Dəccal – canlı varlıq, yoxsa..? (İkinci hissə)

/ Bazar, 10 Yanvar 2021 13:29
Dəccal – canlı varlıq, yoxsa..? (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/7989-deccal-kimdir-ya-nedir)

Dəccal barədə həm sünni, həm də şiə mənbələrində məlumatlara rast gəlirik. Dəqiqlik xatirinə bunu qeyd etməliyik ki, əhli-sünnə mənbələrindəki hədislərin sayı və mövzu rəngarəngliyi şiə mənbələrinə nisbətən daha artıqdır. Belə ki, əhli-sünnənin mötəbər saydığı səhih və sünnə kitablarının bir çoxunda, o cümlədən, Səhihi-Buxari və Səhihi-Müslimdə, Sünəni-Tirmizi, Sünəni-İbn Macə və Müsnədi-Əhməd ibn Hənbəldə dəccal barədə hədislər mövcuddur. Hakim Nişapuri, Beyhəqi, Təyalisi, Təbərani, Müttəqi Hindi, Heysəmi və başqaları öz hədis məcmuələrində bu mövzuda rəvayətlərə yer ayırmışlar.

Şiə mənbələrində dəccal barədə rəvayətlərin sayı daha azdır. Belə ki, qədim şiə mənbələrində ya dəccal barədə heç nə deyilmir, ya da çox məhdud məlumatlar verilir. 

Dəccalla bağlı hədislərdən çıxan nəticələr xeyli ziddiyyətlidir. Elə buna görə bəzi alimlər dəccal mövzusunda fərqli fikirlərə gəlmişlər. Məsələn, Misirli böyük təfsir alimi Məhəmməd Əbduh dəccalı konkret şəxs deyil, xurafat və yalanların məcmusu hesab edirdi. Alim bu qənaətdə idi ki, şəriət cəmiyyətdə öz həqiqi yerini tapdıqdan, dinin hikmətləri xalqa layiqincə çatdırıldıqdan sonra bütün bu mənfiliklər aradan gedəcək və dəccal anlayışı yox olacaq (Təfsir əl-mənar, 3-cü cild, səh. 317). 

Ayətullah Lütfullah Safi Gülpaygani özünün “Müntəxəb əl-əsər” kitabında (3-cü cild, səh. 301) dəccal anlayışını konkret şəxsə yoxsa sosial fenomenə aid etmək barədə mübahisələrə toxunur və sonda dəccalın konkret şəxs olması fikrini təsdiqləyir. O, əks tərəfin iddialarını rədd edərək, bunları dəccalın canlı varlıq olmasına şübhə gətirəcək dərəcədə tutarlı saymır. Onun fikrincə, dəccal barədə rəvayətlər təvatür həddindədir. 

Digər böyük cəfəri alimi Ayətullah Nasir Məkarim Şirazi bu fikirdədir ki, dəccal deyərkən insanların zehnində təkgöz, əfsanəvi ulağın belinə minmiş konkret şəxs canlansa da, o, konkret bir şəxs deyil. Dəccal yalançı, hiyləgər və hoqqabaz insanların ümumiləşdirilmiş obrazıdır. Bu cür adamlar kütləni öz arxasınca aparmaq üçün hər üsuldan istifadə edir, müxtəlif sahələrdə aparılan hər cür qurucu inqilabın (dəyişikliyin) qarşısını almağa çalışırlar (N.M.Şirazi. Mehdinin ümumdünya hökuməti, səh. 172-173). Lakin müəllif bu ehtimalı da diqqətdən kənarda qoymur ki, dəccalların başında onlara rəhbərlik edən böyük dəccalın olması da mümkündür. Hədislərdə qarşımıza çıxan konkret xüsusiyyətlər də ona aid ola bilər (yux. mənbə, səh. 175). 

Şəhid Seyyid Məhəmməd Sədr “İmam Mehdi ensiklopediyası”nda dəccal barədə həm əhli-sünnə, həm də şiə mənbələrindəki hədisləri ətraflı təhlil etmiş, bunların zəif cəhətlərini göstərmişdir. Müəllif sonda bu qənaətə gəlir ki, dəccal barədə hədislər iki əsas problemə malikdir. Birincisi, bu hədislərin bir qisminin sənədi zəif, bir qismi isə vahid xəbərdir (yəni öz mövzusunda tək hədisdir). Əqidəvi mövzularda vahid xəbərə etimad olunmaz. İkinsi problem isə hədislərin məzmunu ilə bağlıdır. Belə ki, bu rəvayətlərdə dəccalın elə möcüzələr göstərəcəyi bildirilir ki, kafir bir şəxsin bunu etməsi mümkün deyildir; Allah heç bir kafirə bu möcüzələri göstərmək qüdrətini verməz. Buna görə müəllif mövzuya yekun vuraraq yazır ki, dəccal haqqında hədislər öz-özlüyündə zahiri və həqiqi mənada qəbul edilməzdir. Peyğəmbərin (s) və digər məsumların bu hədisləri (onların bir qismini də olsa) söyləməsinin səbəbi bununla izah edilə bilər ki, məsumlar “insanlarla, onların ağıllarına uyğun şəkildə danışın” qaydasına riayət etmişlər. O zamanın insanları məsələnin mahiyyətini çılpaqlılğı ilə dərk edə bilmədikləri üçün Peyğəmbər (s) bu üsula əl atmış, dəccalı konkret şəxs olaraq tanıtdırmışdır. Əslində isə dəccal konkret bir şəxs deyil, ümumiləşdirilmiş məfhumdur, İmam Mehdinin (ə) zühurundan əvvəl dünyanı bürüyəcək ideoloji fitnənin obrazıdır. Bu ideoloji fitnə ən yüksək texnologiyaların yardımı ilə insanları aldatmaq gücünə sahib olacaq və Həzrət Mehdi (ə) həmin batil ideologiyanı məhv edərək yer üzündən siləcək. Şəhid Sədr qəti şəkildə bildirir ki, ya dəccal haqqında hədisləri zahiri mənada qəbul etməliyik, bu halda gərək onların demək olar ki, hamısından imtina edək. Ya da onları simvolik mənada qəbul etməliyik. Bu hədisləri simvolik anlamda qəbul etmək onları rədd etməkdən daha yaxşı və daha doğrudur. Oxucuların diqqətinə çatdırırıq ki, müəllif dəccal mövzusunu heç də tamamilə rədd etməmişdir. O yazır: “Hədislərdən çıxan məna budur ki, dəccalın varlığı həqiqətdir. Amma o, hədislərdəki ifadələrin zahirindən çıxan xüsusiyyətlərə malik konkret fərd deyil. Nə keçmişdə bu xüsusiyyətlər həyata keçib (yəni belə bir şəxs olub), nə də gələcəkdə baş tutacaq. Əslində dəccal – bir sıra küfr xarakterli dünyəvi ictimai təzahürlərdən ibarətdir” (Seyyid Mühəmməd Sədr. Tarix əl-ğeybət əl-kübra, 2-ci cild, səh. 517).

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.