“Burda mənəm, Bağdadda kor xəlifə” məsəlinin mənşəyi

/ Cümə axşamı, 06 Fevral 2020 11:50
“Burda mənəm, Bağdadda kor xəlifə” məsəlinin mənşəyi

İikinci hissə

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/1852-burda-maenaem-baghdadda-kor-khaelifae-maesaelinin-maenshaeyi)

İkinci kor xəlifə

Qahirdən sonra qardaşı oğlu Razi təqribən 7 il hakimiyyət sürdü. Onun vəfatından sonra 32 yaşlı daha bir qardaşı Əbu İshaq İbrahim “Müttəqi” ləqəbi ilə xəlifə oldu (hicri 329-cu il, rəbiül-əvvəl - miladi 940, dekabr). 

Müttəqinin hakimiyyət dövründə xilafətdə ciddi hərc-mərclik hökm sürürdü. Xilafət torpaqları, hətta Bağdad şəhəri də növbə ilə Bəridi və Həmdani sülalələrinin, türk mənşəli sərkərdələr Bəckəm, Kürtəkin və Tüzünün, ordu komandanı İbn Raiqin əllərinə keçirdi. Hər yerdə müharibə, aclıq, səfalət hökm sürürdü. Oyuncağa çevrilmiş xəlifə hər gün yeni himayədara sığınırdı. Xilafət xəzinəsi sərkərdələr tərəfindən talanırdı. 

Qələbənin tez-tez bir tərəfdən-o birinə keçdiyi şəraitdə himayədarlarını dəyişən xəlifə sonda sərkərdə Tüzünlə ittifaq bağlayıb Bağdada qayıtdı. Lakin paytaxta dönən kimi Müttəqi hakimiyyətdən devrildi. Tüzünün adamları onu xəlifəlikdən istefa verməyə məcbur etdilər. İstefa kağızını imzaladıqdan sonra Müttəqinin gözlərinə mil çəkib, onu kor etdilər (hicri 333 / miladi 944). Gözlərini itirmiş xəlifə 25 il həbsdə qaldıqdan sonra dünyasını dəyişdi. Xilafət müddəti 3 il 11 ay çəkdi. Qeyd edək ki, məhz Müttəqinin xilafət illərində XII imam Həzrət Mehdinin (əc) dördüncü naibi vəfat etmiş, kiçik qeybət dövrü sona çatıb, böyük qeybət dövrü başlamışdır. 

Üçüncü kor xəlifə

Müttəqi xilafətdən devrildikdən sonra Tüzünün təşəbbüsü ilə Əbül-Qasim Abdullahı “Müstəkfi” ləqəbi ilə taxta çıxardılar (hicri 333 / miladi 944). 41 yaşlı 22-ci Abbasi xəlifəsi birinci kor xəlifə Qahirin qardaşı oğlu idi. Onun atası Müktəfi də vaxtilə 6 il hakimiyyət sürmüşdü (17-ci Abbasi xəlifəsi).

Tüzün xəlifəni bir an da olsa, nəzarətdən kənar qoymurdu. Müstəkfiyə bir qulam təhkim olunmuşdu ki, bütün işlərinə göz qoyub Tüzünə xəbər versin.

Hicri 334-cü ilin məhərrəm ayında (miladi 945, avqust) Tüzün vəfat etdi. Onun əvəzinə köməkçisi İbn Şirzad komandan oldu. İbn Şirzad Tüzün qədər bacarıqlı deyildi. Əsgərlər məvacibi vaxtında ala bilmədikləri üçün qoşunu tərk edib gedirdilər. Qoşuna məvacib vermək üçün vəsait yox idi, xəzinə boşalmışdı. Dəfələrlə talan olub yandırılmış Bağdadın sakinləri vergi ödəmək iqtidarında deyildilər. Tacirlər və iş adamları vergilərin ağırlığına dözməyib, şəhəri tərk edirdilər. Bağdadda ticarət və sənətkarlıq tənəzzül etmək üzrə idi.

Belə bir şəraitdə Büveyhilər Bağdada hücum etdilər. İbn Şirzad bir ovuc əsgərlə paytaxtı müdafiə etmək istəsə də, məğlub olub qaçdı. Hicri 334-cü ilin cəmadiyül-əvvəl ayında (miladi 945, dekabr) Büveyhi qoşunu Bağdada daxil oldu. Onlara Əhməd, Əli və Həsən adlı 3 qardaş başçılıq edirdi. Büveyhilər şiə məzhəbinə etiqad bəsləyirdilər.

Müstəkfi Büveyhiləri əsil xilaskar kimi qarşıladı. İbn Şirzadın yerinə Əhməd ibn Büveyh gətirildi və ona “Müizzüd-dövlə” (dövlətə izzət bəxş edən) ləqəbi verildi. 

Müizzüd-dövlə hər şeydən öncə, xəlifənin maliyyə mənbələri üzərində nəzarəti gücləndirdi. Müstəkfini asılı vəziyyətdə saxlamaq üçün onun şəxsi gəlirlərini bacardıqca azaltmaq lazım idi. Çünki pulu artdığı təqdirdə o, muzdlu ordu toplayıb çevriliş edə bilərdi. Buna görə də Müizzüd-dövlə xəlifədən ötrü 5000 dirhəm həcmində gündəlik pay müəyyən etdi. Əvvəlki xəlifələrin qazancı ilə müqayisə etdikdə bu pul gülünc dərəcədə az məbləğ sayılırdı.

Bağdadı fəth etdikdən cəmi bir neçə həftə sonra sərkərdəyə xəbər verdilər ki, xəlifə onun əleyhinə çevriliş planı hazırlayır. Müizzüd-dövlə Müstəkfini qabaqlamaq qərarına gəldi. Hicri 334-cü il şəban ayının 23-də (miladi 946, mart) əsgərlər xəlifəni taxtdan yerə saldılar, əmmaməsini boğazına sarıyıb, Müizzüd-dövlənin hüzuruna gətirdilər. Müstəkfinin gözlərinə mil çəkib, onu dünya işığına əbədilik həsrət qoydular. Xəlifəni məcbur etdilər ki, taxt-tacdan könüllü surətdə əl çəkdiyini və hakimiyyəti əmisi oğluna təhvil verdiyini söyləsin.

Bundan sonra kor Müstəkfi zindana salındı. O, daha 5 və ya 10 il həbsdə qaldı, 46 yaxud 51 yaşında dünyasını dəyişdi. Tarixçilərin yazdığına görə, dünyanın qəribəliklərindən biri də budur ki, hicri 334-338-ci illər arasında Bağdadda üç kor xəlifə sağ idi: Qahir, Müttəqi və Müstəkfi.

 

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); t:void(0)" class="scrollup">