“Burda mənəm, Bağdadda kor xəlifə” məsəlinin mənşəyi

/ Bazar, 19 Yanvar 2020 16:15
“Burda mənəm, Bağdadda kor xəlifə” məsəlinin mənşəyi

Birinci hissə

Dilimizdə atalar sözü kimi işlədilən bəzi ifadələr tarixi köklərə malikdir. Şərq tarixini bilmədən bu məsəllərin mənasını və mənşəyini anlamaq qeyri-mümkündür. Belə məsəllərdən biri də “Burda mənəm, Bağdadda kor xəlifə” ifadəsidir. Əsasən, qudurğan, mənəm-mənəm deyən şəxslər barəsində işlədilən bu atalar sözü müsəlman şərqində təqribən min il bundan əvvəl baş vermiş hadisələri özündə əks etdirir.

Bəlkə də oxuculara məlum deyil, amma təqribən min il bundan əvvəl Bağdadda nəinki bir, hətta üç kor xəlifə var imiş. Aşağıdakı məqalədə onların həyatı barədə sizə qısa məlumat verəcəyik.

Birinci kor xəlifə

Bağdadın birinci kor xəlifəsi sıra ilə 19-cu Abbasi xəlifəsi Əbu Mənsur Məhəmməd Qahir olmuşdur. O, hicri-qəməri 320-miladi 932-ci ildən hicri-qəməri 322-miladi 934-cü ilə kimə hakimiyyət sürmüşdür. Özündən əvvəl xəlifəlik etmiş və saray çevrilişi nəticəsində qətlə yetirilmiş qardaşı Müqtədirdən sonra hakimiyyətə gətirilən Qahirin təqribən 35 yaşı vardı.

O, hakimiyyətə keçən kimi ilk növbədə öz yaxın qohumlarından intiqam almağa başladı. Qahir nəinki həbsdəki Abbasi əsilzadələrini azad etmədi, hətta onların bir neçəsini qətlə yetirib, qalanlarının həbs şəraitini daha da ağırlaşdırdı. O, öz ögey anası (qardaşı Müqtədirin doğma anası) Seyyidəni də işgəncələrə məruz qoydu. Seyyidənin xeyli sərvəti var idi. Pulların yerini göstərməsi üçün qadını saraydakı ağacların birindən başıaşağı vəziyyətdə asıb şallaqladılar. Ağır işgəncələrdən sonra Seyyidə dünyasını dəyişdi.

Qahir qan tökməyə həris, kobud və qəddar təbiətli insan idi. Həmişə əlində uzun bir nizə gəzdirirdi. Hətta taxta əyləşəndə də nizəni ya əlində tutur, ya da qarşısında yerə sancırdı. Bəyənmədiyi şəxsləri dərhal nizə ilə vurub öldürürdü. İçkiyə aludə idi. Ətrafındakılar xəlifəni nadir hallarda ayıq vəziyyətdə görürdülər. Musiqiyə, rəqqasə qadınlara meyl göstərirdi.

Amma riyakar təbiətli Qahir özünü qənaətcil və zahid bir adam kimi göstərməyə çalışırdı. Sərxoş olduğu gecələrdə həbsxanaya enir, orada saxladığı qohumlarına baş çəkirdi. Xəlifə öz əlləri ilə məhbusları yedirib-içirirdi. Qəribə budur ki, Qahir sərxoş halda qohumlarına nəvaziş göstərsə də, onları həbsdən azad etmək, yaxud heç olmazsa, şəraitlərini yaxşılaşdırmaq barədə düşünmürdü.

Qahirin vəziri İbn Müqlə (o, həm də mahir xəttat idi) saray çevrilişi etməyə cəhd göstərdi, amma planın üstü açıldıqda qaçıb canını qurtardı. İbn Müqlə bundan sonra da xəlifəni hakimiyyətdən salmaq üçün əlindən gələni edirdi. Onun qurduğu intriqaya bir çox saray əyanları, o cümlədən, gələcəkdə Azərbaycan valisi olacaq Əbus-Sac cəlb edildilər.

Hicri 322-ci il cəmadiyül-əvvəl ayının 6-da (miladi 934, aprel) sui-qəsdçilər gecəyarı Qahirin otağına soxuldular. Sərxoş xəlifədən tələb edildi ki, hakimiyyətdən istefa versin. Qahirin gözlərinə mil çəkib, onu kor etdilər.

Gözlərini itirdikdən sonra Qahir 10 ildən artıq həbsdə qaldı. Hicri 333-cü ildə (miladi 944-945) o zamankı xəlifə onu azadlığa buraxdı. Bundan sonra Qahir camaatdan sədəqə istəyib dilənməklə yaşamağa başladı. O, Bağdad məscidinin qapısında durub deyirdi: “Camaat, mənə sədəqə verin. Mən o adamam ki, dünən xəlifə idim, bu gün isə miskin dilənçiyə çevrilmişəm”.

Qahirin camaat içində nüfuz qazanmasından ehtiyat edən xəlifə onu ev dustağına çevirib, çölə çıxmasını yasaqladı. Kor xəlifə bir neçə ildən sonra hicri 339-cu ildə (miladi 950) 53 yaşında öldü. Qahirin hakimiyyəti cəmi 1 il 6 ay 6 gün davam etdi.

“Burda mənəm, Bağdadda kor xəlifə” misalı böyük ehtimalla məhz Qahirin acı taleyi barəsində yaranmışdır. Onun başına gələnlər dünyanın etibarsızlığını, dünya ləzzətlərinin ötəriliyini tam dolğunluğu ilə göstərir və düşünən insanlara ibrət verir.

Please publish modules in offcanvas position.