Qəbirləri nə zaman ziyarət etmək bəyənilir? (İkinci hissə)

/ Bazar ertəsi, 22 İyun 2020 13:15
Qəbirləri nə zaman ziyarət etmək bəyənilir? (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/5126-qebirleri-ne-zaman-ziyaret-etmek-beyenilir-birinci-hisse)

Daha sonra Əllamə qeyd edir ki, hədisdəki “sübh açılandan (fəcrdən) gün çıxana kimi” ifadəsi “istiynaf”dır. Ərəb dilində istiynaf yeni fikrin başlanması deməkdir. Bildiyimiz kimi, bəzi Quran ayələrinin içində bir neçə fikir bildirilib. Ayə əvvəldən sona kimi bütöv qəbul edilsə də, ayənin məzmununu və hökmünü anlamaq üçün bu fikir dəyişmələrinə (növbələşmələrinə) diqqət yetirmək zəruridir. Bunu nəzərə almadan ayəni şərh etmək istəyən şəxs dərin yanlışlığa düşə bilər. Hədislərin də bir qismi belədir. Bəzən hədisdəki hökmün bütünlükdə hədis mətninin hamısına yoxsa bir qisminə aid olması mübahisələrə yol açır. Bu hədislə bağlı bəziləri belə düşünür ki, “sübh açılandan (fəcrdən) gün çıxana kimi” ifadəsi ölülərə genişlik (rahatlıq) verilməsi ilə bağlıdır. Əllamə Məclisi isə yazır ki, bu ifadə sonrakı cümləyə aiddir, yəni günün həmin hissəsində ölülər, onların ziyarətinə gələnləri tanıyırlar. Başqa sözlə desək, ölülər, onların ziyarətinə gələnlərdən yalnız cümə günləri deyil, bütün günlərdə fəcrdən gün doğana kimi müddət ərzində xəbər tuturlar. Amma gün doğandan sonra onlara icazə verilir ki, ruhları qəbri tərk etsin və kənara çıxsın. Bundan sonrakı vaxt ərzində onların ruhu qəbirlə bağlı olmadığı üçün ziyarətə gələnləri görməzlər. 

Burada gün doğandan sonra ölülərin (yəni onların ruhunun) qəbrdən çıxmaq barədə icazə almaları və qəbirdən çıxmaları sual yarada bilər. Başqa hədislərdən bilirik ki, ölülərin ruhu müəyyən vaxtda öz evlərinə, yaxınlarının yanına gəlməyə icazə ala bilir. Əlbəttə, bu icazə bütün ölülər üçün eyni deyil. Onlar öz dərəcələrinə, yəni dünya həyatındakı əməllərinə və buna müvafiq olaraq, bərzəx aləmindəki yerlərinə uyğun olaraq fərqli şəkillərdə “mükafat” alırlar. Daha uca məqamda olan ölülərin ruhuna hər cümə günü öz yaxınlarını ziyarət etmək icazəsi verilir. Aşağı məqamda olanlar daha məhdud icazə ilə kifayətlənməli olurlar (ayda və hətta ildə bir dəfə) (bax: Bihar əl-ənvar, 6-cı cild, səh. 256-257).

Qəbir ziyarətinin vaxtı barədə çox istinad edilən hədislərdən biri də İmam Sadiqə (ə) mənsubdur. Həzrət buyurub: “Ölülərinizi gün çıxandan əvvəl ziyarət etdiyiniz zaman onlar sizi eşidir və cavab verirlər. Amma gün çıxandan sonra onları ziyarət etdiyiniz zaman onlar sizi eşidirlər, amma cavab vermirlər”.

Bu hədisi mərhum Əllamə Məclisi “Bihar əl-ənvar” məcmuəsində ziyarətlə bağlı bölümdə (102-ci cild, səh. 297) Əli ibn Əsbatın “əl-Nəvadir” kitabından rəvayət etmişdir. Əli ibn Əsbat Kufi əvvəlcə “fətəhiyyə” məzhəbində olmuşdur. Fətəhiyyə və ya əftəhiyyə məzhəbinin ardıcılları İmam Cəfər Sadiqdən (ə) sonra o həzrətin böyük oğlu Abdullah Əftəhin imamətini qəbul etmiş və İmam Musa Kazimə (ə) qoşulmamışdılar. Əli ibn Əsbat sonralar İmam Mühəmməd Təqinin (ə) hidayəti ilə 12 imam şiəliyinə qədəm qoymuşdu. O, hədis alimləri tərədindən güvənli sayılır.

Əli ibn Əsbatın “əl-Nəvadir” kitabı ilkin şiə hədis mənbələrindən sayılan 16 risalə (bunlara “əsl” deyilir) ilə birlikdə çap olunmuşdur. Həqiqətən, həmin kitabda bu hədisə rast gəlirik (əl-Üsul əl-sittə əşər, səh. 345, hədis 578/21). 

(Bu hədisi mərhum Şeyx Abbas Qumi “Məfatih əl-cinan” adlı məşhur dua məcmuəsində İbn Qovləveyhin “Kamil əl-ziyarat” kitabına istinadən nəql etmişdir. Sonrakı mənbələrin də bir çoxu eyni yolla getmiş və mənbə olaraq “Kamil əl-ziyarat”ı göstərmişlər. Lakin araşdırmamız nəticəsində “Kamil əl-ziyarət” kitabında belə bir hədis tapa bilmədik. Zənnimizcə, hədisin bu mənbəyə aid edilməsi texniki yanlışlıq nəticəsində baş vermişdir). 

Deyilənlərdən bu nəticəni ala bilərik: Qəbirləri həftənin aşağıdakı günlərində və saatlarında ziyarət etmək daha artıq savaba malikdir:

Cümə günü – sübh azanından gün çıxana kimi.

Cümə axşamı – günün ikinci yarısı.

Şənbə günü – sübh azanından gün çıxana kimi və ya axşamüstü.

Bazar ertəsi günü.

Əllamə Məclisinin şərhinə görə, ölülər, onların ziyarətinə gələnləri yalnız cümə günü deyil, həftənin qalan günlərində də fəcrdən (sübh azanından) gün çıxana kimi müddət ərzində tanıyırlar və ziyarətdən sevinirlər.

Qeyd edək ki, məzarlığı sübh tezdən, gün çıxana kimi ziyarət etmək insanların əksəriyyəti üçün çətindir. Qəbristanlığa yaxın məsafədə yaşayan şəxslər bu savabdan bəhrələnmək imkanına malikdirlər. Uzaqda yaşayanlar isə sübh namazından sonra evdə ölülərin ruhuna Quran surələri və dua oxumaqla onları sevindirə bilərlər.

 

Please publish modules in offcanvas position.