Pislər olmasa, yaxşıların qiyməti bilinməz (İkinci hissə)

/ Cümə, 25 Sentyabr 2020 12:30
Pislər olmasa, yaxşıların qiyməti bilinməz (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/6750-allah-niye-seytan-yezidi-ve-pis-insanlar-yarad-b)

Allah-Taala hər kəsin hidayət olub-olmayacağını gözəl bilir. Əvvəldə qeyd etdiyimiz kimi, Allah üçün zaman məhdudiyyəti yoxdur ki, bir işin nəticəsini o baş verdikdən sonra bilsin. Zaman, səbəb-nəticə qaydaları maddi dünyaya aiddir və biz bunlara tabeyik. Allah isə bu qaydalara tabe deyil, çünki qaydaların özünü yaradan Odur. 

Tam uyğun gəlməsə də, belə bir misal çəkək. Müəllim ilk dərsə başlayanda sinifdəki şagirdləri öyrənir. O, artıq bir neçə dərsdən sonra gözəl bilir ki, hər kəsin bacarığı, savadı, tərbiyəsi nə cəviyyədədir. Müəllim qabaqcadan bilir ki, hansı şagird dərs ilinin sonunda imtahanı verə biləcək, hansı isə verə bilməyəcək. Çünki şagirdlərin istedadı göz qabağındadır, bunu görmək üçün bir qədər təcrübə bəs edər. Allah-Taala da öz bəndələrinin vəziyyətini ön gözəl şəkildə bilir. Bəndələri o yaratdığı üçün, onların hətta bir əməli etmədən ürəyindəki niyyətdən də xəbərdardır. Allah üçün zaman məhdudiyyəti yoxdur, ona görə də hansı bəndənin gələcəkdə hidayət olacağını, hansının zəlalətə düşəcəyini də dəqiq bilir. Heç kəsin varlığındakı hidayətə tabe olmaq qabiliyyəti Allahdan gizli deyil. 

Əgər müəllim bir şagirdə yaxşı qiymət verir və tərifləyirsə, səbəbi həmin şagirdin savadlı olması və dərsə hazırlıqlı gəlməsidir. Əksinə, bir şagirdi tənbeh edib pis qiymətləndirirsə, yenə səbəb həmin şagirdin özündədir. Müəllim bu mükafat və ya cəza ilə şagirdi heç nəyə məcbur etmir. Bu qiymətləndimələr də yalnız şagirdin xeyrinədir. Əgər şagird məsuliyyətlidirsə, yaxşı qiymət onun məsuliyyətini daha da artırır və gələcəkdə də bu üstünlüyü qoruyub-saxlamağa həvəsləndirir. Əgər məsuliyyətsizdirsə, pis qiymət ya onu islah edir, ya da etmir. Hər iki halda pis qiymət ona haqsızlıq kimi qəbul edilə bilməz. Xacə Nəsirəddin Tusi “Təcrid əl-etiqad” əsərində bu barədə yazırdı: “Allah-Taala öz bəndələrinin itaətindən və günahkarlığından xəbərdardır. Allahın bu elmi bəndələrin davranışına əsaslanır”.

Allahın bəzi bəndələri guya haqsız yerə cəzalandırması iddiası o zaman doğru ola bilərdi ki, hidayət vasitələri bəşəriyyətə təqdim edilməsin, amma onlardan itaət istənilsin. Halbuki, Allah-Taala insanların daxilində fitri olaraq tanrıpərəstlik duyğusu qoyub. Üstəlik, hər kəsin vicdanı onu xeyirxahlığa çağırır. Bunlardan əlavə, Allah 124 min peyğəmbər göndərmişdir ki, haqqı insanlara çatdırsınlar. Tarixin hər bir dövründə alimlər, övliyalar öz kitabları və moizələri ilə insanlara nəsihət verirlər. Səmavi kitablarda yaşayışın əsas qanunları izah edilmişdir. Hansı əməl insanı cənnətə, hansı əməl isə cəhənnəmə aparır – bunlar məlumdur və heç kimə gizli deyil. Belə olan halda, hansı ədalətsizlikdən söhbət gedə bilər? Hər şey insanın öz iradəsinə bağlıdır. Kim daxili və xarici hidayətə tabe olarsa, əvəzini gözəl mükafat şəklində alacaq. Kim bunları saymazyana qarşılasa və nəfsinə tabe olsa, cəzalanacaq. 

Burada belə bir misal çəkmək yerinə düşər. Fərz edək ki, bir nəfər səxavətli şəxs böyük süfrə açır, süfrəyə növbənöv qidalar düzür və ətrafdakı insanları yeməyə dəvət edir. Bu süfrədən istifadə təmənnasız və havayıdır. Kimlərsə dəvəti qəbul edir və süfrədəki yeməklərdən yeyirlər. Amma kimlərsə bu dəvəti qəbul etmir və yeməyə yaxın düşmürlər. Süfrə başına gəlmək istəməyən şəxslərdən kimsə acından halbahal olsa və ya ölsə, bunun günahını ziyafət sahibində axtarmaq düzgündürmü? Axı o, hamını dəvət etmişdi. Seçim isə insanların öz öhdəsində idi. Dəvəti qəbul edənlər ac qalmadılar, qəbul etməyənlər isə özlərini çətinliyə saldılar və əzab çəkdilər. Açıq süfrəni görə-görə yaxın gəlməyən və acından ölən adamın günahı öz boynundadır. Allah-Taala da öz mərhəmət süfrəsini açıb, hər kəs bu süfrəyə dəvətlidir. Kimsə bu dəvəti qəbul etməsə, mərhəmətə layiq olmasa və əzaba düçar olsa, bunun səbəbini Allahda yox, özündə axtarmalıdır.

Nəhayət, Allah-Taala heç kimi pis insan, kafir kimi yaratmayıb. Hər kəs doğulanda günahsız və məsum olur. Əksinə, daxilindəki fitri tanrıpərəstlik onu Allaha doğru çəkir. Lakin insan haqq ilə batil arasında öz seçimini edərkən, bəzən qəsdən batilə doğru gedir. Allah-Taala heç İblisi də pisliklərin mənbəyi kimi yaratmamışdı. İblis min illər boyunca Allaha itaət etmiş, daha sonra öz təkəbbürü sayəsində itaətdən boyun qaçırmış, kafir olmuşdu. O da itaətsizliyin cəzasını bildiyi halda öz seçimini könüllü surətdə etmişdi. Əslində pis qüvvələrin varlığı insanların tərəqqisi üçün faydalıdır. İnkişaf ziddiyyətdədir. Pislər olmasa, yaxşıların qiyməti bilinməz. Bəla olmasa, səbir aşkara çıxmaz. Zalımın zülmü olmasa, məzlumluğun savabı qazanılmaz. Yaxşı insanlar məhz pislərin qarşısında sınaqdan çıxır, möhkəmlənirlər. 

 

Please publish modules in offcanvas position.