Allahdan başqasına səcdə etmək şirkdir

/ Cümə, 25 Oktyabr 2013 17:35
Allahdan başqasına səcdə etmək şirkdir

Böyük müsəlman alimləri həmişə mövhumatla barışmaz mövqedə durmuş, xurafatla mübarizənin ön cəbhəsində yer almışlar. XX əsrin ən məşhur mərceyi-təqlidlərindən olan mərhum Ayətullahül-üzma Seyyid Hüseyn Birucerdi bu istiqamətdə ardıcıl fəaliyyət göstərir, xurafatla mübarizədə öz nüfuzuna arxalanaraq ən ciddi addımlardan belə, çəkinmirdi.

Mərhum Ayətüllah Lənkəraninin xatirələrində oxuyuruq ki, bir dəfə Seyyid Birucerdi hara isə getmək üçün evindən çıxanda qapı ağzında durub gözləyən bir qoca kişi alimin ayaqlarına qapanıb öpməyə çalışır. O zamanlar ehtiyacı olan hər kəs Seyyid Birucerdinin evinə gəlib dərdini ona danışır və yardım alırdı. Bəzən alimi narahat etmək istəmədikləri üçün qapının ağzında durub gözləyirdilər ki, o evdən çıxanda yaxınlaşıb dərdlərini desinlər. Sadəlövh insanlar müctəhidə olan sevgilərini bəzən ifrat yollarla çatdırmağa can atırdılar. Amma Ayətullah Birucerdi Allahdan başqa kimsənin qarşısında səcdə etməyi caiz bilmir, hətta bunu küfr və haram sayırdı. Qocanın hərəkəti alimə elə pis təsir edir ki, əlindəki əsa ilə onun kürəyinə vurub acıqlanır: “Bu iş şirkdir, haramdır!” Alim oradan bir neçə addım uzaqlaşandan sonra dönüb geri qayıdır, qocanın əlindən tutub yerdən qaldırır və ondan üzr istəyir. Mehriban şəkildə ona başa salır ki, Allahdan başqa kimsənin qabağında əyilmək olmaz. Sonra onu müşayiət edən köməkçilərinə tapşırır ki, qocaya ehtiyacına uyğun qədər pul verib yola salsınlar. Bu hadisə iki mühüm cəhəti diqqətimizə çatdırır. Əvvəla, Seyyid Birucerdi qocanın hərəkətinə ciddi reaksiya verməklə onun səhvinin böyüklüyünü və cəmiyyət üçün hansı ciddi təhlükələr doğura biləcəyini göstərir. İkincisi, qocanı cəzalandırdıqdan sonra onun könlünü alır, bununla da müsəlmana hörmətsizlik etməyin, xüsusilə, yaşlı adamlarla hövsələsiz davranmağın bəyənilməz olduğunu bir daha bizə xatırladır.

Başqa bir vaxt Ayətullah Birucerdi Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmini ziyarət edərkən, bir əmmaməli ruhaninin qəbir qarşısında səcdə edib yeri öpdüyünü görür. Birucerdi hiddətlə ruhaniyə yaxınlaşır, əlindəki əsa ilə onun belini döyəcləyib tənbeh edir: “Bu nə işdir edirsən? Sən bu işinlə iki günaha yol verirsən. Birincisi odur ki, Allahdan başqasına səcdə edirsən. İkinci günahın ondadır ki, sən ruhanisən, camaat sənə baxıb ibrət alır. Sən bu işi görəndən sonra başqaları da bunu təkrar edəcəklər”.

Nəzərə almaq lazımdır ki, bu hadisələrin baş verdiyi dövrdə, Ayətullah Birucerdinin mərcəiyyəti zamanında şiə aləminə qarşı vəhhabilərin başçılığı altında hücum dalğası qalxmışdı. Ayətullah Birucerdi bu təhlükəyə cavab olaraq, məzhəblərarası yaxınlaşma ideyasını gündəmə gətirdi. O, bütün varlığı ilə çalışırdı ki, şiə aləmində mövcud olan, məzhəbdən deyil, cəhalətdən qaynaqlanan xurafat halları aradan qalxsın, Əhli-beyt yolu tamam gözəlliyi ilə dünya müsəlmanlarına tanıtdırılsın. Sünni-şiə vəhdətinin əldə olunması istiqamətində alim ciddi nailiyyətlərə imza atdı, bir çox mübahisəli məsələlərdə gərginliyi aradan qaldırmağı bacardı.

Böyük alim xurafat və mövhumata qarşı nə qədər barışmaz mövqe nümayiş etdirsə də, cəfəri məzhəbinin əqidə əsaslarına bir o qədər ciddiyyətlə yanaşırdı. Onun bu mövqeyi aşağıdakı misalda da aydın görünür. Səudiyyə Ərəbistanından İrana gələn bir nümayəndə heyətinin üzvləri xəbər göndərmişdilər ki, Qum şəhərinə gəlib Seyyid Birucerdi ilə görüşmək istəyirlər. Alim bunu eşidəndə rədd cavabı verir. Qonaqlara xəbər göndərir ki, gətirdiklri hədiyyələr içindən yalnız Quran nüsxələrini qəbul etməyə razıdır, amma onların özü ilə görüşmək istəmir. Yaxınları Ayətullah Birucerdidən bunun səbəbini soruşanda belə cavab verir: “Mən bilirəm ki, onlar Qum şəhərinə gəlsələr, mənimlə görüşəcəklər, amma öz əqidələrinə uyğun olaraq xanım Məsumənin məzarını ziyarət etməyəcəklər. Mən istəmirəm ki, xanım Məsuməyə qarşı bu hörmətsizlikdə mən də iştirak edim. Buna görə də, onların Quma gəlmələrinə razı deyiləm”.

islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.