Tövhid dərsləri

/ Cümə, 13 Noyabr 2015 17:22
Tövhid dərsləri

(beşinci hissə)

(əvvəli: http://az.islam.az/article/a-756.htmlhttp://az.islam.az/article/a-744.htmlhttp://az.islam.az/article/a-745.htmlhttp://az.islam.az/article/a-751.html)

Nizam bürhanı

Ötən bəhslərdə Allahın mövcudluğunun bir neçə dəlili (bürhanı) haqqında məlumat vermişdik. Bu dəfə növbəti bürhan – NİZAM BÜRHANI haqqında söhbət açacağıq.

Nizam bürhanı Allahın mövcudluğunun ən qüvvətli və qəti dəlilidir. Çünki digər bürhanlar nəzəri xarakter daşıyır, onları müşahidə etmək mümkün deyil. Amma nizam bürhanı asanlıqla hamı tərəfindən müşahidə edilir, anlaşılır və doğruluğu təsdiqlənir.

Nizam bürhanının əsasını varlıq aləmində müşahidə edilən danılmaz nizam-intizam təşkil edir. İnsan böyük planetlərdən tutmuş kiçik atom zərrələrinə, cansız cisimlərdən tutmuş öz vücuduna qədər hər yerə və hər şeyə nəzər salsa, Allahın qüdrətinin, elminin və ədalətinin nişanələrini görər. Dahi İbn Sina Allah-təalanın elm və qüdrəti qarşısında valeh olduğunu gizlətməyərək deyirdi: “Əgər bu dünyanı yenidən yaratmaq mənə təklif edilsəydi, mən onu eynilə indiki kimi yaradardım”.

Qurani-kərimin onlarla ayəsi kainatın əsrarəngiz gözəlliyini, təkraredilməz quruluşunu, “polad” nizam-intizamını diqqət mərkəzinə çəkərək, bunları ilahi qüdrətin aşkar dəlilləri kimi vurğulayır: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran, 190-191).

Allahı danan bəzi insanlar aləmin ilahi məntiq və dəqiq qanunlar əsasında yaradıldığını və idarə edildiyini danır, hər şeyi öz-özünə, özbaşına gedən təbii proseslərlə bağlayırlar. Onların fikrincə, təbiət heç bir fövqəladə qüvvənin məhsulu deyil; o, tamamilə özbaşına şəkildə ardıcıl dəyişmə və inkişaf nəticəsində yaranmışdır. Bu fikrin səhvliyi digər bürhanlarla da sübuta yetirilir. Lakin ən tutarlı sübut təbiətin özündəki nizam-intizamdır.

Ən sadə misallara baxaq:

Günəş sistemi daxilində Yer planeti insan həyatına uyğun şəraitə malik yeganə planetdir. Şimal və cənub qütblərini istisna etməklə, planetimizin bütün qalan nöqtələri yaşamaq üçün əlverişlidir. Yer Günəşdən uzaqlıq dərəcəsinə görə üçüncü planetdir. Bu ardıcıllıq sırasında dördüncü yeri tutan Marsın iqlimi bizim planetə nisbətən çox soyuqdur və yaşamaq üçün tamamilə əlverişsizdir (Marsda gecələr havanın temperaturu mənfi 100 dərəcə selsiyədək enir). Əksinə, Yerə nisbətən Günəşə bir qədər yaxın olan Venera planetində isə temperatur 450-500 dərəcə selsi istilik həddindədir. Əgər Yer kürəsi Günəş ətrafında dolanarkən ondan Mars qədər uzaqlaşsaydı, yaxud Günəşə Venera qədər yaxınlaşsaydı, həyat məhv olardı.

Yer kürəsində canlıların tənəffüs sistemi elə sistemləşdirilmişdir ki, insanlar və heyvanlar oksigeni udub karbonu atmosferə qaytarırlar. Halbuki bitkilər tamamilə əks qaydada tənəffüs edir. Onlar havadakı karbonu oksigenə çevirərək heyvanat və bəşəriyyət aləmi üçün “xammal” yaradır. Əgər canlıların hər üç növü eyni qazla (məsələn, yalnız oksigenlə) qidalansaydı, hava ehtiyatı tezliklə tükənərdi. Yaxud əgər bitkilər ardıcıl olaraq oksigen istehsal etməsəydi, bəşəriyyət həyat üçün zəruri olan havanı haradan əldə edərdi?

(ardı var)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.