Kafilərdən daha qorxulu olan düşmən - MÜNAFIQ

/ Cümə axşamı, 05 İyul 2012 14:55
Kafilərdən daha qorxulu olan düşmən - MÜNAFIQ

Nifaq – ikiüzlülük, zahirdə özünü müsbət şəkildə sərgiləmək, gizlində isə bunun əksini həyata keçirməkdir. Dini anlamda özünü mömin kimi göstərib müsəlmanların sıralarına soxulmaq, amma onların əleyhinə fəaliyyət göstərmək mənasında işlədilir.

 

Nifaq törədən şəxsə münafiq deyirlər. Maraqlıdır ki, ərəb dilində lağım (yeraltı tunel) mənasını ifadə edən “nəfəq” sözü də “nifaq”la eyni kökdəndir: “(Ya Peyğəmbər!) Onların üz döndərməsi sənə ağır gəlirsə, yerdə bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb, onlara bir möcüzə gətirə bilərsənsə, durma gətir!” (Ənam, 35). Səhrada yaşayan çöldovşanının yuvasına da ərəblər “nafiqa” deyirlər. Çöldovşanı adətən, özü üçün iki yuva qurur. Bunların biri aşkar olunanda tez o biri yuvaya köçür. Münafiq də beləcə cəbhədən-cəbhəyə keçir, müsəlmanların yanında özünü müsəlman kimi göstərir, həmfikirlərinin yanında isə öz əsl simasını açıb-göstərir.

Qurani-kərimdə nifaq və münafiqlər haqqında buyurulur: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində nifaqı özlərinə adət etmiş münafiqlər var. Sən onları tanımazsan, biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbirdə) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar!” (Tövbə, 101). Imam Əli (ə) nifaqı “şirkin qardaşı” və “küfrün ekiz tayı” adlandırırdı.

Nifaq çox ağır günahdır və münafiq əslində kafirdən daha təhlükəlidir. Çünki kafiri əqidəsindən, əməlindən və sözündən tanımaq olur, amma münafiq həm əqidəsini gizlədir, həm əməlini pərdələyir, həm də sözünü dəyişdirir. Ona görə də Islam cəmiyyəti üçün münafiqlərin daşıdığı təhlükə daha qorxuludur.

Əxlaq alimləri nifaqın iki növünü fərqləndirirlər: əqidədə nifaq və əməldə nifaq. Əqidədə nifaq edən adam müsəlman sayılmaz. Çünki o, əslində Islamın və müsəlmanların düşmənidir; ya qorxu üzündən özünü müsəlman kimi göstərir, ya da daha maskalanaraq kəskin zərbə vurmaq xatirinə müsəlmanların cərgəsinə soxulub.

Əməldə nifaq edən adamın günahkarlıq dərəcəsi bundan bir qədər yüngüldür. O, ürəyində iman gətirsə də, nəfsi onu günahlara doğru çəkir, qazanc, şan-şöhrət xatirinə dondan-dona, cilddən-cildə girir. Bu adamın məqsədi dinə qarşı mübarizə aparmaq deyil, öz nəfsini təmin etməkdir. Həzrət Mühəmməd Peyğəmbər (s) məhz əməldə nifaqı nəzərdə tutaraq buyurub: “Hər kimdə bu dörd xasiyyət olsa, münafiqdir. Hətta bunlardan biri qəlbinə yol tapsa, onu özündən uzaqlaşdırmayınca, nifaqın bir parçasına bulaşmış olar. Bu xasiyyətlər aşağıdakılardır: danışanda yalan söyləmək, vədə verəndə əməl etməmək, əhd bağlayanda cığallıq edib əhdi pozmaq, bir kəslə mübahisəsi düşəndə şəriətə tabe olmamaq”.

Həzrət Əli (ə) nifaqın xarakterini ustalıqla açaraq buyurub ki, nifaq 4 dayaq üzərində durur: qudurğanlıq, səhlənkarlıq, kinlilik və tamahkarlıq. Qudurğanlığın da 4 qanadı var: zülm, ədavət, şəhvətpərəstlik, asilik (tabesizlik). Səhlənkarlığın 4 qanadı bunlardır: yalançılıq, boş xəyallara uymaq, özündən razılıq və tənbəllik. Kinliliyin 4 qanadı bunlardan ibarətdir: təkəbbür, fəxr, tərəfkeşlik və təəssübkeşlik. Nəhayət, tamahın 4 qanadını bunlar təşkil edir: yersiz sevinmək, xoş yaşayışa aludəlik, söz güləşdirmək və israfçılıq (Küleyni. Əl-Kafi, Iman və küfr kitabı, Nifaq və münafiqin sifəti babı, 1-ci hədis).

Münafiq Islam mənbələrində ən qorxulu və təhlükəli düşmən kimi təsvir edilir. Çünki kafiri sözündən və əməlindən tanımaq olur; buna görə də ondan qorunmaq asandır. Münafiq isə ciddi-cəhdlə pərdələndiyi üçün onu ifşa etmək, tanımaq və şərindən xilas olmaq çətindir. Münafiq öz fəaliyyətini gizli həyata keçirir, möminlərin zəif cəhətlərini öyrənir və həmin nöqtələrdən onlara zərbə vurur. Münafiq dildə iman etdiyini söyləyir. Imanını elan etmiş şəxs isə hüquqi cəhətdən müsəlman sayılır; buna görə onunla müsəlman kimi davranırlar. Amma münafiqin qiyamətdəki aqibəti özünü təqdim etdiyi təsvirə əsasən yox, əsl mahiyyətinə görə olacaq.

Münafiqlər özlərini mömin kimi göstərməklə Allahı aldatdıqlarını düşünürlər; halbuki, aldanan Allah deyil, onların özləridir: “Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar” (Bəqərə, 9). Münafiqlərin Allahı aldatmaq cəhdini alimlər buna bənzətmişlər: Təsəvvür edin ki, həkim xəstəni müayinə edib ona dərman qəbul etməyi məsləhət görür. Xəstə isə həkimi aldadıb dərmanı qəbul etmir. Amma həkim soruşanda, “dərmanı qəbul etmişəm” – deyir. Bu halda o, həkimi aldatdığın düşünür. Halbuki, əsl aldanan və uduzan o özüdür. Münafiq də insanı dünya və axirət xoşbəxtliyinə çatdırmaq üçün Allah tərəfindən dərman kimi təklif edilən imanı və ibadəti tərk edir, amma özünü bunlara yiyələnmiş kimi göstərir. Nəticədə, hər iki dünyada ziyana uğrayan o özü olur (Möhsin Qiraəti. Təfsiri-nur, I, 57-58).

Qurani-kərimin surələrindən biri (63-cü surə) “Münafiqun” adlanır. Müqəddəs Kitabda münafiqlərin bəzi sifətləri açıqlanır: “Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər. (Imanla küfr arasında) tərəddüd edib nə bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən” (Nisa, 142-143). “Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar pis işləri görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir!” (Tövbə, 67).

Quranda münafiqlərin dəhşətli aqibəti də nəzərdən qaçırılmayıb: “Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!” (Nisa, 145). “(Ya Peyğəmbər) Sən onların bağışlanmasını diləsən də, diləməsən də, onlar üçün fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!” (Müna¬fiqun, 6).

Həzrət Əli ibn Əbu Talibin (ə) “Nəhcül-bəlağə”dəki xütbələrinin birində münafiqlərin xüsusiyyətləri ən təsirli üsullarla təsvir edilib: “Ey Allahın bəndələri! Sizə vəsiyyət edirəm ki, Allaha münasibətdə təqvalı olasınız və nifaq əhlindən çəkinəsiniz. Həqiqətən, onlar azğın və azdırandırlar. Həm çaşan (səhv edən), həm də çaşdırandırlar. Rəngdən-rəngə girər, cürbəcür fitnələr törədərlər. Sizə qarşı hər bir dayaqdan (istinadgahdan) istifadə edərlər. Sizin yolunuzdakı hər pusquda oturub fürsət gözləyərlər. Onların qəlbləri xəstə, zahiri görünüşləri bəzəklidir. Gizli hərəkət edib, sizə ziyan vurarlar. Zahiri görünüşləri dərdlərə dəva, danışdıqları söz¬lər şəfadır. Amma əməlləri sağalmaz dərddir. Asayişə həsəd aparar, bəla və çətinliyi möhkəmlədər, ümidləri öldürüb məhv edərlər. Onlar bütün yolların üstündə tələ qurmuşlar. Bütün qəlbləri sarsıtmağa imkanları var. Hər dərd üçün nümayişkaranə şəkil-də göz yaşı axıtmağı bacarırlar. Tərif söyləməyi ticarətə çeviriblər. Həmişə söylədikləri tərifə görə mükafat gözləyirlər. Bir şeyi istəsələr, israr edərlər, almayınca əl çəkməzlər. Bir kəsə etiraz etsələr, onu rüsvay edib bi-abırçılıq törədərlər. Hökm versələr, israf edərlər. Hər bir haqqın qarşısında batil yaradar, hər bir möhkəm şeyə əyrilik verməyə çalışarlar. Hər bir canlı üçün qatil axtararlar. Hər qapıya açar, hər gecəyə çıraq hazırlayarlar. Öz tamahlarına arxalanarlar. Hərdən istədikləri şeyə qarşı laqeyd olduqlarını göstərərlər ki, bazarları rövnəq tapsın və öz məqsədlərinə yetişə bilsinlər. Söz danışanda insanları şübhəyə salarlar. Tərifləyəndə lazım olduğundan çox bəzək-düzək vurarlar. Düz yolu əyri, dar keçidi hamar kimi təqdim edərlər. Onlar şeytanın yardımçısıdırlar. Onlar cəhənnəm atəşinin istisidirlər (yəni atəş üçün odundurlar). Onlar şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!” (Nəhcül-bəlağə, 185-ci xütbə).

Imam Cəfər Sadiq (ə) Həzrət Mühəmməd Peyğəmbərə (s) istinadən münafiqin xüsusiyyətlərini belə təsvir edir: “Hər kimdə bu üç xüsusiyyət varsa, – hətta namaz qılıb, oruc tutub, özünü müsəlman kimi göstərsə də – münafiqdir: Ona etibar etsən, xəyanət edər; hədis (rəvayət) danışsa, yalan söyləyər; vəd versə, vədinə xilaf çıxar”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.