Təsəvvüfün süqutu (ikinci məqalə)

/ Cümə axşamı, 27 Mart 2014 14:41
Təsəvvüfün süqutu (ikinci məqalə)

Daha sonra Əllamə Təbatəbai sufiliyin zəifləyib aradan çıxma səbəblərini izah edir və bu səbəblərdən ikisi üzərində dayanır:

“Onların süqutunun ilk səbəbi bu idi ki, həyatın hansı sahəsi kütlənin vəziyyətinə daha yaxın olub onun hörmətini qazanırsa və camaat hərisliklə o tərəfə meyl edirsə, mənafe sahiblərinin xoşuna gəlmədiyi və mənafelərinə zidd olduğu üçün tez həmin dona girirlər, bu yolla fəsad törədib, nəticədə camaatda nifrət oyadırlar”.

Əllamə Təbatəbai demək istəyir ki, sufilik inkişaf edib xalq arasında hörmət qazandıqca, onun ruhuna yad olan ünsürlər düşmənçilik məqsədilə sıralarına soxulur, sufi adı altında pozucu və təxribatçı fəaliyyətlə məşğul olur, nəticədə camaatın ürəyi sufilikdən soyuyurdu.

“Bu tənəzzülün ikinci səbəbi bu idi ki, sufilərin bəzi başçıları nəfsi tanımaq yolunun (mərifəti-nəfs) şəriət qanunlarında bəyan edilmədiyini, amma Allah tərəfindən bəyənildiyini söylədilər. Necə ki, xristianların rahiblik etmələrini Allah onlara buyurmamışdı, amma bu əməli bəyənmişdi: “Onlar özlərindən rahiblik icad etdilər. Biz rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, amma ona layiqincə əməl etmədilər” (Hədid, 27). Qara camaat bu sözü onlardan qəbul etdi. Bu da onları (sufiləri) həsəsləndirdi ki, İslam şəriətindən götürülməmiş tərz və təriqətlər, dəb və adətlər yaratsınlar. Beləliklə, ardıcıl olaraq yeni dəblər yaradılır və əvəzində  digər şəriət qaydaları kənara atılırdı. Axırda elə bir vəziyyət yarandı ki, şəriət bir tərəfdə, təriqət isə tamam başqa tərəfdə qaldı və təriqət haram işlərə, dini vacibatın tərkinə doğru təhrik olundu. Şəriət vəzifələrini (təklif) aradan götürdülər, “qələndərlik” və sair cərəyanlar peyda oldu. Təsəvvüfdən yalnız dilənçilik, tiryək və həşişə aludəçilik qaldı; bütün bunlar da sufiliyin süqutuna səbəb oldu.

Ağla və məntiqə əsaslanan Qurani-kərimin və hədislərin bu məsələ barədə hökmü belədir ki, şəriətin zahiri qatı altında batini həqiqətlərin gizləndiyinə və bəşəriyyətin həmin həqiqətləri öyrənməli olmasının zərurətinə inanmaq tamamilə sağlam əqidədir. Lakin əsas məsələ dinin zahiri  ehkamlarını öz mənalarına uyğun olaraq yerində işlətmək və onlardan yerli-yerində istifadə etməkdir. Ola bilməz ki, şəriətdə zehnin yol göstərə bilmədiyi batin gizlənmiş olsun, yeganə hədəf və yol da batin sayılsın. Mümkün deyil ki, şəriətdə şəriət sahibinin qafil olduğu, laqeydlik və ya başqa səbəb üzündən bəyan etmədiyi məsələlər mövcud olsun. Allah-təala buyurmuşdur: “Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik” (Nəhl, 89)”.

Sonra Əllamə Təbatəbai irfanla sair elmləri birləşdirmək cəhdləri barədə məlumat verir: “Alimlərin bir hissəsi öz elmi səviyyələrinə uyğun olaraq, müxtəlif üslublar əsasında dinin zahiri ilə irfanı birləşdirməyə çalışdılar; məsələn, İbn Ərəbi, Əbdürrəzzaq Kaşani, İbn Fəhd, Şəhidi-Sani, Feyz Kaşani kimi.

Başqa bir dəstə fəlsəfə ilə irfanı birləşdirməyə cəhd göstərdi. Əbu Nəsr Farabi, Şeyx Şihabəddin Sührəvərdi, İbn Türkə və başqaları bu dəstədəndirlər.

Qazi Səid və sairləri də dinin zahirini fəlsəfə ilə birləşdirməyə səy etdilər.

Bəziləri isə bunların hamısını birləşdirməyə çalışdılar. Məsələn, İbn Sina (təfsir və başqa mövzulu kitablarında), Sədrül-mütəəllihin Şirazi (kitab və məqalələrində) və b.

Bütün bunlara baxmayaraq, bu köklü fərq yenə qalmaqda davam edir. Fərqləri aradan qaldırmaq üçün edilən cəhdlər uçurumu daha da dərinləşdirmiş və alovu daha da  gücləndirmişdir”.

Please publish modules in offcanvas position.