Cənnətə aparan yollar

/ Çərşənbə axşamı, 24 Mart 2020 19:53
Cənnətə aparan yollar

“Sizin qiymətiniz yalnız cənnət ola bilər. Özünüzü bundan başqa bir qiymətə satmayın”.

Imam Əli (ə).

İnsanı cənnətə aparıb-çıxaran səbəblər içində ən mühümlərindən biri – ixlasla və səmimi qəlbdən Allaha iman etməkdir. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər kim: “Mən Rəbb olaraq Allahı, din olaraq Islamı, peyğəmbər olaraq Mühəmmədi bəyəndim” desə, cənnət ona vacib olar” (Sünənü Əbu Davud, hədis 1529). Peyğəmbər başqa bir hədisində “La hövlə və la qüvvətə illa billah” (Güc və qüdrət yalnız Allaha məxsusdur) zikrini cənnət xəzinələrindən biri adlandırmışdı (yux. mənbə, hədis 1526).

İmam Cəfər Sadiq (ə) buyururdu ki, “La ilahə illəllah” kəlməsi cənnətin qiymətidir (Mizanül-hikmə, hədis 2533). Amma əlbəttə ki, Allahın mükafatını qazanmaq üçün əqidə ilə yanaşı əməl də tələb olunur. Allaha inanan, kəlmeyi-şəhadəti dili ilə söyləyən adam əməldə də bunu təsdiq etməlidir. Hicrətin birinci əsrində yaşamış məşhur alim Vəhb ibn Münəbbehdən soruşdular ki, “La ilahə illəllah” kəlməsi həqiqətən cənnətin açarıdırmı? Vəhb cavab verdi: “Bəli, amma hər bir açarın dişləri olur. Kim dişləri olan açarla qapını açmaq istəsə, qapı açılar. Kim dişləri olmayan açarla gəlsə, qapı açılmaz” (Səhihül-Buxari, Kitabül-cənaiz). Burada açarın dişləri deyərkən vacib ibadətlər, saleh əməllər və gözəl əxlaqi keyfiyyətlər nəzərdə tutulur. İmam Əli (ə) saleh əməl etmədən cənnət arzusunda olmağı axmaqlıq sayır, saleh əməli, dünyada zöhdlə yaşamağı cənnətin qiyməti adlandırırdı (Ğürərül-hikəm, 5991, 4698 və 4700).

Deyilənlərə sübut olaraq, Qurani-kərimdə açıq şəkildə bildirilir ki, cənnət əhli imanla bərabər həm də saleh əməl sahibidir: “İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə, 82; həmçinin, Yunus, 9). Quranın başqa bir ayəsində bu iki keyfiyyətlə (xalis iman və saleh əməllə) yanaşı, Allahın qarşısında özünü əskik saymaq, hər bir əməldə Onun böyüklüyünü etiraf etmək də cənnət əhlinin xüsusiyyətlərindən sayılır: “İman gətirib yaxşı işlər görənlər və Rəbblərinin qarşısında təvazökarlıq edənlər isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!” (Hud, 23).

Cənnət əhlinin bir xüsusiyyəti də təqvaya sahib olmaqdır. Təqva - Allahdan qorxmaq, özünü həmişə Onun nəzarəti altında hiss etmək, halal və haramlara ciddi riayət etmək deməkdir. Həzrət Əli (ə) buyurub ki təqva bu gün (yəni dünya həyatında) sığınacaq və sipərdir, sabah (yəni axirətdə) isə cənnətə aparan yoldur. O həzrət cənnəti təqvalıların yurdu adlandırırdı (Ğürərül-hikəm, 3622 və 438). Qurani-kərimdə də təqvalılar (müttəqilər) cənnət əhli sayılır: “Təqvalılar isə cənnətlərdə və bulaqlar başında olacaqlar” (Hicr, 45). Aşağıdakı ayələrdə cənnətə layiq olan təqva sahiblərinin mənəvi aləminə daha geniş açıqlama gətirilir: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcək): “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!” (Qaf, 31-33).

Qurani-kərimin Rəd surəsində cənnət əhlinin daha bir neçə xüsusiyyəti bəyan edilir. Məsələn, Allahla bağladıqları əhdə (yəni Ona ibadət edəcəkləri və Onun əmrlərini qoruyacaqları barədə vədəyə) əməl etmək, qohumluq əlaqələrini pozmamaq, Allahdan və qiyamət əzabından qorxmaq, çətinliklərə səbr etmək, namaz qılmaq, gizli və aşkar şəkildə ehsan etmək, onlara edilən pisliyə yaxşılıqla cavab vermək. Bu üstünlüklərinə görə mələklər onları cənnətdə salamlayarlar (Rəd, 20-24).

Həzrət Əli (ə) cənnəti “mütilərin (yəni Allahın əmrlərinə itaət edənlərin) mükafatı”, “gözəl əməl sahibi olan möminə veriləcək əvəz” adlandırırdı. O həzrət səxavət sahiblərini, təqvalıları, ixlaslı bəndələri cənnət əhlinin ağaları (başçıları) hesab edir və buyururdu: “Cənnət əhli bütünlükdə təvazökar və yumşaq qəlbli möminlərdən ibarətdir” (bax: Ğürərül-hikəm, səh. 92-93).

Please publish modules in offcanvas position.