Ruzi bərəkəti artiran kəlam – SALAM. Salam Allahin adıdır. (birinci məqalə)

/ Cümə axşamı, 19 İyul 2012 15:17
Ruzi bərəkəti artiran kəlam – SALAM. Salam Allahin adıdır. (birinci məqalə)

Dilimizdə zərbi-məsələ çevrilmiş bir ifadə var. Çox zaman uşaqlarımıza nəsihət vermək məqsədilə deyirik: “Əvvəl salam, sonra kəlam”.

 

1.ƏVVƏL SALAM, SONRA KƏLAM

 

Dilimizdə zərbi-məsələ çevrilmiş bir ifadə var. Çox zaman uşaqlarımıza nəsihət vermək məqsədilə deyirik: “Əvvəl salam, sonra kəlam”. Bəlkə də çoxlarımız bilmir ki, bu sözün kökü Islam müqəddəslərinə gedib-çıxır. Imam Cəfər Sadiq (ə) buyurub: “Salam kəlamdan irəlidir (əvvəldir)” (Mizanül-hikmə, II, 1348).

Salam Allahın adıdır, Allah-təalanın 99 gözəl adından (əsmaül-hüsnadan) biridir. “Salam” sözü hərfi mənada “salamatlıq, sağlamlıq” deməkdir. Burada həm fiziki, həm də mənəvi sağlamlıq nəzərdə tutulur. Xəstəlikdən uzaq olan bədənə “salim” deyildiyi kimi, mənəvi nöqsanlardan təmizlənmiş ruhu da “qəlbi-səlim” adlandırırlar.

 

2. SALAM SEVGI YARADIR

 

Müqəddəslərimiz müsəlmanlara təkidlə tövsiyə edirdilər ki, bir-biri ilə görüşəndə hər şeydən əvvəl salamlaşsınlar. Əvvəla, bu yolla onlar bir-biri üçün dua etmiş, Allahdan salamatlıq diləmiş olurlar. Ikincisi, salam vermək – qarşı tərəfə xoş niyyətlə müraciət etdiyini, sülh və barışıq istədiyini bildirmək üçün vasitədir. Salam verdiyiniz adama bildirmiş olursunuz ki, ona yaxşılıq, salamatlıq, xeyir-bərəkət arzulayırsınız, ona qarşı pis niyyətiniz yoxdur. Salam müsəlmanlar arasında mehribanlıq, qarşılıqlı etibar doğurur, səmimi və güvənli münasibətlərin qurulmasına şərait yaradır. Həzrət Mühəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurmuşdur: “Salam Allahın böyük adlarındandır. Allah onu öz yaratdıqlarının öhdəsinə vəzifə kimi qoyub. Bir müsəlman başqa bir müsəlmana salam verəndə, ona həmin adamı xeyirdən başqa bir sözlə yad etmək qadağan edilmiş olur” (Kənzül-ümmal, hədis 25244). Həmçinin, o həzrət buyurub: “Salam bizim ümmətimizə təhiyyətdir (görüşərkən deyilən sözdür), bizim öhdəmizdə olanlara isə amandır” (Kənzül-ümmal, hədis 25242).

Salamlaşmaq həm də insana savab gətirən əməldir. Ümumiyyətlə, müsəlmanların arasında dostluq, məhəbbət, isti münasibət yaradan bütün əməllər savab sayılır. Peyğəmbər buyururdu ki, salam hədiyyə etmək və gözəl sözlər danışmaq günahların bağışlanmasına vəsilədir. Həmçinin, Islam Peyğəmbəri Ənəs ibn Malikə belə məsləhət görmüşdü: “Ey Ənəs! Görüşdüyün adama salam ver ki, Allah sənin savabını artırsın. Evində (yəni ailə üzvlərinə) salam ver ki, Allah sənin bərəkətini artırsın” (Biharül-ənvar, LXXVI, 3).

 

3. PEYĞƏMBƏRƏ, MƏLƏKLƏRƏ VƏ MÖMINLƏRƏ DƏ SALAM DÜŞÜR

 

Yuxarıda deyildiyi kimi, salamatlıq yalnız fiziki deyil, mənəvi mənaya da malikdir. Elə buna görə də, Islam müqəddəslərinin adını çəkərkən onlara Allahdan salam diləyirik, yəni “əleyhissalam” (Allahın salamı olsun Ona) deyirik. Namazda isə həm Peyğəmbərə, həm  özümüz də daxil olmaqla salih bəndələrə, həm də mələklərə salam veririk. Qurani-kərimdə Allahın və mələklərin Peyğəmbərə salavat göndərdikləri bildirilir və ardınca müsəlmanlara əmr olunur: “Siz də ona salavat göndərib layiqincə salamlayın!” (Əhzab, 56).

Əlbəttə ki, müqəddəslərimiz dünyalarını çoxdan dəyişiblər. Bizim salamımız və Allahdan Onlara salam diləməyimiz bu müqəddəs şəxsiyyətlərin ruhuna yönəlib. Ruhlarına salam söyləməklə biz onlara minnətdarlıq etmiş oluruq. Çünki bu gün Islam dininin gözəlliklərini yaşamağımızın, Allahı tanımağımızın səbəbkarı Onlardır. Biz mələklərə salam göndəririk, bununla da onların Allaha qulluğunu dəyərləndirmiş oluruq.

Allah-təalanın özü Qurani-kərimdə möminlərə öz salamını ifadə edir: “Rəhmli Rəbbdən onlara “salam” deyiləcəkdir” (Ya-Sin, 58). Mələklərin də cənnət əhli olan mömin bəndələrə salamı var: “...Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” - deyəcəklər” (Rəd, 24). Salam cənnət əhlinin dilinin əzbəri olacaq: “Onların orada bir-birinə günaydınlıq verməsi: “Salam!” olacaq!” (Ibrahim, 23; Yunis, 10).

 

4. SALAMA SIMICLIK EDƏN ƏN SIMIC ADAMDIR

 

Görüşən zaman salam verməyən adam dini mənbələrimizdə kəskin məzəmmət olunur. Peyğəmbər buyururdu ki, salamdan əvvəl söhbətə başlayan adama cavab verməyin. Bir şəxs sizə salam verməsə, onu süfrəyə dəvət etməyiniz də lazım deyil. Bir nəfər Imam Hüseynlə (ə) görüşəndə salamdan əvvəl soruşdu: “Necəsən? Allah sənə afiyət (salamatçılıq) versin”. Imam ona cavab verdi: “Salam kəlamdan irəlidir, Allah sənə də afiyət versin. Kim sizə salam verməsə, ona danışmaq izni verməyin” (Tühəfül-üqul, səh. 250). Imam Hüseyn (ə) salam verməyə simiclik edəni ən simic adam sayırdı (yux. mənbə, səh. 253).

 

5. SALAM VERMƏK MÜSTƏHƏB, SALAMI ALMAQ FƏRZDIR

 

Görüşərkən birinci salam vermək hədislərdə gözəl bir əməl kimi təqdim edilir. Peyğəmbər buyururdu ki, Allaha və Onun Rəsuluna ən yaxın olan kəs salamı birinci verəndir (Biharül-ənvar, LXXVI, 12). Başqa bir hədisdə “Allaha ən çox itaət edən şəxs öz müsahibinə birinci salam verəndir” buyurulur. Salamı birinci vermək insanın mənəvi aləminə müsbət təsir göstərir. Insan təkəbbürdən, mənəm-mənəmlikdən xilas olur. Buna görə Peyğəmbər buyurmuşdu ki, salamı birinci verən adam təkəbbürdən uzaqdır (Kənzül-ümmal, hədis 25265). Hətta bu cəhət möminin xüsusiyyətlərindən biri sayılıb: “Mömin salamı birinci verər. Amma münafiq deyər ki, qoy mənə salam versinlər” (yux. mənbə, hədis 778). Imam Sadiq (ə) isə buyururdu ki, görüşdüyün adama salam vermək təvazökarlığın əlamətidir.

Salamı birinci vermək hədislərdə “tətəvvü” kəlməsi ilə ifadə edilib: “Salam vermək tətəvvüdür, salamı almaq isə fərizədir (vacib vəzifədir)”. Tətəvvü “kərahət” sözünün ziddi sayılır. Kərahət insanın öz istəyi olmadan, məcburi surətdə bir işi etməsidir. Tətəvvü isə elə bir əməldir ki, insan onu könüllü surətdə, heç bir cəzadan qorxmadan yerinə yetirir. Qurani-kərimdə orucla bağlı ayələrdə buyurulur: “Hər kəs könüllü xeyir iş görərsə (tətəvvü), bu onun üçün daha yaxşı olar” (Bəqərə, 184).

Imam Əli ibn Əbu Talib (ə) buyurub: “Salamın 70 savabı var. Bunun 69 qismi salam verənə, bir qismi isə salamı alana düşər” (Biharül-ənvar, LXXVI, 11).

 

6. SALAMI AYDIN ŞƏKILDƏ VERIN VƏ ALIN

 

Islamda bəyənilən əməllərdən biri də salamı gizlətmədən, açıq-aydın şəkildə, qarşı tərəfin eşidəcəyi tərzdə söyləməkdir. Buna “ifşaüs-səlam” deyirlər, yəni salamı faş etmək, göstərmək. Həzrət Mühəmməd Peyğəmbər (s) bir gün səhabələrdən soruşdu: “Istəyirsinizmi dünya və axirət əhlinin ən gözəl əxlaqi cəhətini sizə xəbər verim?”. Səhabələr: “Bəli, ey Allahın Rəsulu, istəyirik” deyə cavab verəndə həzrət buyurdu: “Dünyada salamı aşkar şəkildə vermək” (Biharül-ənvar, LXXVI, 12). Imam Mühəmməd Baqirə (ə) aid olan kəlamda isə deyilir: “Allah başqasına yemək verməyi və salamı aşkar şəkildə söyləməyi sevir” (Mizanül-hikmə, II, 1348).

Salamı açıq-aşkar şəkildə vermək və almaq həm də ruzi-bərəkəti artırır. Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər ona buyurmuşdu: “Salamı aydın şəkildə ver (və cavabını da bu cür al) ki, evinin xeyir-bərəkəti artsın” (Biharül-ənvar, LXXVI, 4)

Imam Cəfər Sadiq (ə) Həzrət Əliyə (ə) istinadən buyurub ki, Peyğəmbər yeddi şeyi əmr edib: xəstənin görüşünə getmək, cənazənin dəfn mərasiminə qatılmaq, anda əməl etmək, asqıran adama mərhəmət diləmək, məzluma yardım göstərmək, açıq-aşkar salamlaşmaq və dəvəti qəbul etmək (yux. mənbə, səh. 2).

 

 

7. GÖZƏL ŞƏKILDƏ SALAMLAŞIN

 

Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl şəkildə salam vermək müstəhəbdir. Rəvayətə görə, bir nəfər Peyğəmbərə: “Əssəlamü əleykum” şəklində salam verdi, Peyğəmbər öz yanındakılara buyurdu: “On”. Başqa biri: “Əssəlamü əleykum və rəhmətullah” deyə salam verdi, Peyğəmbər: “Iyirmi” buyurdu. Daha biri də gəlib o həzrəti belə salamladı: “Əssəlamü əleykum və rəhmətullahi və bərakatuh”. Peyğəmbər bu dəfə: “Otuz” söylədi. Bu rəqəmlər salam verən adamın qazandığı savabın miqdarını göstərir. Salamı daha gözəl şəkildə verən adamın savabı da çox olur (Süyuti. Əd-Dürrül-mənsur, IV, 558-559).

Bununla belə, salam verəndə həddi aşmaq və salamı çox uzatmaq da məsləhət görülmür. Imam Əli (ə) bir nəfərə salam verdi, o adam salamın cavabını bu şəkildə qaytardı: “Əleykəs-səlam və rəhmətullahi və bərəkatuhu və məğfirətuhu və rizvanuhu”. (Sənə də salam olsun, Allahın mərhəməti, bərəkəti, məğfirəti və razılığı sənə olsun). Imam bu cavaba etiraz etdi: “Mənə mələklərin Ibrahimə (ə) dedikləri salamdan artıq şəkildə salam verməyin”. Quranın Hud surəsinin 68-73-cü ayələrində deyilir ki, mələklər Həzrət Ibrahim Peyğəmbərə (ə) qonaq gələndə Ona salam verdilər, peyğəmbər də “salam” deyə onlara cavab verdi. Həzrət Ibrahim (ə) əvvəlcə qonaqların mələk olduğunu başa düşmədi, hətta onlar üçün yemək hazırlayıb gətirdi. Sonra mələklər qoca Ibrahimə (ə) tezliklə oğul atası olacağını xəbər verdilər. O həzrətin həyat yoldaşı, ömrünün ahıl dövrünü yaşayan Sara bunu eşidəndə təəccüb içində güldü. Mələklər dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun”. Quranda mələklərin sözü bu şəkildə verilib: “Rəhmətullahi və bərəkatuhu əleykum” (Əl-Kafi, II, 646).

(ardı var)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.