Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyyələrindən seçmələr (Birinci hissə)

/ Bazar ertəsi, 17 Fevral 2020 15:43
Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyyələrindən seçmələr (Birinci hissə)

Məşhur səhabə Əbuzər Ğifari rəvayət edib ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) məsciddə Əli ibn Əbu Taliblə (ə) birlikdə oturduğu zaman hüzuruna gəldim və xahiş etdim ki, mənə nəsihət versin. Həzrət buyurdu: “Ey Əbuzər! Sən mənim yanımda hörmət sahibisən və Əhli-beytdənsən. Sənə deyəcəyim bu tövsiyələrə əməl et. Çünki bu tövsiyələr ümumilikdə xeyir-bərəkətə aparan yollardır. Bunlara əməl etməyin sənə kifayətdir”.

Şərh:

Burada Peyğəmbərin Əbuzəri öz Əhli-beytindən sayması onun uca məqamını göstərmək üçündür. Peyğəmbər bununla demək istəyir ki, O, Əbuzəri öz ailə üzvləri qədər sevir. Halbuki, Əbuzər Peyğəmbərlə qohum deyildi. Həm də Əbuzər Əhli-beytin ən sadiq tərəfdarlarından və Imam Əlinin (ə) ən məşhur səhabələrindən biri kimi tanınıb. Yeri gəlmişkən, Peyğəmbər Salmani-farsini də Əhli-beytdən sayırdı.

“Allaha elə ibadət et ki, sanki Onü görürsən. Sən Onu görməsən də, O səni görür...”

Şərh:

Burada söhbət Allahı gözlə deyil, qəlblə, iman gücü ilə görməkdən gedir. Yəni insan Allaha elə yəqinliklə inanmalıdır ki, sanki Onu gözü ilə görür. Həzrət Əli (ə) də bunu nəzərdə tutaraq buyurmuşdu ki, görmədiyim tanrıya ibadət etmərəm. Həmçinin, insan həmişə əməllərinə Allah tərəfindən nəzarət olunduğuna və hər an Allahın hüzurunda durduğuna inanmalıdır. Yəni bunu unutmamalıdır ki, hər şeyi bilən, eşidən və görən Allah onun bütün işlərindən xəbərdardır. Əgər belə olsa, həm öz günahlarından utanar, həm də Allahın cəzasından qorxar.

“Bil ki, Allah-təala ümmətimin içində Əhli-beytimi Nuhun gəmisi kimi qərarlaşdırıb. Kim bu gəmiyə minsə (yəni Əhli-beytimə bağlansa) nicat tapar. Kim ona arxa çevirsə həlak olar. Allah ümmətim üçün Əhli-beytimi Bəni-Israil qövmü üçün hittə qapısı kimi qərarlaşdırıb. Kim bu qapıdan daxil olsa amanda qalar”.

Şərh:

Allah-təala Bəni-Israil qövmünə əmr etmişdi ki, Beytül-Müqəddəs şəhərinin qapılarından girəndə Allaha xitab edib, ”hittə“ (günahlarımızı bağışla; hərfi mənada – günahlarımızı yerə tök) deyə dua etsinlər, qapıdan təzim və təvazö ilə girəndən sonra şükr səcdəsi yerinə yetirsinlər. Amma onlar qapı¬dan daxil olarkən Allahın istədiyi ”hittə“ sözünü deyil, məs¬xərə və istehza məqsədilə buna oxşar başqa bir söz dedilər, təzim və səcdə etmədilər (bax: Bəqərə, 58; Əraf, 161). Peyğəmbər demək istəyir ki, kim günahlarının bağışlanmasını istəyirsə, Əhli-beytə sidq ürəklə bağlanmalı, onun yolu ilə getməlidir.

“Beş haldan qabaq beş halın qədrini bil: qocalıqdan qabaq cavanlığın, xəstəlikdən qabaq sağlamlığın, kasıblıqdan qabaq varlılığın, məşğulluqdan qabaq bekarlığın və ölümdən qabaq həyatın”.

“Əməldə bu gün-sabah söhbəti etmə, bu günün işini sabaha saxlama. Sən bu gününü yaşayırsan, sabah hələ sənin deyil. Əgər sabaha çıxsan, onun da bu gün kimi öz əməlləri olacaq. Əgər sabaha çıxmasan, çalış ki, bu gününü də əldən verdiyinə görə peşman olmayasan”.

Şərh:

Yəni əgər sabaha kimi yaşasan, sabahın da öz vacib ibadətləri olacaq və bugünkü ibadətləri vaxtında icra etməsən, sabah onları qəza etməyə məcbur olacaqsan; beləcə zəhmətin çoxalacaq. Həmçinin, sabah qarşıya elə vacib işlər çıxa bilər ki, başın bunlara qarışar və bugünkü əməllərinin əvəzini verməyə imkan tapmazsan. Əgər sabaha kimi yaşamasan, yəni ölsən, artıq bütün fürsəti əldən vermiş olacaqsan. Daha savab iş görmək, günahını yüngülləşdirmək imkanın qalmayacaq. Quranda və hədislərdə buyurulduğu kimi, ölülər bir daha bu dünyaya qayıdıb yaşamağı, xeyir əməl edib savab qazanmağı istəyərlər. Amma onlara bu imkan verilməz.

“Əgər əcələ və onun yetişmə yollarına baxsan, arzulara və onların cilvəkar görünüşünə nifrət edərsən”.

Şərh:

Yəni əcəlin mütləq olmasını düşünsən, bu dünya üçün qurduğun bir çox xəyalların əbəs olduğunu dərk edərsən. Çünki həqiqətən, bəzi insanların xəyallarının tam həyata keçməsindən ötrü ömür azlıq edir. Həmçinin, ətrafa baxıb, əcəlin bəzən necə qəfildən gəldiyini müşahidə etsən, ürəyindəki arzulara və beynindəki xəyallara məhəbbətin azalar. Bunların gəldi-gedər olduğunu anlayarsan, bu xəyalları gerçəkləşdirmək üçün ciddi-cəhdlə çalışıb-çabalamağı mənasız iş kimi dəyərləndirərsən. Hədisin ardında deyildiyi kimi, “nə çoxdur elə insanlar ki, bu günü başa vurmağa macal tapmadılar və sabahın intizarını çəkdikləri halda ona yetişə bilmədilər”.

 

“Bu dünyada qərib adam və ya yol keçən müsafir kimi ol, özünü qəbirdə yatanlardan biri kimi hiss et”.

“Öz ömrünə münasibətdə dirhəm və dinarlarından daha artıq dərəcədə simic ol”.

Şərh:

Hədisin mənası budur ki, insan adətən öz puluna münasibətdə diqqətli və hətta simic olur. Xərclədiyi hər qəpiyin hesabını çəkir, ziyana düşməməyə çalışır. Əslində isə insan ən böyük kapitalı olan ömrünə qarşı bundan daha artıq dərəcədə dəqiq olmalıdır. Vaxtını nəyə sərf etdiyini, nəyi itirib nəyi qazandığını düşünməlidir. Çünki puldan və sərvətdən fərqli olaraq, ömür birdəfəlik itirilir və ötən günü heç bir yolla qaytarmaq mümkün deyil.

“Qiyamətdə insanların ən pisi öz elminə əməl etməmiş alim olacaq. Hər kim camaatın nəzər-diqqətini cəlb etmək xatirinə elm öyrənsə, behiştin yolunu tapmaz. Hər kim camaatı aldatmaq xatirinə elm öyrənsə, cənnətin ətrini duymaz”.

Şərh:

Hədisin mənası budur ki, bəzən insanlar şan-şöhrət qazanmaq naminə savad alırlar. Halbuki, elm öyrənməyin əsas məqsədi – bunu cəmiyyətin rifahı naminə tətbiq etmək, başqalarına öyrətmək, gələcəkdə özünü və ailəsini dolandırmaq üçün peşə qazanmaq olmalıdır. Həmçinin, həm halal elmin bəzi dolaşıq sahələrini, həm də bütövlükdə haram olan elmləri öyrənən elə adamlar da var ki, bunların məqsədləri camaatı aldatmaq, pul qazanmaqdır. Məsələn, müxtəlif ticarət və hüquq maxinasiyalarını öyrənib bunları tətbiq edən fırıldaqçılar, sehr-cadu vasitəsilə xalqı soyub-talayanlar və başqaları bura aiddirlər. Hətta dini elmləri öyrənən din xadimləri içində də elələri var ki, şöhrət üçün bu elmi öyrənir, bu hədis onlara da aid olar.

“Səndən bilmədiyin bir məsələni soruşanda de ki, bilmirəm. Bu halda həmin məsələnin pis nəticələrindən amanda qalarsan. Bilmədiyin məsələ barədə fətva vermə ki, qiyamət əzabından uzaq olasan”.

“Behişt əhlindən bəziləri cəhənnəm əhlinin əhvalını görüb onlardan soruşarlar: “Necə oldu ki, siz cəhənnəmə düşdünüz, biz isə cənnətə? Halbuki, dünya həyatında biz sizdən ədəb və elm öyrənmişdik”. Cəhənnəm əhli cavab verər: “Biz sizi yaxşı işlərə çağırır, amma özümüz bunu etmirdik”.

Şərh:

Islamda insanları yaxşı işlərə çağırmaq (əmr bil-məruf) və pis işlərdən çəkindirmək (nəhy ənil-münkər) çox mühüm və savab işlərdən sayılır. Hətta bunlar cəmiyyətin sağlam həyatını təmin edən əsas amillərdən hesab edilir. Bununla belə, əgər bir nəfər başqalarını xeyirxah işlərə çağırırsa, amma özü bu işləri etmirsə, başqalarını günahdan uzaqlaşdırırsa, amma özü həmin günahı yerinə yetirirsə, belə adamın başqaları üçün etdiyi təbliğdən özünə heç bir fayda gəlməz. Insanlar onun sayəsində hidayət olub behişt qazanarlar, o özü isə günahları ilə baş-başa qalıb cəhənnəmə yuvarlanar.

“...Mömin öz günahlarını başı üzərindən asılmış qaya parçaları kimi (nəhəng və təhlükəli) hesab edər, həmişə qorxar ki, bu qayalar onun başına uçula bilər. Əksinə, kafir isə öz günahlarını elə kiçik sayar ki, sanki qulağının dibində vızıldayan milçəkdir”.

“Əgər Allah-təala öz bəndəsinə yaxşılıq etmək istəsə, günahlarını ona göstərər (və gözündə böyüdər). Amma əgər bir bəndəsinə pislik etmək istəsə, günahlarını ona unutdurar”.

“Mömin öz günahlarından ötrü qəfəsdəki quşdan daha artıq dərəcədə həyəcan keçirər və iztirab çəkər”.

Şərh:

Qəfəsdəki quş həmişə azadlıq arzusunda olar, keçmişdəki sərbəst həyatını geri qaytarmaq üçün çalışar, qəfəsdən xilas olmağa can atar. Eləcə də, əsl mömin öz günahlarını ruhu üçün bir qəfəs kimi hiss edər. Anlayar ki, bu günahlar onun azadlığa çıxmasına, gözəl həyata dönməsinə – yəni Allaha qovuşmasına mane olur. Çünki günah insanın Allaha doğru yolunu bağlayar.

(ardı var)

Please publish modules in offcanvas position.