Gəlin taniş olaq! Mənim adim İblisdir! (silsilənin üçüncü məqaləsi)

/ Çərşənbə, 29 Fevral 2012 16:09
Gəlin taniş olaq! Mənim adim İblisdir! (silsilənin üçüncü məqaləsi)

İblis insanlari necə aldadir?

”Şübhəsiz ki, o (şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər“ (Əraf, 27).

Şeytanın hər kəsə qarşı silahı fərqlidir. O, insanın təbiətini gözəl bildiyi üçün hər bir xasiyyətə, əxlaqa, peşəyə malik olan adamın zəif yerlərini də gözəl tanıyır. Şeytan həmin adamları məhz zəif nöqtələrindən vurmağa çalışır. Məsələn, hamımıza yaxşı tanış olan Həzrət İbrahim Peyğəmbərin (ə) əhvalatında olduğu kimi. 100 illik intizardan sonra qazandığı yeganə oğlunu – İsmaili qurban kəsmək barədə Allahdan əmr alan qoca İbrahim (ə) İblisin vəsvəsələri ilə qarşılaşır. İblis İbrahimin (ə) həyatında oğlunun hansı yeri tutduğunu yaxşı bilir, ona görə də bu qocaman peyğəmbəri yolundan azdırmaq üçün gözəl fürsət yarandığını anlayır. Bütün gücünü işə salaraq əvvəlcə İbrahimi (ə), daha sonra həyat yoldaşı Hacəri, axırda isə İsmaili aldatmağa çalışır. Amma bunların hər üçünün imanı İblisə qalib gəlir. Onlar insanlığın hiyləgər düşməninə yox deməyi bacarır və onu qovub özlərindən uzaqlaşdırırlar. Deyirlər ki, İblisə məxsus olan “rəcim”, yəni qovulmuş ləqəbi də buradan yaranıb.
Şəhid Əli Şəriəti və sair mütəfəkkirlərin fikrincə, hər kəsin qəlbində öz İsmaili var. Bu qüvvəyə olan sevgi və bağlılıq onun bütün vücudunu bürüyüb. Hər kəs öz İsmailini itirməmək xatirinə çox şeyə hazırdır. Kimisi üçün bu, pul və sərvətdir, kimisi üçün qadın və eyş-işrətdir, kimisi üçün də şan-şöhrət və vəzifədir. İblisə qalib gələ bilmək üçün bu bağlılıqların hamısını lazım olan anda Allaha qurban verməyi bacarmaq lazımdır.

İblisin insanları aldatmaq üsulları barədə tarix boyunca istər ayrıca kitablar yazılmış, istərsə də müxtəlif mənbələrdə pərakəndə məlumatlar verilmişdir. Xüsusilə, böyük şəxsiyyətlərin həyatından bəhs edən əsərlərdə onların nəfsani istəklərə və şeytani vəsvəsələrə necə qalib gəldikləri təsirli boyalarla işıqlandırılıb. Bu mövzuda qələmə alınmış müstəqil əsərlərə gəlincə, onların sırasında miladi XII əsrdə yaşamış məşhur müsəlman alimlərindən İbn əl-Cövzinin qələmə aldığı ”Təlbisü İblis“ (yəni İblisin hiylələri, yalançı libasları) kitabı xüsusi yer tutur. Bu kitabda müəllif İblisin müxtəlif insanları necə aldatdığını nəzəri şəkildə izah edir, bəzən buna misallar da gətirir. Kitab 13 babdan (fəsildən) ibarətdir. İlk dörd bab giriş rolunu oynayır. Növbəti 9 babın hər birində İbn əl-Cövzi Iblisin müxtəlif istiqamətlərdə işlətdiyi hiylələri təsvir edir: ibadət və din məsələlərində İblisin hiylələri, alimləri, hökmdarları, abidəri (ibadət əhlini), zahidləri, sufiləri, kəramət əhlini (övlyaları), sıravi insanları aldatmaq üsulları, insan qəlbində İblisin yaratdığı mənasız xəyallar və əbəs arzular.

Dini məzmunlu kitabların bir qismində İblisin hiylələrinə qalib gələnlərlə yanaşı, bu mübarizədə məğlub olan və qəlbini şeytana satan adamların da əhvalatı ətraflı şəkildə təsvir edilib. Aşağıda çeşidli mənbələrə istinadən, İblisin müxtəlif şəxslərə qurduğu hiylələr və həmin şəxslərin bu sınaqlardan necə çıxması barədə maraqlı əhvalatların bir qismini diqqətinizə təqdim edirik.


İblisin birinci hiyləsi: SƏRVƏT və PUL

Dünya malına münasibətdə iradəsi zəif və nəfsi acgöz olan insanlara qarşı İblisin ən sevimli hiyləsi onları pulla və sərvətlə aldatmaqdır. Bu zaman bəzi insanlar şeytana uyub elə dəhşətli cinayətlər törətmişlər ki, İblis sözün həqiqi mənasında onlarla fəxr edə bilər.

a. Ömər ibn Səd

Ömər ibn Səd məşhur səhabə Səd ibn Əbu Vəqqasın oğludur. Kərbəla olayından azacıq əvvəl onu Rey şəhərinə vali təyin etmişdilər. O zamanlar Rey İranın strateji əhəmiyyətə malik nöqtələrindən sayılırdı. Xəzərin cənubunda yerləşən Deyləm vilayətinin yerli əyanları Reyi ələ keçirib öz ərazilərinə qatmaq istəyirdilər. Ömər ibn Sədi Reyə göndərirdilər ki, orada Əməvilərin nüfuzunu gücləndirsin. Ömər qazandığı vəzifəyə sevinir və yola çıxmağa hazırlaşırdı ki, Kufə valisi Übeydullah ibn Ziyad onu yanına çağırdı (Öməri Rey şəhərinə vali təyin etmək barədə fərmanı o imzalamışdı). İbn Ziyad Ömərdən tələb etdi ki, özü ilə qoşun götürsün və Kərbəla səhrasında köç salmış İmam Hüseynin (ə) düşərgəsini mühasirəyə alsın. Ömər bu məsələnin müharibə və qan-qada ilə bitəcəyini bildiyi üçün əvvəlcə imtina etməyə çalışdı. Amma İbn Ziyad qəti şəkildə bildirdi ki, əgər Reyin hakimi olmaq istəyirsə, əvvəlcə bu tapşırığı yerinə yetirməlidir; əks halda çox sevdiyi vəzifənin üzünü görməyəcək.

Ömər fikirləşmək üçün bir gün möhlət istədi. Ailə üzvləri, qohumları və dostları onu bu fəlakətli təklifi qəbul etməkdən çəkindirməyə çalışdılar, Peyğəmbərin nəvəsi ilə döyüşməyin böyük günah olduğunu söylədilər. Deyirlər ki, Ömər ibn Səd bütün gecəni yatmamış, düşünüb-daşınmışdı. Qarşısındakı iki yolu müqayisə edərək öz-özünə zümzümə edirmiş.

Allahla Şeytanın, haqla batilin mübarizəsi Ömər ibn Səd üçün faciəli bir nəticə ilə sona çatdı. O, batilə qoşulmağı üstün tutdu, hakimiyyət, vəzifə, sərvət sevgisi Ömərin imanına qalib gəldi. Və o, tarixin ən dəhşətli faciəsində – İmam Hüseynin (ə) qətlində əsas səbəbkarlardan biri olmaq günahını boynuna götürməyə razı oldu. Rey şəhəri Ömərə qismət olmadı. Aşura faciəsindən bir neçə il sonra Muxtarın əmri ilə Kərbəla faciəsində əli olanlarla bir sırada Ömər ibn Sədi də qətlə yetirdilər.

b. Peyğəmbərin hədisini pula satan səhabə

Səmürə ibn Cündəb adlı səhabə Müaviyənin zamanında böyük hörmətə sahib idi. Yuxarıda adı çəkilən Kufə valisi Übeydullah ibn Ziyadın atası, qəddarlıqda ad çıxarmış Ziyad ibn Əbihi vaxtilə Iraq valisi olarkən Səmürə onun köməkçisi kimi fəaliyyət göstərirdi. Bir gün Müaviyə Səmürə ibn Cündəbə yüz min dirhəm pul göndərib tələb etdi ki, Qurani-kərimdəki «İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır» (Bəqərə, 204) ayəsinin guya Əli ibn Əbutalib (ə) barəsində, «İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır» (Bəqərə, 207) ayəsinin isə o həzrəti şəhid etmiş Əbdürrəhman ibn Mülcəm barəsində nazil olduğu haqqında Peyğəmbərdən yalan hədis uydurub, xütbə zamanı camaat üçün söyləsin. Halbuki, məhz ikinci ayə İmam Əlinin (ə) şənində nazil olub və bütün təfsir alimləri bunu təsdiq edirlər. Səmürə verilən məbləğlə razılaşmayıb təklifi rədd etdi. Müaviyə məbləği ikiqat artırıb ik yüz min dirhəm göndərdi. Səmürə yenə mənfi cavab verdi. Üç yüz min dirhəm təklifinə də onun cavabı mənfi oldu. Axırda Müaviyə pulu dörd yüz min dirhəmə çatdırdı. Bu dəfə Səmürə razı olub, onun istədiyi yalan hədisi camaat üçün rəvayət etdi.

c. Şeytanın zəncirindən qurtulan müctəhid

Bir gün məşhur mərceyi-təqlid Şeyx Mürtəza Ənsarinin tələbələrindən biri yuxuda şeytanı görür. Şeytan əlində bir yığın kəndir və zəncir tutubmuş. Tələbə bunların nə olduğunu soruşanda şeytan deyir: ”Bu zəncirləri adamların boynuna bağlayıb özümə ram edirəm. Hər kəsə uyğun olan zəncirim var“. Sonra şeytan söünə davam edir: ”Dünən sənin müəlliminin də boynuna zəncir salıb, ev ilə bazar arasındakı küçə boyunca sürüyürdüm. Amma yarıyolda zənciri qırıb qaçdı“.

Tələbə Şeyx Ənsari ilə görüşəndə yuxusunu ona danışır və mənası ilə maraqlanır. Şeyx cavab verir: ”Şeytan düz deyir. Dünən az qalmışdı ki, məni də özünə qul etsin. Amma Allahın yardımı ilə onun əlindən qurtuldum. Dunən pulum tamam qurtarmışdı. Evdə yeməyə də heç nə yox idi. Birdən ağlıma gəldi ki, evdəki xüms-zəkat pullarından bir riyal borc götürüb bazarlıq edim, əlimə pul gələn kimi qaytarıb yerinə qoyaram. Bu fikirlə puldan bir az götürüb evdən çıxdım. Yolun yarısını keçəndən sonra düşünüb öz-özümə dedim ki, axı, bu püllar mənim yanımda əmanət qoyulub. Mən onları ehtiyacı olanlara çatdırmalıyam. Mənə yaraşarmı ki, əmanət pula əlimi vurum?! Yarıyoldan evə qayıdıb pulu yerinə qoydum. Beləliklə, Şeytanın pəncəsindən özümü xilas etdim“.

(ardı var)



islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.