İslamın kökləri - üsulüd-din

/ Bazar ertəsi, 14 Yanvar 2013 14:41
İslamın kökləri - üsulüd-din

“Üsulüd-din” sözü ərəb dilindən tərcümədə dinin kökləri, əsas hissələri mənasını verir. Üsulüd-din İslam dininin dəyişməz əqidə prinsiplərindən ibarətdir. Füruüd-din adlanan ikinci dərəcəli, daha kiçik və təfərrüatlı hökmlər üsulüd-dinə əsaslanmaq yolu ilə əldə edilir.

Əgər İslam dinini ağaca bənzətsək, üsulüd-din onun kökləri və gövdəsi, füruüd-din isə budaqları və yarpaqları kimidir. Müsəlmanın əməli (ibadəti) onun əqidəsindən qaynaqlanır. Şəriətin halal-haramına düzgün riayət etmək üçün əvvəlcə üsulüd-dini qəbul etmək lazımdır. Həmçinin, şəriət hökmlərini anlamaq və əsaslandırmaq üçün yenə dinin əsas prinsiplərinə dayaqlanmaq zəruri şərtdir.

Sırf terminoloji mənada “üsulüd-din” kəlməsi daha çox şiə mənbələrində xatırlanır. Əhli-sünnə məzhəbində bunun müqabilində “iman əsasları” və “İslamın şərtləri” məfhumları yer tutur. İman əsasları 6 maddədən ibarətdir: Allaha iman, peyğəmbərlərə iman, mələklərə iman, səmavi kitablara iman, axirətə iman və qəza-qədərə iman. İslamın şərtləri isə əhli-sünnə məzhəbinə görə, 5 maddədə cəmləşib: kəlmeyi-şəhadət, namaz, oruc, zəkat və həcc. Buna təfsili iman deyilir; çünki burada iman əsasları fəsillərə (maddələrə, bölümlərə) bölünüb. İmanın ikinci dərəcəsi isə icmali iman adlanır. Bu, səmimi qəlbdən və xalis niyyətlə kəlmeyi-şəhadəti söyləməklə sübuta yetir. Kəlmeyi-şəhadəti söyləyən şəxs Allahın qoyduğu və Peyğəmbərin çatdırdığı bütün hökmləri qəbul etdiyini və bununla da təfsili imanın bütün maddələrinə inandığını bildirmiş olur.

Şiə məzhəbində üsulüd-din 5 maddədən ibarətdir: tövhid (Allaha iman), nübüvvət (peyğəmbərlərə və Həzrət Mühəmmədin (s) son peyğəmbər olduğuna iman), məad (axirət həyatına iman), imamət (Peyğəmbərdən sonra 12 məsumun imamlığını qəbul etmək) və ədl (Allahın mütləq mənada ədalət sahibi olduğunu qəbul etmək). Bəzi alimlər bu maddələrdən ilk üçünü üsulüd-din, qalan ikisini (imamət və ədl) isə üsulül-məzhəb saymışlar. Yəni ilk üç məsələyə iman bəsləyən şəxs müsəlmandır, amma şiə deyil. İmaməti və ədli qəbul edən şəxs isə şiə hesab edilir. Qeyd edək ki, əhli-sünnə məzhəbində də iman əsaslarının üçü – Allaha, peyğəmbərlərə və məada inam daha vacib bilinir və təfsili imanın ilk mərhələsinə aid edilir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.