Siratdan rahat keçmək üçün nə etməliyik? (ikinci məqalə)

/ Bazar, 24 İyun 2012 14:49
Siratdan rahat keçmək üçün nə etməliyik? (ikinci məqalə)

İnsanların sırat üzərindən keçid sürəti tam fərqli olacaq. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, bəziləri sıratın üzərindən işıq sürətilə, bəziləri külək kimi, bəziləri quş uçuşuna bənzər sürətlə keçəcəklər. Bəziləri isə sıratı qaçaraq qət edəcəklər. Onlara bu sürəti verən öz əməlləri olacaq.

 

Yəni günahı az olanın sürəti çox olacaq; əksinə, günah çoxaldıqca sürət azalacaq. Bu zaman Peyğəmbər: ”Ya Rəbb, qoru, qoru!“ – deyə, dua edəcək. Bəzi günahkarlar sıratın o biri başına çatmadan yarıyolda sürüşüb körpüdən asılı qalacaqlar və cəhənnəm atəşi onların bədənini yandıracaq. Cənnətə layiq olanlar nicat tapıb sıratdan keçəcəklər, cəhənnəmlik olanlar isə alovun içinə yıxılacaqlar (Səhihü Müslim, 329-cu hədis).

SIRATDAN TEZ KEÇMƏK ISTƏYƏN ÖZ DİN QARDAŞINA YARDIM ETSİN

İmam Zeynül-abidin (ə) buyurub ki, hər kim zalımın qarşısında öz din qardaşını müdafiə etsə, Allah-təala da qiyamət günündə sırat körpüsünün üzərindən keçəndə ayaqları dolaşdığı zaman ona yardım göstərər. Həmçinin, Peyğəmbər buyurub ki, kim bir nəfərin çətinliyini həll etmək üçün bədəni ilə ona yardım etsə (yəni ayaqları ilə həmin işin dalınca getsə, əlləri ilə həmin işi görsə), sıratın üstündən asanlıqla, salamat şəkildə keçib cənnətə gedər. Yenə İslam Peyğəmbəri buyurub ki, hər kim hökmdara (hakimə, vəzifəli şəxsə) öz istəyini çatdıra bilməyən, yəni bundan qorxan və ya buna imkanı olmayan adamın əvəzinə həmin məsələni hökmdara çatdırsa, Allah sırat körpüsündə onun addımlarını möhkəm edər.

Allahın Rəsulu buyururdu ki, kim öz din qardaşına borc versə, vaxtı çatanda o adam borcu qaytara bilmədiyi təqdirdə onu çətinliyə salmasa, onunla xoş davransa, sıratın üzərindən sorğu-sualsız ildırım sürətilə ötüb-keçər. Camaat namazını ötürməyən, camaat namazında həmişə iştirak edən adam da qiyamətdə bu üstünlüyə sahib olacaq.

Xəstəlik zamanı səbr etmək və Allaha asi olmamaq İslamda çox bəyənilir. Hətta bir gecə-gündüz ərzində xəstə olan, amma şikayət etməyən adamın qiyamət günündə Həzrət İbrahim Peyğəmbərin (ə) müşayiəti ilə sırat körpüsünün üzərindən ildıırım sürətilə keçəcəyi barədə hədislər vardır. Bir gecə-gündüz ərzində xəstəyə qulluq edən adama da bu dərəcənin veriləcəyi hədislərdən məlumdur.

DUA VƏ İBADƏTLƏR SIRATIN ÜZƏRİNDƏ İNSANIN DADINA ÇATAR

Həzrət Mühəmməd Peyğəmbərə (s) çoxlu salavat söyləmək sırat körpüsündən keçidi asanlaşdırar. O həzrət buyurub ki, mənə çoxlu salavat göndərin. Bu salavatlar qəbrdə, sıratda və cənnətdə nura dönüb insana fayda verər.

İnsanın qıldığı namazlar da sıratın üzərində onun dadına çatar. Xüsusilə, gecə namazlarının təsiri daha böyükdür. Hədislərdə deyilir ki, dörd dəfə gecə namazı qılan adam sıratın üzərindən güclü külək kimi ötər.

Bəzi müstəhəb namazlar da sırat körpüsündən rahat keçməyə kömək edər. Məsələn, cümə axşamı günü məğrib və işa namazlarının arasında 12 rükətlik namaz qılmaq və hər rükətində bir dəfə Fatihə, 40 dəfə İxlas surələrini oxumaq. Şənbə günü 8 rükət namaz qılmaq, hər rükətdə Fatihə və Kövsər surələrini bir dəfə, İxlas surəsini isə 7 dəfə oxumaq, namazdan sonra 70 dəfə istiğfar edən adama Allah-təala qoşa qanad verər ki, bunların vasitəsilə sıratın üzərindən keçib cənnətə düşər.

Sırat körpüsündən asanlıqla keçməyin vasitələrindən biri kamil şəkildə dəstəmaz almaqdır. Kamil şəkildə dəstəmaz almaq deyərkən, dəstəmaz əməllərini tələsmədən, dəqiqliklə yerinə yetirmək, səhlənkarlıq etməmək, sudan bol istifadə etmək (amma israfa yol verməmək) nəzərdə tutulur. Həzrət Mühəmməd Peyğəmbər (s) Ənəs ibn Malikə bü cür tövsiyə etmişdi: “Ey Ənəs! Dəstəmazı kamil şəkildə al ki, sıratın üzərindən külək sürətilə keçəsən. Uca səslə salam ver (və salamın cavabını al) ki, evinin xeyir-bərəkəti artsın. Gizli şəkildə sədəqə verməyi çoxalt ki, bu, Allahın qəzəbini yumşaldar” (Biharül-ənvar, LXXVI, 4).

Quranın bəzi surə və ayələrini oxumaq da bu mənada faydalıdır. Məsələn, Peyğəmbərin hədisində deyilir ki, namazdan sonra yüz dəfə İxlas surəsini oxuyan adam qiyamət günündə sıratın üzərindən keçəndə sırat ondan ötrü o qədər geniş olar ki, həm sağında, həm də solunda səkkiz dirsək məsafə qalar. Həmçinin, Əllamə Məclisinin “Zadül-məad” kitabının haşiyəsində yazılıb ki, hər kim Ya-Sin surəsinin 41-ci ayəsini tez-tez oxusa, sıratın üzərindən rahat keçər. Eləcə də, ümumilikdə Quran oxuyan adamın savabı barədə hədislərdə deyilir ki, bu şəxslər sırat körpüsündən peyğəmbərlərlə birlikdə keçəcəklər.

Sırat körpüsündən tez və rahat keçməyin səbəblərindən biri də Peyğəmbərin Əhli-beytini və xusüsən Əli ibn Əbu Talibi (ə) sevməkdir. İslam Peyğəmbəri bu barədə buyurub: “Sıratın üzərində qədəmləri ən möhkəm olanınız – Əhli-byetimi ən çox sevəninizdir”. (Xətib Bağdadi. Tarixü Bağdad, XII, 79, Übeydullah ibn Lölönün tərcümeyi-halı; Mühibbüddin Təbəri. Ər-Riyazün-nəzürə, II, 172 və 177).

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.