Bunu etməsəniz, pis adamlar sizə hakim olarlar

/ Şənbə, 20 Sentyabr 2014 15:24
Bunu etməsəniz, pis adamlar sizə hakim olarlar

“İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin! Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!”

Həzrət Əlinin (ə) vəsiyyətindən

İslamın mühüm hökmlərindən və müsəlman əxlaqının vacib cəhətlərindən biri insanları yaxşı işlərə çağırıb, pis işlərdən çəkindirməkdir. Dini mənada buna “əmr bil-məruf və nəhy ənil-münkər” deyilir. Burada “məruf” deyərkən, din və şəriətdə tövsiyə edilən, insan fitrəti tərəfindən bəyənilən əməllər, “münkər” deyərkən, din və şəriətin məzəmmət etdiyi və insan fitrətinin alçaq saydığı işlər nəzərdə tutulur. Qurani-kərimdə hikmətli Loğmanın əmr bil-məruf və nəhy ənil-münkəri öz oğluna təkidlə tapşırmasından danışılır: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman, 17). Bu məsələ o qədər mühümdür ki, şiə məzhəbinə görə, fürui-dinin 10 maddəsindən ikisi əmr bil-məruf və nəhy ənil-münkər sayılır.

Əmr bil-məruf və nəhy ənil-münkər cəmiyyətin sağlamlığını tənzimləyən, onu təhlükələrdən və mənfi təmayüllərdən qoruyan mexanizmdir. Əgər hər kəs öz əhatəsində bunu etsə və verilən tövsiyələrə qulaq assa, onda hər yerdə gözəlliklər hakim olar və çirkinliklər aradan qalxar. Əmr bil-məruf və nəhy ənil-münkərin sayəsində insanlar bir-biri üçün həm xeyirxah dost, həm də qayğıkeş nəzarətçi rolunu ifa edirlər. Başqalarına yaxşılıqları tövsiyə edib, pisliklərdən çəkindirən adam adətən özü də bunlara əməl etməyə çalışır. Beləliklə, əmr bil-məruf və nəhy ənil-münkər həm də insanın özünütərbiyə metodudur.

Həzrət İsa Peyğəmbərə (ə) nazil olmuş əsil İncildə buyurulurdu: “Hər kəs qardaşını ilan sancacağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qətlində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərikdir”.

Bununla belə, dinimiz əmr bil-məruf və nəhy ənil-münkər üçün də hüdudlar təyin etmiş və hətta bəzi hallarda onu icazəli bilməmişdir. Bu şərtlərdən birincisi budur ki, əmr bil-məruf və nəhy ənil-münkər edən adam nəyin yaxşı, nəyin pis olduğunu yaxşı bilməlidir. Kifayət qədər məlumatı olmayan, insanların boynundakı vəzifəni tam anlamayan, işlərin xeyirlilik və ziyanlılıq dərəcəsini ayırd etməyən şəxs bu vəzifədən azaddır.

İkinci şərt - əmr bil-məruf və nəhy ənil-münkərin faydalı olacağına ümid etməkdir. Əgər insan öz sözlərinin tam təsirsiz qalacağına və hətta məsxərə ilə qarşılanacağına əmindirsə, sükut edə bilər.

Üçünçü məhdudiyyət bundan ibarətdir ki, əmr bil-məruf və nəhy ənil-münkər edən şəxsin canına, malına və namusuna təhlükə olmamalıdır. Əgər insan nəsihət verdiyi şəxs tərəfindən zülm və təhqirə məruz qalacağını bilirsə, bu halda susması məsləhətdir.

Şərtlərdən biri də budur ki, əmr bil-məruf və nəhy ənil-münkər camaat içində, xəcalət gətirəcək tərzdə edilməməlidir. Əks halda, həm pis hərəkətə yol vermiş adamın abrı əldən gedə bilər, həm də o adam daha da acığa düşüb öz günahında israr edər.

Nəhayət, əmr bil-məruf və nəhy ənil-münkər edən şəxs əmin olmalıdır ki, nəsihət verdiyi adam pis işindən tövbə etməyib və peşman olmayıb. Bir adam keçmişdə günah edibsə, indi onu təkrarlamırsa, həmin günah unudulub yaddan çıxıbsa, bir daha onu yada salmağa dəyməz.

islam.az

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.