Peyğəmbərlər üçün nöqsan sayılan - Tərki-Övla nədir?

/ Bazar ertəsi, 27 Avqust 2012 20:25
Peyğəmbərlər üçün nöqsan sayılan - Tərki-Övla nədir?

Ərəb dilindən tərcüməsi “daha üstün olan əməli tərk etmək” deməkdir. Əsasən, cəfəri məzhəbinə aid əqidə kitablarında peyğəmbərlərin başına gələn bəzi hadisələrlə  bağlı bu termindən istifadə edilir.

Əhli-sünnə məzhəbinə görə, Allah tərəfindən peyğəmbər seçilməzdən əvvəl peyğəmbərlərin məsum (günahsız) olmaları vacib şərt deyil. Sünni məzhəbli müsəlmanların böyük əksəriyyətinin mənsub olduğu matüridiyyə əqidə məktəbinə görə, peyğəmbərlikdən əvvəl nadir hallarda günahın baş verməsi mümkün sayılır (Sabuni. Matüridiyyə əqaidi, səh. 54). Həmçinin, peyğəmbərlik dövründə də unutqanlıq və bilməməzlik üzündən zəllə adlanan kiçik xəta etmələri mümkündür. Allah-təala onların bu xətalarını dərhal düzəldib.

Şiə əqidəsinə görə, peyğəmbərlər mütləq mənada məsumdurlar. Onlar nə qəsdən, nə də bilməyərəkdən nə böyük, nə də kiçik günah etməzlər. Səhv, unutqanlıq onlardan uzaqdır. Peyğəmbərlər haram və məkrüh iş tutmazlar, yalnız vacib və müstəhəb əməllər edərlər. Amma peyğəmbərlərin həyatında elə anlar olub ki, onların hər hansı hərəkəti öz uca məqamlarına yaraşan olmayıb. Peyğəmbərlik məqamı onların bundan daha üstün bir yolu seçmələrini tələb edirdi. Məsələn, müstəhəb bir əməl etmək imkanı olduğu halda, mübah əməl etmişlər. Buna tərki-övla deyilir. Peyğəmbərlərin tərki-övla əməli qətiyyən günah sayılmır. Həmin əməli başqa insanlar etsələr, onlara günah yazılmaz; çünki bu əməl haram deyil.

Tərki-övlanın mahiyyətini daha yaxşı anlamaq üçün bir neçə misala müraciət edək. Məsələn, bir nəfər müstəhəb namaz qılmaq istədiyi vaxt onun üçün faydalı olan biliklərin müzakirə edildiyi elmi məclisə yolu düşür. Müstəhəb namaz qılmaq nə qədər savab olsa da, elm öyrənmək ondan daha vacib və daha xeyirlidir. Çünki Peyğəmbərimiz bir tərəfdə elm məclisinin qurulduğunu, digər tərəfdə müstəhəb namaz qılındığını görəndə, elm məclisinə qoşulmuşdu. Əgər kimsə bunu bildiyi halda müstəhəb namaz qılsa, tər-ki-övla etmiş olur; yəni savabı daha çox olan əməli buraxıb savabı daha az olan əməli yerinə yetirir. Yaxud təsəvvür edin ki, hər hansı xeyriyyə binasının tikilişi üçün camaatdan yardım istəyirlər. Orta yaşayış səviyyəsinə malik bir adam gəlib bir neçə manat məbləğində ianə verir. Bir fəhlə tikintidə üç gün pulsuz işləyəcəyini söyləyir. Onların bu əməli fədakarlıq və həqiqi ehsandır. Amma sərvətli bir insan tikintiyə onlar qədər yardım göstərsə, onlar qədər fədakarlıq etmiş olmayacaq. Çünki onun maddi imkanları ilə müqayisədə etdiyi yardım çox dəyərsizdir. Bu halda da həmin sərvətli şəxs tərki-övla etmiş sayılır. Çünki daha böyük həcmdə yardım edə bildiyi halda, dəyəri az olan yolu seçib.

Göründüyü kimi, yuxarıdakı vəziyyətlərdə nə müstəhəb namaz qılan şəxs, nə də az ianə verən sərvətli insan günah etməyib. Peyğəmbərlərin etdiyi tərki-övla əməllər də başqaları tərəfindən edilsə, heç bir əskikilik gətirməz. Lakin peyğəmbərlərin uca məqamına bu əməllər layiq deyil. Məsələn, Həzrət Yusif Peyğəmbər (ə) zindanda olanda iki nəfər keçmiş saray məmurunun yuxusunu yozur; onlardan birinin azad olacağını, o birinin isə edam ediləcəyini söyləyir. Azad olacaq məmura tapşırır ki, sarayda onun haq-qında firona danışsın. Bu zaman Allah Həzrət Yusifə (ə) vəhy edir: “Məgər mən sənə heç kimdə olmayan gözəllik vermədimmi? Səni atanın sevimlisi etmədimmi? Səni quyudan qurtarmadımmı? Niyə yalnız Rəbbindən yardım istəməli olduğun halda, insanın yardımına bel bağladın?”. Rəvayətə görə, Allah-təala Yusifin (ə) bu hərəkətinə görə Onu daha yeddi il zindanda saxladı. Peyğəmbərlik əxlaqı qeydsiz-şərtsiz olaraq Allaha təvəkkül etməyi, insanların yardımına bel bağlamamağı tələb edir. Ona görə də, Allah Həzrət Yusifin (ə) bu hərəkətini Onun üçün nöqsan saydı. Əlbəttə, hər hansı sıravi insan bu işi etsəydi, heç kim onu qınamazdı; çünki bu əməl adi insan üçün eyib sayılmaz.

Peyğəmbərlər təvazönün ən uca mərtəbəsində durduqları üçün, tərki-övla etdikdən sonra özlərini günahkar bilir və tövbə edirdilər. Məsələn, Həzrət Adəm Peyğəmbər (ə) cənnətdən yerə endikdən sonra illər uzunu ağlayıb-sızlamış və tövbə etmişdi.

Please publish modules in offcanvas position.