”İslam tarixində ilk”lərin nə olduğunu bilmək istəyirsiz?

/ Bazar ertəsi, 17 Fevral 2020 15:40
”İslam tarixində ilk”lərin nə olduğunu bilmək istəyirsiz?

1. Yer üzündə tikilmiş ilk bina Məkkədəki Kəbə evidir. "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" (Ali-Imran, 96). Rəvayətə görə, cənnətdən yer üzünə qovulmuş Adəm Peyğəmbər (ə) ibadət və tövbə etmək üçün Kəbə evini tikdi və cənnətdən endirilmiş qara daşı (həcərül-əsvədi) onun divarına bərkitdi. Həzrət Nuhun (ə) tufanı zamanı Kəbə uçuldu. Bundan sonra Həzrət Ibrahim Peyğəmbər (ə) oğlu Ismaillə (ə) birlikdə Kəbəni təmir etdilər.

2. Yer üzündə qan tökmüş ilk insan Həzrət Adəm Peyğəmbərin (ə) oğlu Qabil olmuşdur. Aralarındakı rəqabəti həll etmək üçün Qabillə qardaşı Habil Allaha qurban gətirmək qərarına gəldilər. Habilin niyyəti daha səmimi olduğu üçün qurbanlığı qəbul oldu, amma Qabil öz əmlakının ən pis hissəsini gətirdiyi üçün qurbanı qəbula yetmədi. Qəzəblənmiş Qabil Habili daşla vurub öldürdü, daha sonra heyvanlardan öyrəndiyi qayda ilə onu basdırdı. Beləliklə, yer üzündə tökülmüş ilk qan qardaş qanı oldu.

3. Kəbənin üzərinə örtük (kisvət) örtmüş ilk şəxs tübbə olmuşdur. Tübbə Yəmən hökmdarlarının ləqəbidir. Miladi V əsrdə Yəməndə yəhudi dininə inanan tübbə Əbu Kərb Təban Əsəd hakimiyyət sürürdü. Qüdrətli hökmdar və fateh kimi tanınan tübbə geniş vilayətləri fəth etmişdi. Iraq fəthindən qayıdarkən ərəb qəbilələrinin nümayəndələri onunla görüşüb xahiş edirlər ki, hücum çəkib Məkkə şəhərini dağıtsın. Çünki ərəblər Kəbənin hesabına varlanıb rifah içində yaşayan Məkkə əhalisinə paxıllıq edirdilər. Tübbə Kəbəni yerlə-yeksan edəcəyinə söz verir. Bir anda Allahın əmri ilə o, dəhşətli xəstəliyə tutulur, gözləri hədəqəsindən çıxır. Tübbənin müşavirləri ona məsləhət görürlər ki, sağalmaq istəyirsə, Həzrət Ibrahimin (ə) yadigarı olan Kəbəni dağıtmaq fikrindən əl çəksin. Tübbə Məkkəyə hücum etmək fikrindən vaz keçir. Əksinə, onu bu fikrə salan adamları cəzalandırır. Özü isə ehtiramla Məkkəyə daxil olub Kəbəni ziyarət edir və hörmət əlaməti olaraq bahalı Yəmən ipəyindən örtük hazırlatdırıb Kəbənin üzərini onunla örtür.

4. Islam tarixində ilk şəhidlər məşhur səhabə Əmmarın atası Yasir və anası Süməyyə olmuşlar. Onların ailəsi Məkkənin zəif və himayəsiz təbəqəsinə aid idi. Müşriklər onları Islamdan döndərmək üçün hər gün Məkkənin kənarındakı səhraya aparır, orada işgəncələrə məruz qoyurdular. Belə günlərin birində Süməyyəni yolundan döndərə bilməyən Əbu Cəhl qəzəblənib nizə ilə onu öldürdü. Az sonra Yasir də ağır işgəncələr altında canını tapşırdı. Onlar həm həyatda ikən, həm də şəhid olduqdan sonra barələrində Peyğəmbər xeyir-dua etmişdir.

5. Islamı qəbul etmiş ilk insan qadın olmuşdur. Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfalı həyat yoldaşı Xədiceyi-Kübradır. Həzrət Peyğəmbər ilk vəhyi aldıqdan dərhal sonra bunu Xədicəyə danışmış və o, iman gətirib müsəlman olmuşdu. Xədicədən sonra Peyğəmbərin əmisi oğlu və gələcək kürəkəni 11 yaşlı Əli ibn Əbu Talib (ə) Islamı qəbul etdi. Bundan sonra Peyğəmbərin oğulluğu Zeyd ibn Harisə, məşhur səhabələr Əbu Bəkr, Əbuzər və başqaları müsəlman oldular.

6. Qurani-kərimin ilk nazil olmuş ayələri Ələq surəsinin (96-cı surə) ilk 5 ayəsidir: “Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. Insana bilmədiklərini öyrətdi” (Ələq, 1-5). Bu ayələri mələk Cəbrail Məkkə kənarındakı Nur dağının Hira mağarasında Peyğəmbərə vəhy etmişdir.

7. Qurani-kərimin ayələrini müşriklərin qarşısında ucadan oxumuş ilk şəxs (Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonra) səhabə Abdullah ibn Məsud olmuşdur. Ilk müsəlmanlar uzun müddət öz imanlarını gizli saxlayır, Məkkədə açıq təbliğatdan çəkinirdilər. Quranın Rəhman surəsi nazil olduqdan sonra Abdullah ibn Məsud Kəbənin ətrafında toplaşmış müşriklərin yanına gəldi və onlara bu surəni uca səslə oxudu. Qəzəblənmiş Məkkə böyükləri cılız bədənli Abdullahı döyməyə başladılar. Abdullah onların zərbələri altında da Quran oxumağa davam etdi.

8. Islam tarixində ilk azan vermiş şəxs qara dərili zənci Bilal olmuşdur. Hicrətdən əvvəl Məkkədə azan deyilmirdi. Hicrətdən sonra Mədinədə Peyğəmbərin iştirakı ilə məscid tikildikdən sonra müsəlmanları namaza çağırmaq üçün azandan istifadə etmək qərara alındı. Peyğəmbərin məsləhəti ilə Bilal yaxınlıqdakı evlərdən birinin damına qalxıb uca səslə azan verdi. Peyğəmbərin ömrünün sonuna kimi Bilal azan demişdir.

9. Məkkədən Mədinəyə hicrət etmiş ilk şəxs Müsəb ibn Ümeyrdir. Birinci Əqəbə beyətindən sonra Yəsrib (keçmiş Mədinə) müsəlmanlarının xahişi ilə Peyğəmbər Müsəbi bu şəhərə göndərdi ki, orada Islam qanunlarını camaata öyrətsin. Müsəb bir il Yəsribdə qaldı. Ikinci Əqəbə beyətində yəsriblilərin nümayəndə heyəti ilə birlikdə Məkkəyə gəldi, bundan sonrakı iki ay müddətində Məkkədə yaşadı. Hicrət əmri verildikdən sonra sair müsəlmanlarla bir sırada Müsəb də Məkkəni tərk edib Yəsribə köçdü.

10. Həzrət Mühəmməd Peyğəmbərin (s) Yəsribə (Mədinəyə) daxil olduqdan sonra söylədiyi ilk sözlər belə olmuşdur: ”(Ehtiyacı olanlara) yemək verin, salamı açıq-aşkar söyləyin, qohumlarla rabitə saxlayın, camaat yuxuda ikən siz namaz qılın. Belə edin ki, salamatçılıqla cənnətə girə biləsiniz“.

11. Mədinədə Peyğəmbərin gəlişindən əvvəl ilk camaat namazı qıldırmış şəxslər Peyğəmbərin tapşırığı ilə Məkkədən gəlmiş Müsəb ibn Ümeyr və Mədinə müsəlmanlarının lideri Əsəd ibn Zürarə olmuşlar. Peyğəmbərin imamlığı ilə ilk cümə namazı Mədinənin girəcəyində, Bəni-Səlimə məxsus Rənuna vadisində qılınmışdır. Mədinədən sonra cümə namazı ilk dəfə Bəhreyndə, Əbdi-Qeys qəbiləsinin məskunlaşdığı Cüvasa kəndində qılınmışdır.

12. Hicrətdən sonra mühacirlərin ailəsində doğulmuş ilk körpə məşhur səhabə Zübeyr ibn Avvamın oğlu Abdullah olmuşdur. Abdullahın anası Əbu Bəkrin qızı Əsma idi. O, hicrətdən 20 ay sonra Qüba kəndində doğuldu. Abdullahın dünyaya gəlməsi bütün müsəlmanların sevincinə səbəb oldu. Çünki Mədinə yəhudiləri belə bir şayiə buraxmışdılar ki, guya müsəlmanları cadulayıblar və Mədinədə onların övladı olmayacaq.

13. Islam tarixində ilk səriyyənin sərkərdəsi Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi Həmzə yaxud o həzrətin əmisi oğlu Übeydə ibn Haris ibn Əbdülmüttəlib olmuşlar. Səriyyə müsəlmanların elə hərbi yürüşlərinə deyilir ki, Peyğəmbərin iştirakı olmadan, səhabələrdən birinin başçılığı altında həyata keçirilirdi. Ilk səriyyə hicrətin birinci ili ramazan ayında baş verdi və döyüşsüz bitdi.

14. Islam tarixində düşmənə qarşı ilk oxu atmış şəxs Səd ibn Əbu Vəqqasdır. O, yuxarıda adı çəkilən Übeydə ibn Harisin başçılığı altında həyata keçirilmiş Rabiğ səriyyəsində müşrik qoşununa qarşı ilk oxu atmışdır. Ümumiyyətlə, Səd bacarıqlı oxatan kimi tanınırdı. Ühüd savaşında düşmənə tərəf min ox atmış və bu oxların demək olar ki hamısı hədəyə dəymişdi. Hətta tarixçilər Peyğəmbərin ona ox verərək kömək etdiyini yazırlar. Tarixdə Islam düşmənlərinin qanını tökmüş ilk şəxs də Səd sayılır. Məkkədə bir qrup müsəlman namaz qılarkən müşriklər onlara hücum etmiş, bu zaman Səd özünü qorumaq üçün əlinə keçən dəvə sümüyü ilə müşriklərdən birinin başını yaralamışdı.

15. Islam yolunda qılıncını sıyırmış ilk şəxs məşhur səhabə Zübeyr ibn Avvam olmuşdur. Məkkədə müsəlmanlara əziyyət verildiyi günlərin birində Zübeyr eşidir ki, müşriklər Həzrət Mühəmməd Peyğəmbəri (s) təkləyib Ona istehza edirlər. Zübeyr o həzrəti qorumaq üçün qılıncını sıyırıb evdən çıxır, amma qılıncdan istifadə etməyə ehtiyac qalmır.

16. Hicrətdən sonra vəfat etmiş və Bəqi məzarlığında dəfn edilmiş ilk müsəlmanlar Əsəd ibn Zürarə və ya Osman ibn Məzun olmuşlar.

17. Həzrət Mühəmməd Peyğəmbərdən (s) sonra vəfat etmiş ilk Əhli-beyt üzvü qızı Fatimeyi-Zəhradır. O, Peyğəmbərin vəfatından 75 və ya 95 gün sonra dünyasını dəyişdi. Rəvayət edirlər ki, Peyğəmbərin ömrünün son günlərində Fatimə Onunla söhbət edirdi. Kənardan baxanlar əvvəlcə Fatimənin ağladığını, daha sonra isə gülümsədiyini görürlər. Fatimə bunun səbəbini soruşanlara deyir ki, əvvəlcə atam bu günlərdə dünyadan köçəcəyini söylədi, mən bundan üzülüb ağladım. Daha sonra buyurdu ki, mən də tezliklə dünyadan köçüb axirətdə Onunla görüşəcəyəm. Bu sözlər məni sevinməyə vadar etdi.

18. Həzrət Mühəmməd Peyğəmbərin (s) xanımları arasında hicrətdən sonra ilk vəfat edən ümmül-möminin Zeynəb bint Xüzeymə olmuşdur. Onların evliliyi cəmi bir neçə ay davam etdi. Peyğəmbər Zeynəbin tezliklə vəfat edəcəyi barədə qabaqcadan öz xanımlarına işarə vermişdi. Zeynəb bint Xüzeymə hicri 4-cü ilin rəbiül-əvvəl ayında (miladi 626-cı il) təqribən 30 yaşında ikən vəfat etdi, cənazə namazı şəxsən Peyğəmbər tərəfindən qılındı.

Peyğəmbərin vəfatından sonra isə xanımları arasında hamıdan əvvəl ümmül-möminin Zeynəb bint Cəhş dünyasını dəyişdi. Peyğəmbərin bibisi qızı olan Zeynəb hicri 20-ci (miladi 641-ci) ildə təqribən 53 yaşında ikən Mədinədə rəhmətə getdi.

19. Qurani-kərimi Peyğəmbərin vəfatından sonra toplayıb vahid kitab şəklinə salmış ilk şəxs Əli ibn Əbu Talibdir (ə). Quran ayələri Peyğəmbərin sağlığında dəri, sümük və perqament parçalarının üzərində pərakəndə formada yazılmışdı. Əli o həzrətin vəsiyyətinə əsasən, 3 gün ərzində Quran ayələrini nazil olduqları ardıcıllıqla kitab şəklində cəm etdi. Həmin Quran nüsxəsi Əhli-beytə məxsusdur və bir imamdan digərinə miras qalmışdır.

20. Islam tarixində əmirül-möminin (möminlərin əmiri) ləqəbi ilə çağırılmış ilk xəlifə Ömər ibn Xəttab olmuşdur. Iraqdakı vəziyyət barədə məlumat vermək məqsədilə Mədinəyə çağırılmış iki nəfər Ömərə bu ləqəblə müraciət etdi və sonralar bu müraciət forması ənənəyə çevrildi. Şiə rəvayətlərinə görə isə bu ləqəb şəxsən Peyğəmbər tərəfindən Əli ibn Əbu Talibə verilmişdi.

21. Islam tarixində başı kəsilib şəhər-bəşəhər gəzdirilən ilk şəxs qocaman səhabə Əmr ibn Həmiq Xüzaidir. O, hicri 50-ci (miladi 670-ci) ildə Əhli-beyti sevmək ittihamı ilə Müaviyənin əmrinə əsasən Iraq valisi Ziyad ibn Əbihinin göndərdiyi əsgərlər tərəfindən Mosul ətrafında qətlə yetirilmişdir.

Please publish modules in offcanvas position.