Ziyarət qaydaları: Halallar və haramlar (İkinci hissə)

/ Çərşənbə, 25 Mart 2020 19:28
Ziyarət qaydaları: Halallar və haramlar (İkinci hissə)

(Əvvəli:    https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/4021-ziyaraet-zhaydalar-halallar-vae-haramlar-birindzi-hissae)

Ötən məqalədə diri insanların ziyarətinə getmək və rəhmətə getmiş qohumların, dostların, dindaşların məzarını ziyarət etmək barədə danışıldı. Bu məqalədə isə ziyarətin daha geniş yayılmış növü olan müqəddəs məkanları ziyarət etmək qaydaları haqqında söhbət açacağıq.

Müqəddəs məkanlar iki hissəyə bölünür: Birincisi, müqəddəs şəxslərin (peyğəmbər, imam, imamzadə, övliya və ya nəcib seyyidin) qəbri üzərində tikilmiş məqbərələr. Ikincisi, içində heç kimin dəfn edilmədiyi, amma müqəddəslərlə əlaqəsi olan, məsələn, imamın və ya imamzadənin vaxtilə gəlmiş olduğu yerdə inşa edilən, hər hansı dini hadisə ilə bağlı olan ziyarətgahlar.

Hər şeydən öncə bunu deyək ki, məsum və müqəddəs şəxsin sağlığında onu ziyarət etmək üçün lazım olan qaydalar onun məzarının ziyarəti üçün də qüvvədə qalır. Məsələn, hədislərdən məlum olur ki, imamların sağlığında onların görüşünə gedən şəxsin cənabətli olması mənfi hal sayılırdı. Məşhur ravi Əbu Bəsir bir gün Imam Cəfər Sadiqin (ə) hüzuruna cənabətli halda gələndə Imam onu tənbeh edib buyurmuşdu: «Ey Əbu Bəsir! Məgər bilmirsənmi ki, peyğəmbərlərin evinə cənabətli adamın daxil olması yaraşmaz?». Əbu Bəsir bu sözlərdən sonra geri qayıtmış, onu müşayiət edənlər isə Imamın yanında qalmışdılar. Bu hədisdə Imam Sadiqin (ə) evi Peyğəmbərin evinə bərabər tutulub. Çünki imamlar Peyğəmbərin əhli-beyti və övladı sayılırlar. Həm də onların irsən Mədinədə yaşadıqları ev vaxtilə Peyğəmbərin qızı Fatimə (ə) ilə Həzrət Əlinin (ə) yaşamış olduğu ev idi.

Müqəddəs məkanlara ziyarətə gedən şəxs yaxşı olar ki, evdən çıxanda müstəhəb qüsl alsın, təmiz və təzə paltarlarını geyinsin, ətir vursun. Bu, həm ziyarətinə getdiyi məzara hörmət əlamətidir, həm də Islamın çox mühüm saydığı təmizlik və səliqənin qorunması üçündür. Əksər ziyarətgahlar adətən izdihamlı olur. Zəvvar təmiz geyinməlidr ki, onun bədənindən və paltarından ətrafdakıları narahat edə biləcək pis qoxu gəlməsin.

Peyğəmbərlərin və imamların ziyarətgahına daxil olmazdan əvvəl «daxil olmaq izni» (izni-düxul) adlı dua oxuyurlar. Bu da yuxarıda deyildiyi kimi, müqəddəs şəxsə sanki diri imiş kimi münasibət göstərməkdən irəli gəlir. Islam qaydalarına görə, nəinki peyğəmbərin və imamın, hətta hər hansı sıravi adamın evinə də daxil olmazdan qabaq icazə almaq, salam və ya başqa bir üsulla xəbərdarlıq etmək lazımdır: «Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın» (Nur, 61). Elə bu ayədəki salam vermək əmrinə görədir ki, müqəddəslərin bütün ziyarətnamələri «əs-səlamü əleyk» cümləsi ilə başlayır.

Islam böyüklərinin – peyğəmbərlərin, imamların və imamzadələrin məzarını ziyarət edən zaman «ziyarətnamə» adlı xüsusi dualar oxuyurlar. Dua kitablarında hər bir müqəddəs şəxsə aid fərqli ziyarətnamələr mövcuddur. Hətta bəzən eyni bir müqəddəsin məzarını müxtəlif günlərdə ziyarət edəndə ayrı-ayrı ziyarətnamələr oxuyurlar. Məsələn, Imam Hüseynin (ə) aşura günündə, rəcəb ayının əvvəlində, rəcəb ayının ortasında, şəban ayının ortasında, Qədr gecələrində, Fitr və Qurban bayramı günlərində, ərəfə günündə, ərbəin günündə oxunması müstəhəb sayılan ziyarətnamələri var.

Ziyarəti həftənin cümə günündə, həmçinin, Islam təqviminin əlamətdar tarixlərində yerinə yetirmək daha yaxşıdır. Bəzən insanlar yalnız çətinlikləri olanda mədəd ummaq üçün ziyarətgaha gedir, oraya nəzir deyirlər. Əlbəttə, bu iş günah deyil. Amma ən üstün ziyarət odur ki, insan onu heç bir vacib ehtiyacı olmadığı günlərdə, həyatının şad vaxtında yerinə yetirsin. Bu, əsl ixlasla, təmənnasız edilən ziyarətdir.

Ziyarət zamanı ən yaxşısı budur ki, insan yuxarıda haqqında danışılan ziyarətnamələri oxusun. Ziyarətnaməni ərəb dilində oxuya bilməyənlər tərcüməsi ilə tanış olmaq şərti ilə latın və kiril yazısının üzündən də oxuya bilərlər. Bundan əlavə, müqəddəs şəxsin ruhuna Qurandan surələr tilavət etmək, ənənəyə uyğun olaraq Fatihə və Ixlas surələrini, ya da Ya-Sin surəsini oxuyub tapşırmaq da müstəhəbdir.

Ziyarət zamanı orada dəfn edilmiş müqəddəs şəxsin fəzilətlərini, həyat tarixçəsini xatırlamaq və Onun böyüklüyünü səmimi qəlbdən etiraf etmək də yaxşı olar. Amma təəssüf ki, bəzən bir müqəddəs şəxsin məzarını ziyarət etməyə gedən adam nəinki həmin müqəddəsin həyatı haqqında heç bir məlumata sahib olmur, hətta bəzən onun kim olduğunu belə bilmir, adını doğru-düzgün şəkildə söyləməyi bacarmır.

Bu mənada insan getdiyi ziyarətgahın tarixçəsini öyrənməli, onun etibarlılıq dərəcəsi ilə maraqlanmalıdır. Günümüzdə kifayət qədər şübhəli tarixə malik olan və ya saxta yaradılmış «ziyarətgahlar» mövcuddur. Ömrü boyu Ərəbistandan kənara çıxmamış müqəddəslərin Azərbaycanda qədəmgah və məzarları fəaliyyət göstərir, tarixi kimliyi sübuta yetməmiş şəxslərin yalançı şəcərəsi yaradılır və guya filan Imamın nəslindən olduqları iddia edilir.

Müqəddəs şəxslərin məzarı üzərində tikilmiş komplekslərdə ibadət etmək, namaz qılmaq da caizdir. Bəzən savadsız insanlar buna etiraz edib deyirlər ki, axı, Islam dininə görə qəbristanlıqda namaz qılmaq məkruh sayılır! Bu, həqiqətən belədir. Qəbristanlığın içindəki hər hansı mübarək məzarı ziyarət edən adam elə orada namaz qılmağa başlasa, onun bu hərəkəti dini qanunlarımıza görə müsbət qarşılanmayasaq. Çünki əvvəla, o öz hərəkəti ilə başqalarının ziyarətinə maneçilik törədəcək və asayişi pozacaq. Ikincisi, qəbristanlığın içində hansı güşəyə çəkilsə də, yenə hər hansı məzarın arxasında durmaş olacaq və namaz zamanı üzünü məzara çevirmiş sayılacaq. Məzarı qiblə kimi tutaraq namaz qılmaq isə məkruh əməldir.

Amma Islam tarixinin ilk dövrlərindən başlayaraq tikilən böyük ziyarətgahların hamısında bu problemin həlli üçün tədbir görülüb. Ziyarətgahlarda adətən, qəbrin yerləşdiyi ziyarət salonundan əlavə, ibadət zalları da olur. Namaz qılmaq istəyən adam burada asanlıqla öz ibadətini icra edə bilər. Bu zaman o, nə Islam qanunlarını pozur, nə də başqalırına mane olur.

Ziyarətgahlarda sakitliyi pozmaq, ucadan danışmaq, gülmək, başqalarına mane olacaq dərəcədə uca səslə dua edib ağlamaq olmaz. Zəvvar ziyarətgahın daxilində hökm sürən hüzn və hüzur atmosferini pozmamalıdır. Imamın, imamzadənin, «ağır» seyyidin sağlığında hüzurunda nə cür rəftar etməyimiz lazım gələrdisə, məzarın kənarında da eyni cür rəftar etməliyik.

Amma bu, bəzi zəvvarların mövhumatdan irəli gələn əməllərinə haqq qazandırmır. Zəvvar bilməlidir ki, məzarda yatan şəxs nə qədər müqəddəs və möhtərəm olsa belə, nə onun özü Allaha, nə də məzarı Kəbəyə tay deyil. Bəzən zəvvarlar məzarın (və ya məzar üzərindəki məhəccərli zərihin) dövrəsində 3 və ya 7 dəfə fırlanırlar. Bu, Kəbəyə məxsus olan əməldir, Kəbədən savayı heç nəyin ətrafında ibadət niyyəti ilə fırlanmaq olmaz. Zəvvar məzarı hər tərəfdən görə bilmək və ya izdihamın arasında özü üçün uyğun bir yer seçmək məqsədi ilə fırlanıb hərəkət edə bilər. Amma bunu xüsusi bir ziyarət ayini kimi icra etmək haramdır.

Ziyarətgahlarda rast gəlinən şam yandırmaq ənənəsinin Islamla heç bir əlaqəsi yoxdur. Bu, xristian kilsələrinə aid olan bir əməldir. Keçmişdə elektrik işığı olmadığı üçün, binalar, o cümlədən, ziyarətgahlar da şamla işıqlandırılırdı. Hətta bu məqsədlə ziyarətgahlarda xüsusi xidmətçilər (xuddamlar) də fəaliyyət göstərirdilər. Hal-hazırda bütün ziyarətgahların daxilini elektrik lampaları ilə işıqlandırırlar və şam yandırmağa qətiyyən ehtiyac yoxdur. Ziyarətgahlarda ayin kimi şam yandırmaq Islamı xristianlığa qurban vermək hökmündədir və qadağandır.

Bəzi ziyarətgahlarda guya zəvvarın duasının qəbul olub-olmadığını bildirmək üçün orijinal yollardan istifadə edirlər. Məsələn, əgər zəvvarın divara və ya məzar daşına yapışdırdığı xırda pul, qənd yapışsa və qopub düşməsə, demək onun duası və nəziri qəbul olub. Və ya əgər ziyarətgahın tavanından asılmış zəncirin üstünə zəvvar qadının yaylığını atanda zəncir tərpənsə, deməli, niyyəti qəbuldur. Bəzən ziyarətin qəbul olmasını daşdakı oyuğun və ya qaya çapığının içindən zəvvarın keçə bilməsi ilə də ölçürlər. Bu kimi hallar mövhumat və xurafatdan başqa bir şey deyil.

Ziyarətə gedən adam evdən çıxanda öz niyyətini düzgün müəyyən etməlidr. Əgər o, ürəyindəki arzunun həyata keçməsini Allahdan deyil, ziyarətgahda uyuyan müqəddəsdən istəyirsə, onda bu ziyarət səfərinin lap əvvəldən şirk və günah olduğunu bilməlidir. Allaha aid olan məsələlərin həllini diri və ya ölü insandan (hər kim olursa-olsun, hətta peyğəmbər belə olsa) istəmək tək və qüdrətli olan Allaha şərik qoşmaq kimidir. Ziyarətgaha ona görə gedirlər ki, həmin məkanda Allahın mərhəməti və lütfü var, orada Allahın sevimli bəndəsi dəfn olunub. Allahın sevimli bəndəsini həm dirilikdə, həm də öləndən sonra (məzarını) ziyarət etmək savabdır. Insan ziyarətgahda dua edərkən yalnız və yalnız Allaha üz tutmalıdır, öz ehtiyacını Allahdan ummalıdır. Bu zaman Allahı həmin ziyarətgahın hörmətinə, orada uyuyan müqəddəs şəxsin məqamına and vermək olar. Yəni zəvvar belə məzmunda dua edə bilər: «Ilahi, Səni and verirəm bu məkanda yatan müqəddəs bəndənin hörmətinə, mənim filan çətinliyimi həll et!». Zəvvar bilməlidir ki, ehtiyacları qarşılayan, arzuları həyata keçirən, niyyətləri çin edən yalnız Allahdır. Insan yalnız Allah yanında şəksiz möhtərəm sayılan müqəddəs zatların ruhuna təvəssül edərək (bağlanaraq, arxalanaraq) Allaha dua etməlidir. Çünki heç bir müqəddəs ruhun özbaşına, Allahın icazəsi olmadan kimə isə yardım göstərmək ixtiyarı yoxdur.

Diqqət yetirilməli məsələlərdən biri də ziyarətgahlardakı nəzir qutuları problemidir. Əslində nəzir qutuları imkanlı adamların ianə və sədəqələrini ehtiyaclı şəxslərə yönəltmək və lazımi istiqamətə sərf etmək üçün gözəl vasitədir. Amma təəssüf ki, bəzi ziyarət məkanlarındakı nəzir qutularına toplanan pullar qeyri-şəffaf üsullarla şübhəli istiqamətlərə xərclənir. Ona görə də, zəvvarlara məsləhət görürük ki, əgər getdikləri ziyarətgahda toplanan nəzirlərin şəriətə və vicdana uyğun şəkildə sərf edildiyinə arxayındırlrsa, öz sədəqə və ianələrini oraya versinlər. Yox, əgər buna yəqinlikləri yoxdursa, onda özləri, getdikləri ziyarətgahdakı şəxsin adından müəyyən pul ayırıb (nəzir vermək istədikləri həcmdə), yaxın qonşu və qohumlardan başlayaraq ətrafdakı ehtiyaclı adamları aşkara çıxarıb, pullarını şəxsən onlara təqdim etsinlər. Bu zaman həm nəzirləri məhz həmin ziyarətgaha çatmiş sayılar, həm də məqsədyönlü xərclənmiş olar.

Please publish modules in offcanvas position.