İslamı kim başa düşür!?

/ Çərşənbə axşamı, 24 İyun 2014 15:17
İslamı kim başa düşür!?

Sunna.az saytı ilə məqalə mübadiləsi çərçivəsində dərc olunur.

İslamı kim başa düşür! Bir neçə gün öncə medianın, xüsusilə gənclərin yaxşı tanıdığı “ziyalılardan” biri çox pafoslu şəkildə belə bir fikir irəli atdı ki, “ay balam, siz bu dini ərəblərdən yaxşı bilirsiz?, onlar 14 əsrdir bu Quranı oxuyurlar və oxuduqları Qurandan yola çıxaraq da cihad edib camaatın başını kəsir, inanmayanları öldürür, inananları da “doğru inanmağa” vadar edirlər və s.”. İlk baxışda haqlı kimi görünən bu fikri bir az çək-çevir eliyəndə isə görürsən ki, çox hiyləgərcəsinə soruşulan bu sualın cavabı, iddiaçının düşündüyü kimi deyil. Əgər bir fikrin, nəzəriyyənin, fəlsəfənin və ya ideologiyanın  doğruluğunu ən yaxşı o fikri, nəzəriyyəni, fəlsəfəni və ya ideologiyanı ortaya atan kimsənin sahib olduğu dilə mənsub olanlar doğru anlasaydı, o zaman bu gün bütün yunanların filosof olması lazım idi. Çünki fəlsəfənin beşiyi sayılan Yunanıstanda doğulub boya-başa çatan Aristotel, Platon və digərləri yunan dilində danışırdılar, yazırdılar, yaradırdılar. O zaman fəlsəfədə “müəllimi-əvvəl” (ilk müəllim) hesab olunan Aristoteldən sonra “müəllimi-sani” (ikinci müəllim) milliyətcə türk, lisanca ərəb olan Farabi yox, yunan dilində səlis danışmağı bacaran və yunan qrammatikasını dəqiq bilən bir “filankəsos” olmalıydı. Yaxud da, alman fəlsəfəsinin dahisi Kantı ən yaxşı tanıyanlar elə alman dilini danışanlar olmalıydı və onu oxuyan hər bir almanın filosof olması lazım idi. Əlqərəz, buna misalların sayını çoxaltmaq mümkündür,  lakin, məramımızı və mətləbimizi çatdırmaq üçün çatana elə bu da bəs olar.

Gələk bu “ərəblərin”  və ya “əcəmlərin” Qurandan niyə döyüşməyi, baş kəsməyi, adam öldürməyi anladığı məsələsinə. Qardaş, məsələ burasındadı ki, adamın gərək din kimi qəliz və önəmli məsələni anlaması üçün əlində bir meyar ola. Yəni ki, bu qədim problemin kökündə yatan səbəb, iddial olunduğu kimi, nə ərəblərin döyüşə meyilli olması, nə də insanın baş kəsməkdən ləzzət almasıdır.

Bu İslam dinimizin müqəddəs kitabı Qurani-kərim ki, var, onun ayələrinin endirildiyi tarix, mühit, şərtlər və məqsədlər nəzərə alınmadan “mən bu işi anladım” deyən ya yalan deyir, ya da ki, sözün ən yumşaq mənasında yanılır.

Bir misal verim: Bilənlərə məlumdur ki, Quranda əmr və ya qadağa qəlibi ilə işlədilən sözlər adətən vaciblik bildirir. Yəni ki, “edin”(etməyin), “baxın”(baxmayın),  “oyanın”(yatmayın), “düşünün”(batmayın) və s. kimi əmr və qadağa ifadələri dinən vücubiyyət ifadə edir. Bu məcradan yola çıxaraq Qurandakı bir ayəyə nəzər salaq: “Ey iman gətirənlər, evlərə arxasından girməyin, qapıdan girin!”(Bəqərə, 2/189).  Əgər bizə təfsir, tarix, təvil, məqasid elmi gərək deyilsə və bu elmlər bidətdirsə,  bu ayəyə görə “evə arxa tərəfdən girmək Allahın əmrinə qarşı çıxmaqdır ki, günahdır, evə qapıdan girmək lazımdır ki, savabdır”. Di gəl ki, təfsir elminə nəzər salanda görürük ki, bu ayənin qadağan etmək istədiyi şey, o dövrdə həccə gedən mədinəli müsəlmanlar arasında yayılmış olan yanlış bir əqidədir. Belə ki, həcdən qayıdan  müsəlmanlar evə arxa tərəfindən girərmiş və bunun savab bir iş olduğunu düşünərlərmiş. Halbuki, Allah bunun savab olmadığını və gərəksiz bir əməl olduğunu bildirir.

İndi Quran ayələrinin zahirinə görə hökm verənlərin və təfsiri, təvili, tarixi və məqasidi qəbul etməyənlərin niyə bu gün əcaib davranışlar göstərdiyini başa düşürükmü!? Zahirə görə hökm verməyin insanı hansı komik vəziyyətlərə saldığını anlayırıqmı? Anlamırıqsa, başqa bir misal verim: Məlumdur ki, Hz. Peyğəmbər “misvaq”-ı ümmətinə tövsiyyə buyurub. Misvaq sözü ərəb dilində dişi təmizləmə prossesinin adıdır. Hal-hazırda “misvaq” deyilən diş təmizləyici odun növü ərəb dilindəki “ərəq” ağacındandır.  Yəni, Hz. Peyğəmbərin bizə  tövsiyə buyurduğu şey dişləri təmizləməkdir, diş təmizləyici deyil. Yenə əlqərəz, bir nəfər ərəb dilini çox gözəl bilən bir müsəlman ölkəsində qarşılaşdığı hadisəni belə nəql eliyir: “Məscidin həyətindəki dəstəmazxanada hər su çeşməsinin başında zəncirlə bağlanan bir misvaq asılıb və orada dəstəmaz alan hər mömin namazdan qabaq həmən misvaqla  ağzını təmizləyir və Peyğəmbərin tövsiyəsini “yerinə yetirir”.  Diqqət edin, təmizlik məqsədilə bəyan buyurulmuş bir məsələ, yanlış anlaşılma nəticəsində mikrob yayan, yoluxucu xəstəlik mənbəyinə çevrilir. Başqa bir çox məsələdə də belə olur.

Deməli, din kimi nəzəri, tarixi, ictimai,  psixoloji və fəlsəfi təməlləri olan məsələni anlamaq üçün dil bilmək yox, dildən anlamaq lazımdır. Bu gün müsəlman ölkələrinin əksəriyyətində (bir qismində deməyi çox istəyərdim!) hakim olan zahirilik, şəkilçilik, formallıq,  məna yoxsunluğu, irfan əskikliyi, düşüncə azlığı İslamın döyüş dini, elm düşməni kimi göstərən “islamofobiyanın” yaranmasına səbəb olub. Şübhəsiz ki, burda “xarici”  məkrli qüvvələrin rolu az deyil. Ancaq hər şeyi “xarici” qüvvələrdə axtaranda da bəzən özümüzü unuduruq. Üstündən 14 əsr  keçməsinə baxmayaraq yenə də “Quranı yenidən oxumalıyıq!”-demək təəssüf doğurucu olduğu qədər, ağrı vericidir həm də.

Quranda döyüş ayələri, cihad prinsipləri yoxdurmu? Əlbətdə var. Məsələ burasındadır ki, Quran elmləri içərisində “əsbabun-nüzul” deyilən bir prinsip var ki, bu prinsip bir çox şeyi izah edir. Bu elm, ayələrin hansı səbəblə, hansı mühitdə və hansı məqsədlərlə nazil olduğunu bizə göstərir. Quran ayələri gündəlik hadisələrə, baş verən olaylara görə səbəb-nəticə zəminində nazil olmuşdur. Döyüş əsnasında nazil olmuş bir ayənin və o anda müsəlmanları düşmən üstünə getməyə səsləyən fikirlərin öz məzmunundan, tarixi şərtlərindən çıxardılaraq əbədiyaşar prinsiplər kimi təqdim olunması metodsuzluq, meyarsızlıq və daha dəqiq desək düşüncəsizlik nəticəsindədir və bu düşüncəsizlik durumundan xilas olmaq üçün ərəb dilini bilmək kifayət etmir.

Rafiz Manafov

sunna.az

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.