Tövbə

/ Cümə axşamı, 27 Sentyabr 2012 11:47
Tövbə

“Tövbə” sözünün ərəb dilindən tərcüməsi “qayıdış” deməkdir. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə deyilir.

 

Tövbə edən şəxs də günahlardan itaətə doğru qayıtmış olur (“tövbə” sözünün mənasına uyğun olaraq).

Qurani-kərimdə “tövbə” sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Lüğət alimləri yazırlar ki, Quranda tövbə anlayışı həm Allaha, həm də bəndəyə aid edilib. “Tövbə” sözü Allaha aid olduqda “əla” hissəciyi, bəndəyə aid edildikdə isə “ila” hissəciyi ilə yanaşı işlədilir. Birinci halda Allahın qəzəb və cəzadan mərhəmətə doğru qayıtması, ikinci halda isə bəndənin günahdan itaətə sarı dönməsi nəzərdə tutulur.

Quranda bütün möminlərə öz günahlarından tövbə etmək əmr edilir: “Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız” (Nur, 31). Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir” (Fürqan, 70).

Imam Əli ibn Əbu Talib (ə) buyurub ki, tövbənin faydası nəfsin imkanlarını tanımaqdır. Həqiqətən, insan tövbə etdikdən sonra qarşısına günah imkanları çıxanda onun öz nəfsi üzərində nə qədər hakim olduğu aşkara çıxır. Hədislərdən məlum olur ki, bəndə tövbə etdikdə Allah-təala buna sevinir. Səmimi tövbə edənin günahlarının üzərinə pərdə çəkilir, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz.

Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. Imam Cəfər Sadiq (ə) buyurub: “Mömin günah edəndən 20 il sonra da olsa, xatırlayıb tövbə edər və Allah onu bağışlayar. Kafir isə heç bir saat keçməz ki, günahını unudar və tövbə etməz”. Imam Əlidən (ə) rəvayət edilən: “Tövbə etmək imkanı verilən şəxsin tövbəsinin qəbulu qadağan olmaz” hədisi də buna sübutdur.

Allah-təala öz günahkar bəndəsinə tövbə etmək üçün möhlət verər. Rəvayət edirlər ki, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Hər kim ölümündən bir il əvvəl tövbə etsə, qəbul olar”. Sonra o həzrət öz sözünə düzəliş verdi: “Bir il çoxdur, ölümündən bir ay qabaq tövbə etsə, qəbul olar”. Sonra bir ayın da çox olduğunu bildirib buyurdu: “Bir ay çoxdur, bir həftə qabaq da tövbə etsə, qəbul olar”. Daha sonra Peyğəmbər bu müddəti bir günə qədər azaltdı. Axırda isə belə buyurdu: “Hətta bir gün də çoxdur, ölümü duymazdan əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər”.

Əlbəttə, bu xüsusiyyət nadan və qafil günahkarlara aiddir. Öz günahını yaxşı anlayan, amma qəsdən tövbəni təxirə salan, ölüm ayağında əli hər yerdən üzüldüyü halda tövbə edən şəxs heç nəyə nail olmaz. Çünki tövbənin əsas şərti səmimiyyət və ixlasdır. Qeyri-səmimi edilən tövbələr Allah dərgahında qəbul edilməz: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişdiyi anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (Nisa, 17-18). Elə buna görə də, ölüm anında tövbə etmiş fironun günahlarını Allah-təala bağışlamadı.

Tövbə təsəvvüf aləmində də özünəməxsus yerə malikdir. Haqq yolundakı 7 məqamdan birincisi tövbədir. Haqq yolçusu bu məqamda şəriətə zidd olan hər işdən tövbə etməli və bundan sonra bütün əməllərini bu əsasda quracağına söz verməlidir. Təsəvvüf ədəbiyyatında Peyğəmbərin bu məşhur hədisi tez-tez xatırlanır: “Günahdan tövbə etmiş şəxs heç günah etməmiş kimidir. Allah onun günahlarını yaxşı əməllərlə əvəz edər”. Sufilərin çoxusu bu fikirdə olmuşlar ki, tövbə məqamında kamil rəhbərin (mürşidin) başçılığı altında hərəkət etmək, onun tapşırıqlarını qeydsiz-şərtsiz yerinə yetirmək lazımdır.

Sufilik mövzusunda ən məşhur əsərlərdən sayılan “Misbahül-hidayə” kitabında tövbənin 5 şərti olduğu bildirilir: fərz olan ibadətləri icra etmək, buraxılmış fərzləri qəza etmək, halal ruzi qazanmaq, qəsb olunmuş bütün əmlakı sahibinə qaytarmaq və nəfslə mübarizə etmək. Bu şərtlər Imam Əli (ə) tərəfindən istiğfar üçün bəyan edilmiş şərtlərlə oxşardır. Bir nəfər Imam Əlinin (ə) yanında öz günahlarının bağışlanması üçün “əstəğfirüllah” dedi, amma bu sözü saymazyana və ağızucu söylədi.  Imam buyurdu:  “Istiğfarın nə olduğunu bilirsənmi? Istiğfar yüksək məqamlı insanlara məxsus olan bir əməldir. Onun 6 mərtəbəsi var. Istiğfarın birinci mərtəbəsi keçmiş günahdan peşman olmaqdır. Ikincisi, həmin günaha bir daha qayıtmamaq qərarına gəlməkdir. Üçüncüsü, öhdəndə günah olmadığı vəziyyətdə Allaha qovuşa bilmək üçün camaatın haqqını özünə qaytarmaqdır. Dördüncüsü, sənə vacib olan, amma yerinə yetirmədiyin hər bir əməli (ibadəti) icra etməkdir. Beşincisi, bədənində haramdan yaranmış əti hüzn və kədərlə əritməkdir; ta ki, dəri sümüyə yapışsın və onun yerinə təzə ət gəlsin. Altıncısı, günahın şirinliyini daddığın kimi, ibadətin əziyyətini də dadmağındır. Yalnız belə olan halda “əstəğfirüllah” deyə bilərsən” (Nəhcül-bəlağə, 409-cu hikmətli kəlam).

Ariflər tövbənin 5 növünü müəyyən etmişlər: Birincisi, əməl sahiblərinin (ümmal) tövbəsi pis işlərdən yaxşı əməllərə üz tutmaqdır. Ikincisi, zahidlərin tövbəsi dünyaya rəğbətdən etinasızlığa üz çevirməkdir. Üçüncüsü, hüzur əhlinin tövbəsi qəflətdən hіzura doğrudur. Dördüncüsü, ixlaslıların tövbəsi pis əxlaqdan yaxşı əxlaqa yönəlməkdir. Nəhayət, beşincisi, ariflərin tövbəsidir ki, öz yaxşı əməllərini görsələr, tövbə onlara vacib olar, bununla da öz fellərindən haqqın felinə doğru qayıdarlar. (Mərifət əhli öz yaxşı əməllərini görməyi xudpəsəndlik və təkəbbür sayar, hər şeyin Allahdan olduğunu unutmaq kimi dəyərləndirər; buna görə tövbə edər).

Ən səmimi, ən xalis tövbəyə “tövbeyi-nəsuh” deyirlər. Qurani-kərimdə buyurulur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!” (Təhrim, 8).

Tövbeyi-nəsuhun xüsusiyyətləri barədə çoxlu izahlar mövcuddur. Hətta məşhur Quran təfsirçisi Qürtübi yazır ki, tövbeyi-nəsuha 23 cür tərif verilib. Bəzilərinin fikrincə, tövbeyi-nəsuhun 4 şərti var: etdiyin günah üçün ürəkdən peşman olmaq, dillə tövbə-istiğfar etmək, həmin günahdan çəkinmək və bir daha o günaha bulaşmamağı qəsd etmək. Bəziləri deyib ki, tövbeyi-nəsuhun 3 xüsusiyyəti olmalıdır: Allah tərəfindən qəbul olunmaması üçün qorxmaq, qəbul olunacağına ümid etmək və Allaha itaəti davam etdirmək.

Həzrət Mühəmməd Peyğəmbərdən (s) tövbeyi-nəsuh haqqında soruşanda belə cavab vermişdi: “Süd bir daha döşə qayıtmadığı kimi, bu tövbəni etmiş insan da bir daha günaha qayıtmaz”. Imam Sadiq (ə) isə buyurub: “Tövbeyi-nəsuh elə bir tövbədir ki, onu edənin batini (içərisi) ilə zahiri (çölü) eyni cürdür, hətta batini zahirindən daha üstündür”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.