Dəccal – canlı varlıq, yoxsa..? (Üçüncü hissə)

/ Bazar ertəsi, 18 Yanvar 2021 19:53
Dəccal – canlı varlıq, yoxsa..? (Üçüncü hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/7989-deccal-kimdir-ya-nedir; https://islam.az/az/mezhaleler/i-slam-n-aesaslar/item/8054-deccal-canl-varl-q-yoxsa-i-kinci-hisse)

İmam Mehdi (ə) mövzusunda daha bir dəyərli əsərin – “Xilas günü” kitabının müəllifi Kamil Süleyman dəccal barədə yazır: “Bu sətirlərin müəllifi dəccal barədə qəti bir nəticəyə gələ bilməmişdir. Çünki dəccal barədə mövcud olan rəvayətlərin əksəriyyəti etibarsızdır. Onlarda elə mətləblərə rast gəlirik ki, qondarma olması dəqiqdir. Bu hədislərin mətni sübut edir ki, məsum şəxs tərəfindən buyurulmayıb. Bu hədislərə, onları yaradanların zövq və istəyi təsir edib. Peyğəmbərdən nəql edilən hədislər zalım xəlifə rejimləri tərəfindən qondarılmış rəvayətlərin içində itib-batıb, onları bir-birindən ayırd etmək çox çətindir. Güclü ehtimala görə, Peyğəmbərin hədislərində dəccala aid edilən xüsusiyyətlər konkret fərdə məxsusdur. Yəni dəccal bir şəxsdir (canlıdır), növ (cansız) deyil. Amma bu xüsusiyyətləri müəyyən şəxsə tətbiq etməkdə hər hansı konkret nəticəyə gələ bilmədim... Mənim fikrimcə, dəccal barədə məsələlərin 90 faizi qondarmadır. Qalan 10 faiz isə qəribə xüsusiyyətlərə malik olan konkret şəxsə aiddir. İnşallah, Parlaq Günəşin (yəni İmam-zamanın) yaxın zühuru ilə bunların dəqiq mənası hamıya aydın olacaq” (Kamil Süleyman. Xilas günü, 2-ci cild, səh. 1143).

Son dövrün böyük tədqiqatçı alimlərindən olan Ayətullah İbrahim Əmini də dəccal mövzusunda ehtiyatla davranmışdır. O, “Dünyanın ədalət nizamlayıcısı” kitabında dəccal haqqında mövcud hədisləri xatırladaraq bu nəticəyə gəlir: “Qeyd edilən hədislərdən də bu nəticə çıxır ki, dəccal konkret şəxs deyil, hər bir yalançı və azdırıcıya bu ad şamil edilir. Xülasə, dəccal əhvalatının kökünü Müqəddəs Kitabda (Bibliyada) və xristianların arasında axtarmaq lazımdır. Dəccal haqqında əksər hədislər və onların təfsilatı əhli-sünnə kitablarında mövcuddur və onların yolu ilə nəql edilib. Hər halda, ümumilikdə dəccal məsələsinin doğru olması həqiqətdən uzaq görünmür, amma onun tanıtım və xüsusiyyətlərinin etibar ediləsi sübutu yoxdur”. Daha sonra müəllif qeyd edir ki, dəccal haqqında şiə mənbələrindəki məlumatların əksəriyyəti iki hədisdən qaynaqlanır; bu hədislər “Bihar əl-ənvar” və digər kitablarda qeyd edilib. Amma həmin hədislərin sənəd zəncirindəki 5 rəvayətçi barəsində rical mütəxəssisləri ya mənfi rəy bildirmiş, ya da onlar haqqında məlumata sahib olmadıqlarını yazmışlar. Bununla belə, müəllif dəccal haqqında yazılanların həqiqətə uyğun olma ehtimalını qəbul edərək yazır ki, İmamın zühuruna yaxın son dərəcə yalançı və hoqqabaz bir adam meydana çıxıb camaatın bir hissəsini aldatmağa və öz tərəfinə çəkməyə nail olacaq. Beləliklə, deyə bilərik ki, müəllif dəccalın konkret bir şəxs deyil, yalançı və hiyləgər insanların ümumiləşdirilmiş obrazı olmasına daha çox inanır, amma əsas dəccalın zühura yaxın peyda olacacağı ehtimalını da rədd etmir, həmçinin, dəccalın xüsusiyyətləri və hərəkətləri barədə rəvayətlərə tənqidi yanaşır. 

Dəccalın mahiyyəti barədə digər tədqiatçıların da özünəməxsus fikirləri vardır. Ümumiləşdirmə apararaq bunu deyə bilərik ki, əhli-sünnə məzhəbində dəccal mövzusu daha qabarıqdır. Sünni alimlərinin böyük əksəriyyəti (az bir qismi çıxmaqla) dəccalın konkret şəxs olduğuna inanır. Əhli-sünnənin rəyinə görə, dəccal dünyanın sonuna yaxın zühur edəcək, hədislərdə göstərilən xüsusiyyətlərə sahib olacaq və İsa Məsih (ə) tərəfindən öldürüləcək. Bəzi sünni rəvayətlərində hətta dəccalın ilk İslam dövründən bəri həyatda olduğu və ölmədiyi vurğulanır. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Said adlı bir nəfər tanrılıq iddiası etmiş, Peyğəmbər də onu dəccal adlandırmışdı. Kitablarda yazırlar ki, Said onu dəccal sayanlara etiraz edərək deyirmiş ki, mən dəccal deyiləm. Çünki peyğəmbərin hədisinə görə, dəccalın övladı olmaz və o, Məkkə, Mədinə şəhərlərinə girə bilməz. Mənim isə övladlarım var, özüm Mədinədə doğulmuşam, indi də Məkkəyə gedirəm.

Dəccalın qiyamətdən əvvəl peyda olacağı, xalqı aldadıb öz tərəfinə çəkəcəyi, qəribə möcüzələr göstərəcəyi, axırda Məsihin əli ilə öldürüləcəyi inancı əhli-sünnədə güclüdür. Hətta deyə bilərik ki, sünni məzhəbində qiyamət inancının mühüm hissələrindən biri dəccalla bağlıdır; dəccalsız qiyamət olmaz. Böyük əhli-sünnə alimi Nəvəvi “Səhihi-Müslim”ə yazdığı şərhin son cildində dəccal haqqında inancı müxtəsər şəkildə qeyd etdikdən sonra yazır: “Bu, əhli-sünnənin, bütün hədisçilərin və fəqihlərin məzhəbidir (inancıdır)”. Müəllif daha sonra bildirir ki, yalnız xəvaric tayfası, cəhmilər və mötəzililərin bir qismi bu inancı bölüşmür (18-ci cild, səh. 58). 

Şiə məzhəbində dəccal məsələsi əhli-sünnədə olduğu kimi birmənalı mahiyyətə malik deyil. Yuxarıda qeyd edildiyi kimi, şiə alimlərin bir qismi dəccalı konkret şəxs yox, sosial fenomen və ya mənfi qüvvələrin ümumiləşdirilmiş obrazı kimi təsəvvür edir. 

Beləliklə, dəccalın mahiyyəti barədə fikirləri iki qrupda cəmləşdirə bilərik:

Birincisi, dəccal konkret şəxsdir, qiyamətə yaxın öz missiyasını icra etməyə başlayacaq və İsa Məsih (ə) yaxud İmam Mehdi (ə) tərəfindən öldürüləcək. Bu fikir əhli-sünnənin əksəriyyəti və şiə alimlərin bir qismi tərəfindən müdafiə edilir. 

İkincisi, dəccal konkret şəxs deyil, dünyanı bürüyəcək fəsad aparatının simvolu və ya İmam Mehdinin (ə) cahanşümul qiyamına mane olacaq qüvvələrin ümumi simasıdır. Amma bu qüvvə də İmamın (ə) ilahi missiyasına mane ola bilməyəcək və simvolik dillə desək, o həzrətin əlində məhv olacaq.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.