir: “Buğda yox, bundan da qiymətli bir şeyi – dinimi satmışam!” (Məsudi. Mürucüz-zəhəb, III, 310).


Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.