Dəccal kimdir ya nədir? (Birinci hissə)

/ Bazar ertəsi, 04 Yanvar 2021 13:36
Dəccal kimdir ya nədir? (Birinci hissə)

Dünyanın sonu (axirəz-zaman) və Mehdinin (ə) zühuru ilə bağlı məfhumlardan biri də Dəccal mövzusudur. İmam Mehdinin (ə) zühurundan əvvəl peyda olub xalqı azdırmağa çalışacaq Dəccalın kimliyi, xüsusiyyətləri, fəaliyyəti, ölümü barədə fərqli rəvayətlər vardır. Əvvəlcə bunu qeyd edək ki, Dəccal məfhumuna yalnız İslamda deyil, digər səmavi dinlərdə də rast gəlirik. Həm yəhudi, həm də xristian dinində dünyanın sonuna yaxın şeytanın tərəfdarı olan bir varlığın zühur edəcəyi bildirilir. Xüsusilə, xristianlıqda bu mövzu daha qabarıq görünür.

Xristianlıqda dəccal obrazı

Xristianlıqda İsa Məsihə (ə) və onun zühuruna əks qüvvə olaraq göstərilən Dəccal obrazının adı “anti-xristdir”, yəni əks-Məsih, Məsihin düşməni. Bibliya mətnindən aydın olur ki, ilkin xristian təsəvvürünə görə, Dəccal ümumiləşdirilmiş bir obraz olub, Həzrət İsanı (ə) inkar edən hər şəxsə deyilirdi:

“Siz Məsih əleyhdarının gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır” (Həvari İohannın birinci məktubu, 2:18).

“İsaya iqrar etməyən hər ruh isə Allahdan deyil. Bu, Məsih əleyhdarının ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır” (Həvari İohannın birinci məktubu, 4:3).

“Dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyinə iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır” (Həvari İohannın ikinci məktubu, 7-ci cümlə).

Bu cümlələrdə “Məsihin əleyhdarı” kimi tərcümə edilmiş ifadələr rus dilində “antixrist”, ingilis variantlnda “antichrist” formasında işlənib. İlkin xristian təsəvvürünə görə, bu dinin əleyhinə fəaliyyət göstərən, Məsihi inkar edən hər kəs “antixrist” adına layiqdir və bu adla tanınır. Daha sonralar antixrist obrazı xüsusiləşdirildi və İsanın (ə) ikinci gəlişi ərəfəsində zühur edəcək, özünü Məsih kimi təqdim edib camaatı azdıracaq varlığa aid olundu. Orta əsrlərə aid rəsmlərdə Avropa rəssamları Dəccalı normal insan qiyafəsində, hətta bəzi cizgilərinə görə İsaya (ə) bənzər şəkildə təsvir edirdilər; bu da Dəccalın özünü İsa (ə) kimi təqdim edib insanları aldadacağına işarə idi. Daha sonralar Dəccal obrazı fantastik çalar qazandı, onu İblisə bənzər eybəcər və dəhşətli formalarda təsvir etmək ənənəsi meydana gəldi.

“Dəccal” sözünün mənaları

“Dəccal” sözünün mənşəyi barədə nəzəriyyələr fərqlidir. 

1. Bəzi dilçi alimlər “dəccal” sözünün ərəb dilində qətran mənasını verən “düceyl” sözündən qaynaqlandığını yazırlar. Cahiliyyə dövründə ərəblər öz dəvələrinin eyib və nöqsanlarını gözdən gizlətmək üçün onları qara qətranla boyayırdılar. Dəccal da qiyamət öncəsi bütün dünyanı qətran kimi yalan və zülmə bürüyəcək.

2. Ərəb dilində “dəcl” sözü yalan, iftira mənasını verir. Dəccal tanrılıq iddiası edib möcüzələr göstərdiyini söyləyəcək, sehr yolu ilə insanları aldadacaq, buna görə onun adı da yalanla bağlıdır.

3. Bəzi məlumatlara görə, ərəb dilində “dəcl” gəzib-dolaşmaq mənasını bildirir. Dəccal yer üzünü gəzib batili təbliğ edəcək deyə, adı da bu mənanı verir.

4. Örtmək, bürümək sözünün ərəb dilində qarşılıqlarından biri də “tədcil”dir. Dəccala ona görə bu adı veriblər ki, onun tərəfdarları çoxalıb yer üzünü bürüyəcək.

5. “Tədcil” felinin daha bir mənası qızıl suyuna çəkmək, qızıla tutmaqdır. Bir şeyin əsil dəyərini artırmaq üçün fırıldaqçılar onu qızıl suyuna çəkirlər. Dəccal da batilə haqq donu geyindirməklə insanları aldadacaq.

Bu adın ərəbcə “nəcasət, murdarlıq, yol gedən böyük dəstə” mənalarını verməsi haqqında da fərziyyələr vardır. Məşhur lüğət kitabı olan “Tac əl-ərus”da bu mənaların hər biri ətraflı şəkildə qeyd edilib (28-ci cild, səh. 470-472). Müəllif bu sözün mənşəyi barədə nəzəriyyələri sadaladıqdan sonra qeyd edir ki, onun fikrincə ən düzgün variant budur: “dəccal” yalançı (kəzzab) mənasını verir. O, sehr, yalan və iftira ilə haqqı gizlədəcək, qəlbində olanların əksini zahir edəcək (yəni özü inanmadığı məsələlərdən danışacaq, haqqı çatmayan iddiaları irəli sürəcək).

Bəzi tədqiqatçılar “dəccal” sözünün etimologiyasını daha qədim dövrlərə bağlayaraq belə bir fərziyyə irəli sürürlər ki, bu sözün sonundakı “al” hissəciyi “tanrı, ilah” mənasını verir (Daniyal, Hezqiyal sözlərindəki kimi). Sözün əvvəli isə düşmən, zidd mənalarını verə bilər. Beləliklə, bu nəzəriyyəyə görə, “dəccal” sözü “Allahın düşməni, Allaha zidd gedən” anlamına gəlir.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.