Əbu Talib mömin olub, yoxsa..? (İkinci hissə)

/ Bazar ertəsi, 17 Fevral 2020 13:52
Əbu Talib mömin olub, yoxsa..? (İkinci hissə)

Əbu Talibin kafirliyi barədə (!) nazil olduğu iddia edilən ayələr

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2494-aebu-talib-moemin-olub-yokhsa-birindzi-hissae)

Əbu Talibin kafir olduğunu iddia edən alimlər bunun üçün Quranın bəzi ayələrini dəlil gətirirlər. Bu ayələr aşağıdakılardır.

Birinci ayə:

"Başqalarını ondan uzaqlaşdırır, özləri də ondan uzaq durarlar; onlar yalnız özlərini həlak edər, lakin bunu anlamazlar" (Ənam, 26).

Bu ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçi Qurtubi nəql etmişdir. Bu zaman o, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasa aid olunan bir rəvayətə əsaslanmışdır. Lakin ayənin bu cür izahı aşağıdakı səbəblər üzündən kökündən yanlışdır:

a) Bu rəvayət Abdullah ibn Abbasdandır, bilavasitə Peyğəmbərin dilindən söylənmir.

b) Ayənin məhz Əbu Talib barəsində nazil olması bu rəvayətdən başqa heç bir hədisdə söylənməmişdir. Rəvayətin sənədində İbn Abbasdan əvvəl gələn ravi - yəni Həbib ibn Əbu Sabit isə hədis alimləri tərəfindən etibarsız şəxs kimi tanınmışdır. Bir neçə məşhur rical alimi onu, hədisləri dəyişdirən, sözünə inanılması gərəkməyən şəxs kimi xarakterizə etmişdir. Deməli, bu məlumat heç bir əlavə sübutla təsdiq olunmadığından və bundan əlavə, rəvayətin özü də sənəd etibarilə zəif sayıldığından, ona əsaslanmaq və onun əsasında qəti hökm vermək olmaz.

c) Təfsirçilərin rəyinə görə, bu ayə hicrətdən çox-çox sonra, Mədinədə nazil olmuşdur. Bu zaman Əbu Talib artıq çoxdan vəfat etmişdi.

ç) Ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçilər arasında yalnız Qurtubi qətiyyətlə müdafiə etmişdir. Demək olar ki, bütün sair müfəssirlər bunu bir nəzəriyyə kimi xatırlatmış, araşdırmalardın sonra bu qərara gəlmişlər ki, güclü ehtimala görə, ayə ümumilikdə Məkkə müşriklərinin başçıları barəsində nazil olmuşdur. Böyük nüfuza malik olan bu şəxslər həm özləri Peyğəmbərə mane olur, həm də əllərindəki imkanlardan istifadə edərək, başqalarını İslamdan uzaqlaşdırmağa çalışırdılar. Təbəri, İbn Kəsir, İmam Fəxr Razi, Əllamə Suyuti, Zəməxşəri və b. məşhur təfsirçilər öz əsərlərində məhz bu mövqedən çıxış etmiş, ayənin Əbu Talib barəsində nzil olması nəzəriyyəsini həqiqətə daha az uyğun saymışlar (ətraflı məlumat üçün Əllamə Əmininin "Əl-Ğədir" kitabının 8-ci cildinə müraciət edə bilərsiniz, səh. 3-8).

İkinci və üçüncü ayələr:

"Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbər və iman gətirənlərin onlardan ötrü şəfaət diləmələri yaramaz! " (Tövbə, 113).

"Şübhəsiz, sən sevdiyin şəxsləri hidayət edə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o bilir" (Qəsəs, 56).

Rəvayət olunan bir hədisə görə, bu iki ayənin Əbu Talibin vəfatı münasibətilə nazil olduğu bildirilmişdir. Halbuki, ətraflı araşdırma aparsaq, bu fikrin tamamilə həqiqətdən uzaq olduğunu görərik.

a) Əvvəla, bütün təfsir alimlərinin fikrincə, haqqında danışılan "Tövbə" surəsinin 113-cü ayəsi Məkkədə nazil olmuşlur, "Qəsəs" surəsinin 56-cı ayəsi isə Mədinə dövrünə - Məkkənin fəthindən sonrakı dövrə aiddir. Deməli, hər iki ayənin Məkkədə, Əbu Talibin vəfatı zamanı nazil olması barədə bu yeganə rəvayət, digər məşhur rəvayətlərlə tam ziddiyyət təşkil etdiyindən, etibarsız sayılır.

b) Hədisin sənədindəki ravilərdən biri Səid ibn Museyyibdir. Onun Əhli-beyt imamları ilə ədavəti isə tarixdə məşhurdur. Həzrəti Əlinin (ə) imaməti barəsində Səid ibn Museyyiblə Əlinin (ə) oğlu Ömərin arasında baş vermiş mübahisə İbn Əbi`l-Hədidin "Nəhcu`l-bəlağə"yə şərhində təsvir edilmişdir. Bu mübahisənin sonunda Ömər ibn Əli ibn Əbu Talib (ə) Səid ibn Museyyibi münafiq adlandırmışdır (bax: "Əl-Ğədir", cild 8, səh. 9).

İmam Zeynulabidin (ə) vəfat etdikdə Mədinənin bütün məşhur şəxsləri ona cənazə namazı qılmağı özlərinə şərəf saydılar, lakin Səid ibn Museyyib bundan imtina etdi. Cənazə namazına dəvət ediləndə Səid belə cavab vermişdi: "Bu şəxsin cənazə namazını qılmaqdansa, iki rükət adi namaz qılmaq mənə daha xoşdur!" (bax: "Əl-Ğədir", cild 8, səh. 9).

Əbu Talibin guya müşrik halda ölməsi və vəfat edərkən kəlmeyi-şəhadəti deməkdən imtina etməsi barədə rəvayətləri Əllamə Suyuti "Durru`l-mənsur" təfsirində bir neçə dəfə rəvayət etmişdir. Bu rəvayətlər Əbu Hüreyrənin, Abdullah ibn Ömərin və Abdullah ibn Abbasın dilindəndir; onların heç biri Peyğəmbərə istinadən deyildir və adı çəkilən üç nəfərin hər biri bu hadisəni sanki özləri görmüş kimi təsvir etmişlər. Lakin cüzi diqqət göstərsək, bunun həqiqətə qətiyyən uyğun olmadığını başa düşərik. Çünki Əbu Hüreyrə Peyğəmbərin ömrünün sonuna yaxın Yəməndən Mədinəyə gəlmiş və iman gətirmişdir; Əbu Talib vəfat edəndə Əbu Hüreyrə hələ müsəlman olmamışdı və heç Mədinədə deyildi. Həmçinin, Əbu Talib vəfat edərkən, Abdullah ibn Ömərin cəmi 7 yaşı vardı, Abdullah ibn Abbas isə ümumyyətlə körpə uşaq idi. Ona görə də bu üç nəfərin heç birinin rəvayətinə əsaslanmaq sağlam məntiqə uyğun gəlməz. Bundan əlavə, rəvayətlərin sənədində rast gəlinən Əbu Səhl Sirri və Əbdu`l-Quddus Əbu Səid Dəməşqi adlı ravilər rical alimləri tərəfindən "kəzzab" (yalançı) adlandırıl¬mışlar. Bu fakt həmin rəvayətlərin etibar dərəcəsini sıfıra endirir.

Deyilən dəlillərə əsasən, 3 ayədən (Ənam, 26; Tövbə, 113; Qəsəs, 56) heç birinin Əbu Talib barəsində nazil olması mötəbər fikir deyildir. Həm əsbabi-nüzul (ayələrin nazil olma səbəbləri), həm də rical (ravilərin şəxsiyyəti) elmləri vasitəsilə aydın olur ki, ayələrlə Əbu Talib arasında əlaqə yoxdur.

Əbu Talibin mömin olması barədə varid olmuş hədislər

Nəinki Peyğəmbər, həmçinin, məsum imamlar və məşhur səhabələr də Əbu Talibin mömin olmasına etiqad bəsləmiş və camaatı da buna inandırmışlar. Şiə və əhli-sünnə məzhəbinə aid kitablarda Əbu Talibin möminliyinin sübutu barədə hədsiz sayda rəvayətlər mövcuddur. Aşağıda onlardan bəzilərini qeyd edirik.

1. Həzrət Əli (ə) öz atasının imanını gizli saxlamasının səbəbini çox aydın şəkildə bildirmişdir: "Vallahi, Əbu Talib mömin və müsəlman idi, amma qüreyşi¬lərin Bəni-Haşimi özlərindən uzaqlaşdıracağından qorxaraq, imanını gizli saxlamışdı" ("Əl-Ğədir", cild 7, səh. 388).

2. Bir dəfə Əmirəlmöminin Əlidən (ə) soruşurlar ki, Həzrəti Muhəmməd Peyğəmbərdən (s) əvvəlki vəsilərin (yəni peyğəmbər canişinlərinin) sonuncusu kim idi? İmam cavab belə verir: "Atam" ("Əl-Ğədir", cild 7, səh. 389).

3. Dürüst ibn Əbu Mənsur adlı səhabə İmam Kazimdən Əbu Talibin İslam dinində yeri barədə soruşanda İmam belə cavab vermişdir: "...O, peyğəmbərə və onun gətirdiklərinə (yəni Qurana və dini hökmlərə) iman gətirmişdi. Peyğəmbərlərdən qalmış əmanətləri Həzrəti Muhəmmədə (s) təhvil verdi və elə həmin gün vəfat etdi" ("Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 18).

4. İmam Məhəmməd Baqirdən (ə) rəvayət edilən hədisdən məlum olur ki, Əli (ə) bəzi adamlara öz atası Əbu Talibin əvəzinə həccə getməyi tapşırırdı, özündən sonra da bunu vəsiyyət etmişdi ("Əl-Ğədir", cild 7, səh. 380).

5. İmam Əli (ə) buyurmuşdur: "Atam can verəndə Peyğəmbər onun yanına gəldi və mənə onun haqqında elə sözlər dedi ki, bu sözləri dünya və axirətdən üstün tuturam" ("Əl-Ğədir", cild 7, səh. 387).

6. İmam Rzadan (ə) rəvayət edirlər ki, Əbu Talibin üzüyünün qaşında belə yazılmışdı: "Rəbb olaraq Allahı, peyğəmbər kimi qardaşım oğlu Məhəmmədi (s), onun canişini kimi oğlum Əlini (ə) bəyəndim" (Qazi Nurullah Şüştəri - "Məcalisu`l-muminin", cild 5, səh. 163).

7. İmam Sadiq (ə) buyurmuşdur: "Əbu Talib Əshabi-Kəhfə bənzəyir; onlar imanlarını gizli saxlayıb, zahirdə özlərini müşrik kimi göstərdilər. Buna görə Allah onlara ikiqat səvab verdi" ("Usuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 28; "Əmaliyi-Səduq", məclis 89, hədis 13).

8. Bir dəfə İmam Zeynulabidindən (ə) soruşurlar ki, Əbu Talib mömin idi yoxsa yox? O, belə cavab verir: "Bəli". "Bəs, camaat deyir ki, guya kafir idi?" sualına isə İmam narahat halda belə cavab verir: "Çox maraqlıdır, görəsən onlar bununla Əbu Talibə tənə vururlar, yoxsa Peyğəmbərə? Allah-Təala öz peyğəmbərinə əmr etmişdi ki, heç bir mömin qadını kafir kişinin kəbinində saxlamasın. Şübhəsizdir ki, Əsəd qızı Fatimə ilk iman gətirmiş qadınlardan idi. Əbu Talib vəfat edincəyə kimi Fatimə onun kəbinində yaşamışdır" (yəni əgər Əbu Talib kafir olsaydı, Peyğəmbər onunla həyat yoldaşı Əsəd qızı Fatimənin nikahını pozardı. Peyğəmbərin həyatından məlumdur ki, o bu əmrə ciddiyyətlə riayət edirdi. Hətta öz qızı Zeynəbin əri Əbu`l-As müsəlman olmadığından, Peyğəmbər onların nikahını pozmuşdu) (İbn Əbil-Hədid - "Şərhu Nəhcu`l-bəlağə", cild 3, səh. 312).

9. İmam Əli (ə) Əbu Talibin şeirlərini eşidəndə xoşhal olurdu və buyururdu: "Onun şeirlərini öyrənin və uşaqlarınıza da öyrədin; şübhəsiz, o (yəni Əbu Talib) Allahın dinində idi və onun şeirlərində çoxlu elm vardır" ("Əl-Ğədir", cild 7, səh. 393-394).

10. İmam Əskəri (ə) buyurmuşdur ki, Allah-Təala Peyğəmbərə belə vəhy edib: "Mən sənə iki dəstənin (şiəteyn) vasitəsilə yardım etdim. Bu dəstələrin biri sənə gizli, o biri aşkar kömək göstərdi. Gizli kömək edən dəstənin başçısı və ən üstünü əmin Əbu Talib idi. Sənə aşkarda kömək edən dəstənin başçısı və ən üstünü isə onun oğlu Əlidir (ə). Şübhəsiz, Əbu Talib Ali-Firondan olan mömin kimidir, öz imanını gizli saxladı" ("Əl-Ğədir", cild 7, səh. 395).

11. Birinci xəlifə Əbu Bəkrin belə söylədiyi rəvayət edilir: "Şübhəsiz, Əbu Talib "La ilahə illəllah, Muhəmmədun rəsulullah" deməyincə vəfat etmədi" ("Əl-Ğədir", cild 7, səh. 369).

Hədislərdən məlum olur ki, Əbu Talib Həzrəti Muhəmmədin (s) peyğəmbər olduğunu hələ onun doğumundan əvvəl bilirmiş. Öz nəslindən axirəz-zaman peyğəmbər çıxacağını ona əcadadları demişdi. Həmçinin, Əbu Talib xristian və yəhudi rahibləri ilə söhbətində də Muhəmmədin (s) peyğəmbər olacağını eşitmişdi.

12. İsmail ibn Ziyad adlı səhabə İmam Sadiqdən (ə) rəvayət edir ki, "Əbu Talib cümməl hesabı ilə müsəlman oldu və əli ilə 63 ədədini göstərdi" ("Üsuli-Kafi", "Hüccət" kitabı, "Rəsulullahın doğumu və vəfatı" babı, hədis 33).

Mərhum Əllamə Məclisi bu hədisi şərh edərək yazır ki, qədimdə insanlar öz barmaqlarından istifadə etməklə, bütün ədədləri göstərə bilirdilər. Onlar barmaqlarını 18 variantda bükməklə 1-dən 99-dək, daha 18 kombinasiya vasitəsilə 100-dən 9.000-dək ədədləri ifadə edirdilər. 10.000-dək ədədləri göstərmək üçün daha mürəkkəb əl hərəkətləri icra olunurdu. Bu cür saymağa "cümməl" hesabı deyirdilər.

Əbu Talibin hansı üsulla iman gətirdiyi barədə alimlər müxtəlif fərziyyələr irəli sürmüşlər. Onların bəzisi Əbu Talibin 63 dildə kəlmeyi-şəhadət söylədiyini, bəzisi isə Peyğəmbərin müdafiəsinə həsr olunmuş 63 qəsidə yazdığını bildirmişlər. Mərhum Şeyx Səduq "Məaniyyu`l-əxbar" kitabında (səh. 286) İmam Mehdinin (ə) naibi Əbu`l-Qasim Hüseyn ibn Ruhdan rəvayət edir ki, Əbu Talib Allahın üç adını söyləməklə iman gətiribmiş: "İlah", "Əhəd" və "Cəvad". Bu sözlərin əbcəd hesabı ilə qarşılıqlarının cəmi 63-dür (əlif-1, lam-30, hə-5, ha-8, dal-4, cim-3, vav-6).

(ardı var)

Please publish modules in offcanvas position.