Qəbir ziyarətini haram bilənlərin daha bir arqumentinə cavab

/ Şənbə, 25 Aprel 2015 17:06
Qəbir ziyarətini haram bilənlərin daha bir arqumentinə cavab

(birinci hissə)

Qəbir ziyarətinə qarşı radikal qrupların irəli sürdüyü iddialardan biri də bundan ibarətdir: “Yalnız məscidi ziyarət etmək olar. Qəbirləri ziyarət etmək günahdır”. Başqa sözlə desək, Peyğəmbərin və ya hər hansı başqa bir şəxsin məzarını ziyarət etmək məqsədi ilə yola çıxmaq günahdır. Amma qəbir ziyarəti qəsdi olmadan, məzarın yerləşdiyi məscidi ziyarət etmək və içində namaz qılmaq üçün getmək olar.

Bu iddianı müdafiə edənlər öz sözlərinə aşağıdakı hədisləri sübut gətirirlər: Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurub: “Üç məsciddən başqa məqsədlə səfər edilməz: Məscidül-həram, Peyğəmbər məcsidi və Məscidül-Əqsa”.

Buxari, hədis 1189;

Əbu Davud, hədis 2033;

Nəsai, hədis 701.

Daha bir hədisi məşhur səhabə Əbu Səid Xüdri də rəvayət edib: “Üç məsciddən başqa məqsədlə səfər edilməz: mənim bu məscidim (yəni Mədinə məscidi), Məscidül-həram və Məscidül-Əqsa...”

Müslim, hədis 415 (3261);

Buxari, hədis 1197, 1864 və 1995.

Yenə Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər buyurub: “Yalnız üç məscidə səfər edilər: Kəbə məscidinə, mənim məscidimə və İliya məscidinə”.

Müslim, hədis 513 (3386).

Buradakı İliya məscidi Qüdsdəki Beytül-Müqəddəs məscididir.

Qeyd: Hədislərdəki “la təşüddür-rihal” ifadəsini “səfərə çıxmaq” kimi tərcümə etdik. Hərfi mənada bu söz “dəvə kəcavələrini bağlamaq, köç yığmaq” məfhumunu ifadə edir.

Hədislərin şərhi barədə bunu deyə bilərik ki, onların heç biri ziyarətgaha səfər etməyin qadağan olduğuna dəlalət etmir. Göstərilən hədislərdə ziyarət haqqında danışılmır, məzar və qəbir mövzusu yoxdur.

Bu hədislərin hökmünü iki mənada qəbul etmək olar.

Birinci məna budur ki, üç məsciddən savayı heç bir məkana səfər edilməz.

İkinci məna budur ki, üç məsciddən savayı heç bir məscidə səfər edilməz (istisna hissəsində söhbət üç məsciddən getdiyi üçün, bəzi alimlər hədisin qadağan hissəsində də məscidlərin qəsd edildiyini deyirlər).

Hədisin birinci mənası barədə bunu deyə bilərik ki, insanı yalnız üç məscidə səfər etməklə məhdudlaşdırmaq ağlasığan deyil. Necə ola bilər ki, Allahın Rəsulu müsəlmanlara yalnız üç məscid xatirinə səfərə çıxmağa icazə versin, başqa heç bir məkana səfər etməyi caiz görməsin? Sileyi-rəhim etmək (qohumlarla görüşmək), kiməsə yardım göstərmək, elm öyrənmək, hətta ticarət etmək məqsədi ilə də insan bir şəhərdən başqa şəhərə gedə bilər. Nə ağıl və məntiq bunu qadağan edir, nə də dini mətnlərimizdə (Quran və sünnədə) belə bir qadağan var. Əksinə, Qurani-kərimdə bu cür səfərlər haqqında buyurulur: “Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun...” (Tövbə, 121).

Qurani-kərimin başqa bir ayəsində buyurulur: “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (Nisa, 64).

Yuxarıda təqdim etdiyimiz birinci ayədə Allah yolunda cihad etmək məqsədilə yürüşə çıxmaq, vadilər qət etmək savab bir iş kimi göstərilir.

İkinci ayədə isə Peyğəmbərin yanına istiğfar üçün (öz günahlarının bağışlanması üçün dua istəyi ilə) gəlmək tövsiyə və təşviq edilir. Aydındır ki, müsəlmanlar həm yaxından, həm də uzaqdan Mədinəyə gəlirdilər. Uzaqdan gələnlər də səfər niyyəti ilə köç yükü bağlamaq məcburiyyətində idilər. Buradan aydın olur ki, yuxarıdakı hədisi məsciddən başqa bir məkana getməyin günah olması mənasında qəbul etmək düzgün deyil. Əgər belə olsaydı, Allah bu ayəni nazil etməzdi və Peyğəmbər də uzaqdan onun görüşünə gələnləri çəkindirib qaytarardı.

İkincisi, bir çox İslam alimləri yuxarıdakı ayəni təfsir edərək yazırlar ki, burada Peyğəmbərin həm sağlığında, həm də vəfatından sonra istiğfar niyyəti ilə o həzrəti ziyarət etmək nəzərdə tutulur. Yəni Peyğəmbər, özü vəd etdiyi kimi, vəfatından sonra da möminlərə şəfaət edir. O həzrətin məzarını ziyarət edənlər onun şəfaətinə nail olmaq ümidi ilə yaxından-uzaqdan Mədinəyə axışırlar. Ayənin həm Peyğəmbərin sağlığında özünü, həm də vəfatından sonra məzarını ziyarət etməyə şamil olması barədə məşhur alimlərdən Sübki Şafii “Şifa əl-səqam”, Hisni Diməşqi “Dəf əl-şübəh an əl-rəsul və-l-risaləh”, Mahmud Səid Məmduh “Rəf əl-mənarə li-təxric əhadis əl-təvəssül və-l-ziyarə” kitablarında məlumat vermişlər.

islam.az

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.