Tövhid dərsləri

/ Çərşənbə, 19 Avqust 2015 17:12
Tövhid dərsləri

Hərəkət bürhanı

(ikinci hissə)

Maraqlıdır ki, hərəkət məsələsinin müəyyən nöqtələrində dindarlarla materialistlərin baxışı üst-üstə düşür. Hər iki tərəf hərəkətin mövcudluğunu qəbul edir. Hətta hərəkət dialektik materializmin əsaslarından biri və materiyanın mövcudluq forması sayılır, materıalizm təlimində hərəkətsiz materiya və materiyasız hərəkət yoxdur.

Lakin hərəkətin yaranması, yaxud yaradılması məsələsində dindar filosoflarla materialist dialektiklərin yolu ayrılır. Dini nöqteyi-nəzərdən, hərəkət Allah tərəfindən yaradılır. Materialistlərin fikrincə isə, hər şeyin daxılindəki ziddiyyətlərin toqquşmasından hərəkət yaranır. Materialistlər hərəkətin kənar qüvvə tərəfindən ötürüldüyünü danır və onun səbəbini materiyanın öz daxilində görürlər. Halbuki bu fikrin səhv olduğu göz qabağındadır. Əgər hərəkəti yaradan ziddiyyətdirsə, burada iki halın olması mümkündür: ya ziddiyyətin özü hərəkətə malik olmalı, ya da hərəkətdən məhrum olmalıdır.

Birinci halda, əgər ziddiyyət özü də hərəkətlidirsə, demək hərəkətin əsl səbəbi ziddiyyət deyil və hərəkətverici qüvvə materıyadan kənardadır. İkinci halda, əgər ziddiyyətin özü hərəkətsizdirsə, demək materiya deyil, çünki hərəkətsiz materiya yoxdur. Bu isə materialistlərin “materiyadan kənar həqiqət yoxdur” prinsipinin ziddinədir və onların öz nöqteyi-nəzərini təkzib edir.

Hərəkət bürhanına qarşı çıxanlar iddia edirlər ki, bu bürhan aşağıdakı səbəb üzündən naqisdir və sübut sayıla bilməz: Hərəkət bürhanında iddia edilir ki, hər bir hərəkətin bir hərəkətvericisi var. Bəs necə olur ki, sonda bütün hərəkətlərin kökü Allaha gedib çıxır? Əgər hər bir hərəkətin hərəkətvericisi varsa, Allahın da hərəkətvericisi olmalı deyilmi?

İslam alimləri bu iddiaya cavab olaraq bildirmişlər ki, hər bir məsələdə olduğu kimi, hərəkətdə də təsəlsül (yəni qapanan silsilə) ola bilməz. Elə isə, bütün hərəkətlərin bir hərəkətvericisi olmalıdır ki, özü hərəkətdə olmasın və ona hərəkət verən mənbəyə ehtiyac duyulmasın. Həmin hərəkətsiz substansiya Allahdır. Allah məkan məhdudiyyətinə sığmadığı üçün, onun fiziki hərəkət etməsini düşünmək yanlışdır. Eləcə də, Allahın mənəvi hərəkəti, təkamül və tənəzzülü də ola bilməz. Məşhur müsəlman filosofu Molla Hadi Səbzəvari də təsəlsülün batilliyi postulatına əsasən, hərəkət bürhanının düzgünlüyünü isbata yetirmişdir.

Qeyd edək ki, hərəkət bürhanı qədim yunan fəlsəfəsində geniş formada işlənmişdir. Aristotelin bu mövzuda fikirləri sonralar xristian filosofları tərəfindən inkişaf etdirildi. Müsəlman alimlərindən İbn Sina, Molla Sədra, Səbzəvari və Əllamə Təbatəbai hərəkət bürhanı barədə dəyərli tədqiqatlar ortaya qoymuşlar.

(ardı var)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.