Əmanət – Peyğəmbərlərə xas xislət

/ Bazar ertəsi, 17 Fevral 2020 14:30
Əmanət – Peyğəmbərlərə xas xislət

Ərəb dilindən tərcümədə «doğruluq, güvənlik, arxayınlıq» mənalarını verir. Mömin insanın ən mühüm keyfiyyətlərindən biri sayılır. Həzrət Mühəmməd (s) hələ peyğəmbərliyə seçilməzdən əvvəl ərəblər arasında öz əmin-amanlığı və düzgünlüyü ilə seçilirdi; ona görə də mübahisəli əmlakı, girovu Onun yanında əmanət qoyurdular. O həzrət Məkkədə «əmin» ləqəbi ilə tanınırdı.

Əmanət – müvəqqəti olaraq saxlamaq üçün başqasına verilən əmlaka və ya pula da deyilir. Qurani-kərimdə əmanəti qorumaq və vaxtı çatanda sahibinə qaytrmaq təkid edilir: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir» («Nisa», 58). Əmanətə sədaqət dinimizdə ən çox bəyənilən və israr edilən müsbət xüsusiyyətlərdən biridir. Həzrət Mühəmməd Peyğəmbər (s) Əbuzərrə buyurmuşdu: «Qiyamət günündə sirat körpüsünün iki yanında sileyi-rəhim və əmanətə sədaqət yerləşdiriləcək. Hər kim bu iki məsələyə riayət edibsə, körpüdən keçəcək; əks halda, alovun içinə yıxılacaq». O həzrətdən rəvayət edilən başqa bir hədisdə buyurulur: «Hər kim bu dünyada əmanətə xəyanət etsə və sahibinə qaytarmasa, bu vəziyyətdə ölüm onu haqlasa, mənim ümmətimdən sayılmaz və Allahla görüşəndə Allah ona qəzəblənər».

Məsum imamlar əmanəti qorumağın vacibliyini göstərmək üçün ən təsirli ifadələrdən istifadə etmişlər. Məsələn, Əbu Həmzə Sümali rəvayət edir ki, İmam Zeynül-abidin (ə) buyurub: «Mühəmmədi (s) peyğəmbərliyə təyin edən Allaha and olsun ki, əgər atam Hüseyn ibn Əlinin (ə) qatili onu öldürdüyü qılıncı mənim yanımda əmanət qoysaydı, qoruyub yenə özünə qaytarardım». Həzrət Əli (ə) isə buyurub: «Peyğəmbərlərin balalarını öldürənlərin belə, əmanətini özlərinə qaytarın».

Hədislərdə buyurulur ki, başqaları ilə münasibətdə üç məsələyə riayət etməyi Allah-təala müsəlmanlara əmr edib. Özü də bu əmr qarşıdakı şəxsin yaxşı (mömin) və ya pis (fasiq) olmasına baxmayaraq, eyni dərəcədə öz qüvvəsini qoruyub-saxlayır: əmanəti sahibinə qaytarmaq, əhdə vəfa etmək və valideynlə yaxşı münasibətdə olmaq.

İmam Cəfər Sadiq əmanətə sədaqətli olmağı vacib ibadətləri icra etməkdən də yüksək dəyərləndirirdi: «Bir kəsin rükusunun və səcdəsinin uzunluğuna baxmayın. Bəzən insan ibadətə adət edir, əgər ibadəti tərk etsə, qorxuya düşür. Adamın dilinin doğruluğuna və əmanətə sədaqətinə baxın». O həzrət öz tərəfdarlarına bunu tövsiyə edirdi: «Hər kim yanında qoyulmuş əmanəti sahibinə qaytarsa, cəhənnəm alovunun yüz halqasını öz boğazından açmış olar. Əmanəti tez sahibinə qaytaryn. Hər kimin yanında əmanət qoyulsa, İblis yüz nəfər şeytanı göndərər ki, o adamı vəsvəsə edib yoldan çıxarsınlar. Amma Allah-təalanın qoruduğu kəslər yoldan çıxmazlar».

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı əmanətə sədaqət, əhdə vəfa, verilmiş sözə bağlılıq nümunələri ilə zəngindir. Rəvayət edirlər ki, hicri 8-ci (miladi 630-cu) ildə müsəlmanlar Məkkəni fəth edəndə Kəbənin açarı Qüreyş qəbiləsinin Bəni-Əbdüddar qolundan olan Osman ibn Əbu Təlhədə idi. Cahiliyyə dövründə Kəbənin açarını bu soyun nümayəndələri qoruyar və nəsildən-nəslə ötürərdilər. Məkkədə Kəbənin açarlarını saxlamaq çox hörmətli vəzifə sayılırdı. Peyğəmbər Məkkəni fəth edəndən sonra Kəbənin içində namaz qılmaq və oranı bütlərdən təmizləmək istədi. Lakin Osman ibn Təlhə Kəbənin qapısını açarla bağlayıb, açarı özündə saxlamışdı. O, Kəbənin damına çıxmışdı ki, həm özü amanda qalsın, həm də açarı ondan ala bilməsinlər. Peyğəmbər Əli ibn Əbu Talibə tapşırdı ki, açarı Osmandan alıb gətirsin. Əli Kəbənin damına qalxıb açarı Osmandan tələb etdi. Lakin Osman açarı təhvil verməkdən boyun qaçıraraq dedi ki, əgər Mühəmmədin (s) peyğəmbər olduğuna inansaydım, özüm açarı ona verərdim. Əli nə qədər təkid etdisə, nəticəsi olmadı. Axırda məcbur olub, Osmanın qolunu burdu və açarı ondan aldı, gətirib Peyğəmbərə təhvil verdi.

İslam Peyğəmbəri Kəbənin qapısını öz əli ilə açıb içəri girdi, orada iki rükət namaz qıldı, Kəbənin içindəki şəkilləri çıxarmağı əmr etdi. Sonra açarı Əliyə verib tapşırdı ki, Osmana qaytarsın. Əli ibn Əbu Talib açarları qaytaranda Osman təəccüblə soruşdu: «Bayaq açarı məndən zor gücünə almışdın. İndi niyə mənə qaytarırsan?». Əli cavab verdi: «Ona görə ki, Quranda buyurulub: «Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı əmr edir» («Nisa», 58).

Osman bu hərəkəti görəndə riqqətə gəlib, Peyğəmbərin hüzuruna yetişdi və müsəlman olduğunu söylədi. Peyğəmbər Kəbənin açarlarını qorumaq hüququnu yenə ona həvalə etdi.

Please publish modules in offcanvas position.