Qonaq gəlməyən evə mələklər girməz

/ Çərşənbə axşamı, 23 Sentyabr 2014 15:25
Qonaq gəlməyən evə mələklər girməz

Qarşıdan Qurban bayramı gəlir. Həm dini, həm də milli adət-ənənəmizə uyğun olaraq, bayram günlərində ya bir-birinin evinə qonaq gedəcək, ya da gələn qonaqları qarşılayacağıq. Ona görə də, dini mənbələrimizdə qonağa aid olan bəzi tövsiyələri yada salmağı lazım bilirik.

Hər şeydən əvvəl bunu qeyd edək ki, dinimizdə qonaq qəbul etmək möminə məxsus olan ən müsbət cəhətlərdən biri sayılır. Qonaq qəbul etmək bilavasitə İslamın bir neçə əxlaqi qaydalarının icrası deməkdir. Qonaq qəbul edən şəxs səxavət göstərmiş olur. Adətən, qonaqların böyük bir hissəsi (xüsusilə, bayram günlərində) qohumlardan ibarət olduğu üçün, məsələnin kökündə həm də sileyi-rəhim (qohumlarla mehriban əlaqə saxlamaq) durur. Qonaq qəbul edən şəxs təvazö və səbrlə davranmağa borcludur ki, bu da müsəlman əxlaqının əsas cəhətləridir. Beləliklə, qonağı layiqli şəkildə qəbul edib, onun haqqını gözləyən şəxs əslində bu işlə bir neçə əxlaqi göstərişə əməl etmiş sayılır və müvafiq olaraq, bir neçə qat savab qazanır.

Müqəddəslərimiz qonaqsevər olmuş, evi qonaqsız təsəvvür etməmişlər. Qurani-kərimdə evinə qonaq gəlmiş üç mələklə münasibəti bizə nümunə göstərilən Həzrət İbrahim Peyğəmbər (ə) rəvayətlərə görə, şəhərə gələn qonaqları hamıdan əvvəl öz evinə aparmağa və yedizdirməyə çalışırdı. Peyğəmbərimizin ulu babası Haşim də bu cür xasiyyətə malik idi. Hətta onun adının da bununla əlaqəli olduğunu söyləyirlər. Ərəblər çörəyi xırda-xırda doğrayıb xörəyin içinə tökən adama “haşim” deyir¬lər. Haşim də qonaqlara bu yolla ehsan etdiyi üçün həmin ləqəbi qazanmışdı. Haşim o zamanlar Məkkəni ziyarət etməyə gələn ərəb qəbilələrinin nümayəndələrini öz evinə qonaq aparar, onlara ikram edərdi.

İmamlarımızın həyatında da qonaqpərvərliklə bağlı xeyli nümunələr vardır. Bir gün səhabələr İmam Əlinin (ə) qəmgin dolaşdığını görürlər. Səbəbini soruşanda o həzrət buyurur ki, bir həftədir evimə qonaq gəlmir. Qorxuram ki, bəlkə Allah məndən öz mərhəmətini kəsib deyə, evimə qonaq göndərmir.

Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Əlinin (ə) düşüncəsində bir evin ölçüləri və hətta dəyəri orada qəbul edilən qonaqlarla ölçülür. Peyğəmbərimiz buyurmuşdu ki, qonaqsız evə mələklər daxil olmazlar. İmam Əli (ə) Əla ibn Zahid adlı bir tərəfdarının Bəsrədəki evinə qonaq gələndə, evin çox geniş ölçülərə malik olduğu onun gözündən yayınmır. İmam ev sahibinə müraciət edərək buyurur: “...Bu evin vasitəsilə qiyamətdə özünə gözəl bir yer qazana bilərsən. Bu şərtlə ki, bu evdə qonaq qəbul edəsən, qohumlarla ünsiyyət saxlayasan, haqqı lazımi istiqamətlərdə əda edəsən”.

Maraqlıdır ki, Azərbaycan xalqının da düşüncəsində qonaq həmişə ən uca ehtirama malik olmuşdur. Azərbaycanlılar hətta evin ayrıca bir otağını qonaq üçün ayırırlar. Özü də qonaq otağı evin ən hörmətli yerində, bəzən üst mərtəbədə olur. Bu gün də yeni ev tikənlər “qonaq otağı” deyə, xüsusi bir otaq ayırmağı unutmurlar.

Ev sahibinin borcu budur ki, evinə gələn qonağa əlindən gələn hörməti göstərsin və bacardığı qədər qulluq etsin. Peyğəmbərimizə aid olan “qonaq kafir olsa belə, ona ikram edin” hədisi dillər əzbəri olub, zərbi-məsələ çevrilib. O həzrət qonaq üçün ayağa qalxar, öz altındakı döşəyi qonağa təklif edərdi. Peyğəmbərimiz buyurub: “Kim Allaha və axirət gününə iman gətiribsə, qonağa ikram etsin (yəni qonağı əzizləsin)”.

İmam Əlinin (ə) evinə qonaq gələndə özü və övladları onun xidmətində dururdular. Hətta süfrəyə aftaba-ləyən gətiriləndə, əvvəlcə İmam Əli (ə) şəxsən yaşlı qonağın əlinə su tökür, sonra Həzrət Həsən (ə) qonağın oğluna bu cür qulluq edirdi.

islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.