Bunlara əməl etməklə müsəlmanlar süstlükdən qurtula bilərlər

/ Çərşənbə axşamı, 02 Dekabr 2014 12:18
Bunlara əməl etməklə müsəlmanlar süstlükdən qurtula bilərlər

İslami terminlər arasında təvəlla və təbərraya da rast gəlirik. Ərəb dilindən tərcümədə təvəlla – dostluq, təbərra isə üz çevirmək, rədd etmək mənasını verir. Təvəlla və təbərra nümunəvi müsəlman əxlaqının ən vacib elementlərindəndir. Cəfəri məzhəbində təvəlla və təbərra füruüd-dindən sayılır.

Təvəllanın mənası budur ki, müsəlman hər zaman Allahın sevdiyi insanları sevməli, Allahın mömin bəndələri ilə, haqqın tərəfdarları ilə dostluq və həmrəylik halında olmalıdır. Təbərra isə bu deməkdir ki, müsəlman həmişə Allahın düşmənləri ilə düşmənçilik etməli, Allahın sevmədiyi insanlardan üz çevirib uzaqlaşmalıdır. Qurani-kərimdə buyurulur: «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşməninizi dost tutun!.. Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!» (Mümtəhinə, 1, 8-9).

Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: «İman zəncirinin hansı halqası daha möhkəmdir (yəni imanı möhkəmlədən əməl hansıdır)?». Səhabələrin bəzisi «namaz», bəzisi «zəkat», bir qismi «oruc», başqa bir qismi «həcc», bir neçəsi isə «cihad» deyə cavab verdi. Peyğəmbər buyurdu: «Dediklərinizin hamısı fəzilətli əməllərdir. Amma iman zəncirinin ən möhkəm halqası – Allah naminə sevmək və Allah naminə düşmənçilik etməkdir, Allahın dostları ilə dost olmaq və Allahın düşmənlərindən kənar durmaqdır».

Buna oxşar bir kəlam da İmam Cəfər Sadiqə (ə) mənsubdur: «İman zəncirinin ən möhkəm halqası Allah naminə sevmək, Allah naminə düşmənçilik etmək, Allaha xatir vermək və Allaha xatir əsirgəməkdir».

Təvəlla və təbərra yalnız insanın müasirləri olan yaxşı və pis adamlara münasibətlə məhdudlaşmır. Yüz illərlə əvvəl yaşamış şəxslərin ruhuna, xatirəsinə və əməllərinə münasibət göstərmək də təvəlla və təbərra sayılır. Allah dostları həyatda olmasalar da, ruhları ehtiramla yad edilməli, əməlləri təqdir olunmalı, sözləri mötəbər sayılmalıdır. Əksinə, din və əqidə düşmənlərinin həm ruhu, həm ideologiyası, həm də söz və əməlləri rədd edilməli, onların çirkin siması tanıtdırılmalıdır.

Təvəlla və təbərranı imkan dairəsində əməllə, bu mümkün olmadıqda dillə icra etmək lazımdır. Əgər şərait bunlara imkan verməsə, heç olmazsa, insan ürəyində yaxşı və pis adamlara öz münasibətini bildirməlidir. Təvəlla və təbərra müsəlmanı laqeyd və məsuliyyətsiz həyat tərzi sürməyə qoymur, onu öz mövqeyini ortaya qoymağa, öz iradəsini nümayiş etdirməyə sövq edir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.