Axirəz-zamanin əlamətlərindən “Elə bir zaman gələr ki...”

/ Cümə axşamı, 01 Mart 2012 16:13
Axirəz-zamanin əlamətlərindən “Elə bir zaman gələr ki...”

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

”Axirəz-zamanda ümmətimin içindən bir dəstə peyda olar ki, onlar məsciddə oturub dünyadan və dünya sevgisindən danışarlar. Onlarla qaynayıb-qarışmayın. Çünki Allahın onlara ehtiyacı yoxdur. (Yəni onlar Allaha bəndəlik etməzlər və Allah onları öz bəndəsi saymaz)“.


”Ümmətim üçün elə bir zaman gələr ki, qoyun canavardan qaçan kimi onlar da alimlərdən qaçarlar (uzaqlaşarlar). Bu zaman Allah onlara 3 cür bəla göndərər: onların mal-dövlətlərindən bərəkəti götürər, onların üzərində zalım padşahı hökmran edər və onları imansız halda dünyadan aparar“.

”Insanlar üçün elə bir zaman gələr ki, səbrlə öz dininə əməl edən adam ovcunda köz tutmuş kimi olar (yəni dini həyat yaşamaq bu qədər çətinləşər)“.

”Insanlar üçün elə bir zaman gələr ki, onların hökmdarları zalım, alimləri tamahkar, abidləri riyakar, tacirləri sələmçi olarlar. Onların qadınları dünyanın bər-bəzəynə uyarlar. Oğlanlar ancaq evlənmək həvəsinə düşərlər. Ümmətim kasıblaşar (həm maddi, həm də mənəvi mənada), necə ki, onların bazarları da yoxsullaşar və inkişaf etməz. Qəbrlərdəki ölülər də onların xeyrindən ümidlərini kəsərlər (yəni ölüləri yad etməz, onlara rəhmət deməzlər). Yaxşılar onların arasında yaşamazlar. Belə bir zamanda o cəmiyyətdən qaçmaq orada yaşamaqdan daha yaxşı olar“.

”Axirəz-zamanda elə bir dəstə ortaya çıxar ki, onlar günah edəndən sonra deyərlər: “Allahın qəzavü-qədəri bizi buna məcbur etdi”. O zaman kim onlarla mübarizə aparsa, Allah yolunda savaşmış kimi savab qazanar“.

”Insanlar üçün elə bir zaman gələr ki, onlar üçün tanrı – öz qarınları, qiblə – öz qadınları, din – pulları, şərəf isə mal-dövlətləri olar. Imandan yalnız quru ad, Islamdan – xatirə, Qurandan isə dərslər qalar (yəni yalnız Quran oxumağı öyrənər, hökmlərinə əməl etməzlər). Onların məscidləri abad, qəlbləri isə hidayətdən uzaq xarabalıq olar. Alimlər yer üzündə insanların ən pisi olarlar. Bu zaman Allah onları dörd cür bəla ilə sınağa çəkər: hökmdarın zülmü, zəmanənin qıtlığı, valinin və hakimin zülmkarlığı“. Səhabələr təəccüblə soruşdular: ”Ey Allahın Rəsulu! Məgər onlar bütə tapınacaqlar?“. Peyğəmbər cavab verdi: ”Bəli, onların bütü pul olacaq“.

”Insanlar üçün elə bir zaman gələr ki, onların zahiri görünüşləri insan qiyafəsinə, qəlbləri isə şeytan qəlbinə bənzəyər. Qorxulu canavar kimi qan tökərlər, pis işlərdən çəkinməzlər. Əgər onlara qoşulsan, səni təqsirkar bilərlər. Əgər onlarla danışsan, səni təkzib edib yalançı adı qoyarlar. Əgər onların gözündən uzaq olsan, sənin qeybətini danışarlar. Onlar üçün sünnə bidət sayılar, bidət isə sünnə hesab edilər. Helmli (mülayim) insanı hiyləgər adlandırarlar, hiyləgəri isə helmli sayarlar. Onların içində mömin məzlumluqla yaşayar, fasiq (günahkar) isə hörmət sahibi olar. Onların uşaqları mərdümazar, qadınları – bədəxlaq olarlar. Qocaları camaatı yaxşılığa çağırmaz, pis işlərdən çəkindirməzlər (yəni ağsaqqallıq edib nəsihət verməzlər). Onlara sığınmaq xar olmağa bərabərdir. Onlara arxalanmaq zillətdir. Malik olduqları şeyi onlardan istəmək fəqirlikdir (yəni onlardan bir şey istəyəndə verməz və insanı kasıblıq içində qoyarlar, ya da verdiklərində xeyir-bərəkət olmaz). Buna görə Allah səmadan onlara yağışı öz vaxtında deyil, başqa vaxtda (başqa mövsümdə, xeyri olmayan bir zamanda) yağdırar. Allah onların ən pisini onlara hökmran edər ki, onlara ən dözülməz zülmləri versin. Həmin hökmdarlar onların uşaqlarını öldürər, qocalarını sağ buraxarlar. O camaatın yaxşıları dua edərlər, amma duaları müstəcab olmaz“.

Peyğəmbər bir dəstə uşağa baxıb buyurdu: ”Axirəz-zamanda yaşayacaq uşaqların vay halına ki, öz atalarından nələr çəkəcəklər!“. Səhabələr soruşdular: ”Ey Allahın Rəsulu! O uşaqların ataları müşrik olacaqlar?“. Peyğəmbər cavab verdi: ”Xeyr, mömin olacaqlar. Amma onlara dindən heç nə öyrətməyəcəklər. Əksinə, uşaq nə isə öyrənmək istəsə, ona mane olacaqlar ki, qoy uşaq az da olsa dünya malı qazansın. Mən onlardan bizaram (narazıyam, uzağam), onlar da məndən bizardırlar (yəni mənim sünnəmlə getməzlər)“.

Imam Əli ibn Əbu Talib (ə) buyurub: ”Zamanların ən pisi olan axirəz-zamanda və qiyamət ərəfəsində elə qadınlar peyda olarlar ki, bədənlərinin örtülməli olan yerlərini açar, dini bir kənara atar, fitnələrə (hərc-mərc işlərə) qoşular, şəhvətə meyl edər, ləzzətə tərəf qaçar, haramı halal bilər və bütün bunlara görə də cəhənnəmə düşüb orada əbədi qalarlar“.



islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.