Qəbir ziyarəti Quranda qadağan edilməyib

/ Şənbə, 14 Fevral 2015 12:19
Qəbir ziyarəti Quranda qadağan edilməyib

Qurani-kərimdə qəbir ziyarətini birbaşa qadağan edən və ya icazəli bilən, onun şərtlərini və qaydalarını açıqlayan ayə mövcud deyil. Müqəddəs kitabın bəzi ayələrindən çıxarılan nəticələr və təfsirlərdə verilmiş şərhlər bu məsələlərə aydınlıq gətirir.

Qəbir ziyarətini haram bilən radikal cərəyanların öz fikirlərinə sübut kimi gətirdikləri ayələrdən birini diqqətinizə təqdim edirik:

Allah-təala öz Peyğəmbərinə münafiqlərin cənazəsinə namaz qılmağı və onların qəbri üzərində durmağı qadağan edir: “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər” (Tövbə, 84).

Təfsirlərdən məlum olur ki, bu ayə Mədinə münafiqlərinin başçısı Abdullah übn Übeyy ibn Səlul haqqında nazil olmuşdur. O zamana kimi Peyğəmbərimiz möminli-münafiqli müsəlman cəmiyyətinin bütün üzvlərinin cənazəsinə namaz qılar, dəfnində iştirak edərdi. Abdullah ibn Übeyy vəfat edərkən bu ayə nazil olur və Allah tərəfindən Peyğəmbərimizə bundan sonra münafiqlərin dəfninə qatılmamaq və onlara cənazə namazı qılmamaq əmr edilir.

Ayədəki “əbəda” kəlməsinə xüsusi diqqət yetirmək lazımdır. “Əbəda” kəlməsi qadağanın yalnız bir dəfə ilə məhdudlaşmadığını, hər zamana aid olduğunu göstərir. “Əbəda” kəlməsinin mənası budur ki, münafiqlərin qəbri üzərində heç zaman durmaq olmaz; istər dəfn zamanı, istərsə də dəfndən sonra. (Əgər yalnız dəfn nəzərdə tutulsaydı, “əbəda” kəlməsi işlənməzdi).

Elə isə, münafiq olmayan şəxslərin məzarına münasibətdə bu qadağan öz qüvvəsini itirmiş olur. Başqa sözlə desək, ayə yalnız münafiqlərin cənazəsinə namaz qılmağı və qəbirləri üzərində durmağı qadağan edir, mömin ölülər üçün belə bir qadağan yoxdur. Həm də ayədə iki əməldən yanaşı danışılır: cənazəyə namaz qılmaq və qəbri üzərində durmaq. Məlumdur ki, cənazəyə namaz qılmaq nəinki caiz, hətta vacibdir və dəfnin səhih olması şərtlərindəndir. Əgər belədirsə, məzar üstə durmaq da (yəni məzarı ziyarət etmək də) caizdir.

Bir çox təfsir alimləri ayədəki “qəbrinin başında durma” ifadəsini konkret olaraq ziyarət mənasında şərh etmiş və öz təfsirlərində bunu qəti surətdə təsbit etmişlər. Bu sırada məşhur tarixçi Qazi Beyzavinin təfsiri xüsusi yer tutur. Qazi Beyzavi “qəbrinin başında durma” ifadəsini qeyd etdikdən sonra açıqlama verir: “Qəbrinin yanında dəfn və ziyarət üçün durma” (III cild, səh. 92). “Təfsirül-Cəlaleyn”də ayəyə izahedici qeyd olaraq “dəfn və ziyarət üçün” ifadəsi işlədilib. İsmail Həqqi Əfəndi “Ruhül-bəyan” təfsirində “dəfn yaxud ziyarət və dua üçün qəbrinin yanında durma” şərhini verib (III cild, səh. 478). “Ruhül-məani” təfsirinin müəllifi Alusi isə məsələyə daha da geniş izah gətirib: “Bəzilərinin sözündən anlaşılır ki, buradakı “əla” (üzərində) sözü “ində” (yanında) mənasındadır. Məqsəd budur ki, qəbrinin yanında dəfn və ziyarət üçün durma” (X cild, səh. 155).

Radikal düşüncəli bəzi şəxslər “Təkasür” surəsindəki “hətta zürtümül-məqabir” (“Ta ki, qəbirləri ziyarət etdiniz”; Təkasür, 2) ifadəsini də qəbir ziyarəti mövzusuna aid edir və bununla da qəbir ziyarətinin haram olduğunu əsaslandırmağa çalışırlar. Halbuki, həm bu ayədən əvvəlki və sonrakı ayələrin kontekstindən, həm də müxtəlif təfsirlərdən aydın olur ki, burada qətiyyən qəbir ziyarətindən söhbət getmir. Ayə öz mal-dövlətinə məğrur olub zülm edən insanların ölüb qəbrə gedəcəklərindən danışır və onları axirətlə qorxudur. Ayəni qəbir ziyarətinin haramlığı mənasında təfsir etmək ən azı Quran ruhundan xəbərsiz olmağın göstəricisidir.

islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.