Axirəz-zamanin əlamətləri (hədislər əsasında)

/ Çərşənbə axşamı, 17 İyul 2012 15:08
Axirəz-zamanin əlamətləri (hədislər əsasında)

 

İmam Mühəmməd Baqirdən (ə) soruşdular: “Ey Allah Rəsulunun övladı! Sizin nəsildən qaim (Mehdi) nə zaman zühur edəcək?”. Imam cavab verdi: “O zaman ki, kişilər özlərini qadınlara, qadınlar isə kişilərə bənzədərlər.

 

Kişilər kişilər ilə, qadınlar da qadınlar ilə kifayətlənərlər (yəni eyni cinsdən olanlar arasında əxlaq pozğunluğu artar)” (Şeyx Səduq. Kəmalüd-din, I, 331).

 

Hüzeyfə ibn Yəman rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Qiyamət o zaman qopar ki, beş uşağı olan adam dörd uşaq sahibi olmağı arzu edər. Dörd uşağı olan arzu edər ki, kaş üç övladım olaydı. Üç övlada sahib olan “kaş iki uşağım olaydı” deyər. Iki üşağı olan bircə övladı olmasını diləyər. Bir övladı olan isə deyər ki, kaş sonsuz olaydım” (Şirəveyh Deyləmi. Firdövsül-əxbar, V, 227).

 

Yenə Hüzeyfə ibn Yəman rəvayət edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Siz öz imamınızı (rəhbərinizi) öldürməyincə, qılınclarınızı toqquşdurmayınca və Allah dünyanıza ən pislərinizi varis etməyincə qiyamət qopmaz“ (yux. mənbə).

 

Əbu Hüreyrədən rəvayət edilib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Ixtiyarında olduğum Allaha and olsun, insanlar üçün elə bir zaman gələcək ki, qatil nədən ötrü öldürdüyünü, qətlə yetirilən də nədən ötrü öldürüldüyünü bilməyəcək“ (Səhihü Müslim. Fitən kitabı).

 

Yenə Əbu Hüreyrədən rəvayət edilib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”İnsan ölmüş bir adamın qəbrinin yanından keçərkən: ”Kaş mən bunun yerində olaydım“ deməyincə qiyamət qopmaz“ (yəni insanlar o zaman yaşamaqdansa ölməyi üstün tutacaqlar) (yux. mənbə).

 

Ənəs ibn Malik rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Bunlar qiyamətin şərtlərindəndir: elmin ortadan qalxması, cəhalətin bərqərar olması, şərab içilməsi və aşkarda zina edilməsi“ (Səhihül-Buxari. Kitabül-elm).

 

Yenə Ənəs ibn Malik rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Bunlar qiyamətin şərtlərindəndir: elmin azalması, cəhalətin aşkara çıxması, zinanın aşkarda edilməsi, qadınların sayının çoxalıb, kişilərin sayının azalması. Belə ki, 50 nəfər qadının bircə nəfər qəyyumu olacaq“ (yux. mənbə).

 

Əbu Hüreyrə rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Hər kişiyə 30 nəfər qadın tabe olmayınca və qadınların hər biri: ”mənimlə evlən, mənimlə evlən“ deməyincə qiyamət qopmaz“ (Şirəveyh Deyləmi. Firdövsül-əxbar, V, 225).

 

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Ağ ölüm meydana çıxmayınca qiyamət qopmaz”. Soruşdular ki, ağ ölüm nədir? Peyğəmbər cavab verdi: “Ağ  ölüm – qəfil (vaxtsız) ölümdür” (Zəməxşəri. Əl-Faiq fi ğəribil-hədis, I, 141).

 

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: ”Ümmətim üçün elə bir zaman gələr ki, alimləri yalnız gözəl libaslarına görə tanıyarlar. Quranı yalnız gözəl səslə oxunmasına görə tanıyarlar. Ramazan ayından başqa vaxtda Allaha ibadət etməzlər. Belə olduqda Allah onlara elə bir padşahı hökmran edər ki, onun nə elmi, nə helmi, nə də mərhəməti olar“ (Biharül-ənvar, XXII, 454-455).

 

İmam Mühəmməd Baqir (ə) buyurub: ”Mehdi yalnız o zaman zühur edəcək ki, camaat möhkəm qorxu və dəhşət içində olar, zəlzələlər, fitnə və bəlalar xalqı bürüyər, taun xəstəliyi yayılar. Ərəblərin arasına qırğın düşər. Camaat içində şiddətli ixtilaf yaranar, insanların dinində parçalanma meydana çıxar. Insanların halı o qədər dəyişər ki, hətta səhər-axşam ölməyi arzu edərlər. Camaatın böyük bir qismi it sifətini alar, adamlar bir-birinin ətini yeyərlər…“ (Yusif Məqdisi Şafii. Əqdüd-dürər fi əxbaril-Müntəzər, səh. 133).

 

İmam Mühəmməd Baqir (ə) başqa bir hədisdə axirəz-zamanın əlamətlərini belə təsvir edib: ”O zaman ki, qadınlar kişilərə, kişilər də qadınlara bənzəyərlər. Qadınlar yəhərlərə (miniklərə) süvar olarlar. Insanlar dünyadan namazsız (yəni namaz qılmayan halda) köçərlər və şəhvətə uyarlar. Qan tökməyi yüngül sayar, alverdə riba (sələmçilik) edərlər. Açıq-aşkarda zina edər, hündür binalar tikərlər. Yalanı halal bilər, rüşvət alar, öz nəfslərinə tabe olarlar. Öz dinlərini dünyaya satar, qohumlarla əlaqəni kəsər, yemək verməyə simiclik edərlər. Helm (mülayimlik) zəifləyər, zülm fəxrə çevrilər. Əmirlər (hökmdarlar) günahkar, vəzirlər yalançı olarlar. Əminlikdə ad çıxaranlar xəyanətə qurşanar, dostlar insana zülm edər, qarelər (Quran oxuyanlar) fisq edərlər (günaha bulaşarlar). Zülm aşkara çıxar, talaqların (boşanmaların) sayı çoxalar, yalançı şahidliklər qəbul edilər. Qadınlar qadınlarla kifayətlənərlər (yəni cinsi pozğunluqlar artar). Fey (sülh nəticəsində alınan təzminat) qənimət sayılar, sədəqə isə borc hesab edilər. Ziyankar insanlardan dillərinə görə qorxarlar…“ (Mömin Şəblənci. Nurül-əbsar, səh. 189).

 

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Qiyamət o zaman qopar ki, gündüz vaxtı yolun ortasında qadına təcavüz edilər, amma heç kim bunu qarşısını almaz” (M.C.Mehri. Axirəz-zamanın heyrətli əlamətləri)/.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.