Möhtəkir lənətə layiqdir

/ Cümə axşamı, 06 Sentyabr 2012 17:00
Möhtəkir lənətə layiqdir

Islam dininə görə ticarət ciddi qaydalara əsaslanır. Alver zamanı riayət edilməsi vacib olan məsələlərdən biri də möhtəkirlikdən uzaq olmaqdır.

 

Ehtikar, yəni möhtəkirlik – ehtiyac duyulan bir malı (adətən, ərzağı) yığıb saxlamaq və baha qiymətə camaata satmaqdır. Həzrət Mühəmməd Peyğəmbər (s) möhtəkiri lənətə layiq bilir və qiyamət günündə möhtəkirlərin qatillərlə eyni cərgədə məhşərə gətiriləcəklərini söyləyirdi. O həzrət buyururdu ki, hər kim sonradan camaata baha qiymətə satmaq niyyəti ilə bir kisə buğdanı qırx gün özündə saxlasa və müsəlmanların ehtiyacı olduğu halda onlara verməsə, Allahdan uzaq düşər, Allah da ondan bizar (narazı) olar. Hədislərdə deyilir ki, möhtəkirlik edən adam cüzam xəstəliyinə və iflasa düçar olar. Möhtəkir camaatdan gizlətdiyi malı sonra sədəqə versə belə, Allah qəbul etməz və onu bağışlamaz. Imam Cəfər Sadiq (ə) qəhətlik vaxtı evdə üç gün bəs edəcək miqdardan artıq ərzaq saxlamağı rəva görmür, adi vaxtlarda (qəhətlik olmayanda) isə qırx gündən artıq ehtiyat yığmağı məsləhət bilmirdi. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurur ki, bir gün Cəbrail (ə) mənə dedi: ”Cəhənnəmə baxdım, orada alovu çox şiddətli olan qaynar bir dərə gördüm. Cəhənnəmin gözətçisindən soruşdum ki, bu dərəyə kimləri salacaqlar? Dedi: ”Bura üç dəstənin yeridir: möhtəkirlərin, şərabxorların və insanların zina etməsinə yardım göstərən vasitəçilərin“.

Həzrət Əli ibn Əbu Talib (ə) Malik Əştəri Misrə vali təyin edərkən, ona yazdığı ətraflı təlimatnamədə tacirlərlə rəftar etmək və möhtəkirliyin qarşısını almaq tədbirləri haqqında da ətraflı məlumat vermişdi: ”Onların (tacirlərin) çoxunda hədsiz hərislik, çirkin və xoşagəlməz xəsislik, baha satmaq üçün möhtəkirlik və istədiyi kimi qiymət qoymaq xisləti var. Onların bu işləri xalqa ziyan dəyməsinə səbəb olur və bu, valilərə nöqsandır. Buna görə də möhtəkirliyin qarşısını al. Çünki Allahın Peyğəmbəri onu qadağan edib... Sənin qadağanından sonra möhtəkirlik edəni cəzalandır; elə cəzalandır ki, onun rüsvay olmasına səbəb olsun; amma həddi keçməsin“ (Nəhcül-bəlağə, 53-cü məktubdan).

Zənnimizcə, bir neçə gün bundan əvvəl Ramazan bayramı münasibətilə bəzi ərzaq növlərinin qiymətini qaldırmış satıcıların bu deyilənlər barədə düşünməsi yerinə düşərdi.

Imam Cəfər Sadiqin (ə) möhtəkirliyə mənfi münasibətini göstərən iki maraqlı hadisəni diqqətinizə təqdim edirik.

 

Imam Sadiqin (ə) Müsadif adlı nökəri vardı. Imam ona min dinar pul verib tapşırdı ki, mal alıb ticarət üçün Misrə getsin. Müsadif min dinarlıq mal aldı, karvan hazırlayıb Misrə yola düşdü. Onlar yolda Misirdən qayıdan başqa bir karvanla rastlaşdılar. Tacirlər Misirdə ticarətin vəziyyəti barədə söhbət etməyə başladılar. Gələn tacirlər Müsadifə xəbər verdilər ki, sizin apardığınız mallara Misirdə böyük tələbat var, bunları xeyli baha qiymətə sata bilərsiniz.

Müsadiflə yoldaşları bu xəbərdən xeyli sevindilər. Tamah onlara güc gəldi. Apardıqları malı nəzərdə tutduqları qiymətdən baha satmağa qərarlaşdılar ki, daha çox qazanc əldə etsinlər. Hər şeyi maya dəyərindən ikiqat baha qiymətə satmağı qərara aldılar. Müsadif də o biri tacirlərə baxıb öz mallarının qiymətini artırdı.

Misirdə ticarət uğurlu alındı. Müsadif iki min dinar pulla geri qayıtdı. Imam Sadiqin (ə) hüzuruna gəlib, hərəsində min dinar olan iki pul kisəsini Ona təqdim etdi: ”Burada iki min dinar pul var. Min dinar malların maya dəyəridir, min dinar isə xalis qazancdır“. Imam Cəfər Sadiq (ə) təəccüblə soruşdu: ”Sən malları neçəyə satmısan ki, ikiqat mənfəət əldə etmisən?“. Müsadif olub-keçənləri necə varsa danışdı. Imam narahatlıq içində buyurdu: ”Deməli, siz Misirdə möhtəkirlik edib, müsəlmanların əleyhinə əlbir olmusunuz ki, malları ikiqat baha qiymətə satasınız? Mən bu cür ticarəti və bu cür qazancı bəyənmirəm“. O həzrət pul kisələrindən birini götürdü: ”Bu, mənim sərmayəmdir. Qalan pul insafsızlıqla qazanılıb, mənim ona ehtiyacım yoxdur“. Sonra Imam Sadiq (ə) Müsadifə buyurdu: ”Ey Müsadif! Qılınc götürüb savaşmaq halal ruzi qazanmaqdan daha asandır. Halal yolla sərvət qazanmaq çox çətin işdir“.

 

Imam Cəfər Sadiqin (ə) zamanında Mədinədə qıtlıq oldu. Camaat ərzaq sarıdan əziyyət çəkirdi, buna görə də buğdanın qiyməti bahalaşmışdı. Imam ev işlərini idarə edən xidmətçisini çağırıb soruşdu: ”Evdə nə qədər buğdamız var?“. Xidmətçi cavab verdi: ”Bir neçə aylıq ehtiyacımızı ödəyəcək qədər buğda yığıb saxlamışam“. Imam buyurdu: ”Buğdanı bazara aparıb sat“. Xidmətçi təəccüblə dedi: ”Ey Peyğəmbərin övladı! Mədinədə buğda ələ düşmür. Əgər indi satsaq, özümüzə lazım olan vaxt heç yerdən buğda ala bilməyəcəyik“. Imam sözündə təkid edib buğdanı satmağı tapşırdı.

Xidmətçi göstərişə əməl edib bütün buğdanı bazara apardı və satdı. Sonra Imamın yanına gəlib tapşırığı yerinə yetirdiyini xəbər verdi. Imam Sadiq (ə) buyurdu: ”Bundan sonra ailəmiz üçün buğdanı hər gün bazardan alacaqsan. Bilirəm ki, camaat kasıblıq üzündən buğda unu ilə arpa ununu qarışdırıb çörək bişirir. Bizim çörəyimiz də gərək bu qayda ilə hazırlansın ki, başqalarından üstünlüyümüz olmasın. Mənim maddi vəziyyətim imkan verir ki, ilin sonuna kimi ailəmi təmiz buğda unu ilə təmin edim. Amma mən bunu etməyəcəyəm. Çünki Allahın qarşısında ədalətə və haqq-hesaba riayət etmək istəyirəm“.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.