Peyğəmbər (s) Əbuzərə daha nələr deyirdi? (İkinci hissə)

/ Bazar ertəsi, 17 Fevral 2020 16:02
Peyğəmbər (s) Əbuzərə daha nələr deyirdi? (İkinci hissə)

“Etdiyin günahın kiçikliyinə baxma. Gör ki, kimə qarşı asi olmusan! ” (Yəni Allahın qüdrətini düşün, Onun əmr və qadağanlarını pozmağın nə qədər utandırıcı olduğunu fikirləş).

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2528-haezraet-muhaemmaed-peyzhhaembaerin-s-aebuzaerae-toevsiyyaelaerindaen-sedzhmaelaer-birindzi-hissae)

“İnsan etdiyi günaha görə ruzidən məhrum qalar”.

“Sənə aid olmayan bir işlə məşğul olma. Sənə köməyi dəyməyən sözləri danışma. Mal-dövlətini qoruduğun kimi, dilini də qoru”.

Şərh:

Burada insana aid olmayan iş deyərkən, onu axirətdə Allaha yaxınlaşdıra biləcək ibadət və savab əməllərdən, həmçinin, bu dünyada özünə və başqalarına xeyir gətirə biləcək halal hərəkətlərdən başqa işlər nəzərdə tutulur. Başqalarının işinə haqsız yerə müdaxilə etmək də bura aiddir. Eləcə də, insana köməyi dəyməyən sözləri danışmaq qadağan edilib. İnsana köməyi dəyən sözlər isə əlbəttə ki, halal çərçivədə olmalıdır. Yəni bunlar insana hər hansı halal mənəvi və ya maddi xeyir gətirən, təhlükədən uzaqlaşmaq və özünü qorumaq üçün deyilən sözlərdir.

“Allah-təala bir dəstə adamı cənnətə daxil edər və onlara doyuncaya qədər nemətlər verər. Başqa bir dəstəni isə bunlardan daha da yuxarı məqamda yerləşdirər. Birinci dəstədən olanlar özlərindən yüksəkdə olanları görüb tanıyarlar və Allaha deyərlər: ”İlahi, onlar bizim qardaşlarımızdır. Dünya həyatında bizimlə birlikdə idilər. Niyə indi onlar bizdən üstün oldular?“. Allah buyurar: ”Siz tox olanda onlar ac idilər. Siz sirab olanda onlar susuz qalmışdılar. Siz yuxuda olanda onlar oyaq idilər. Siz özünüzdən çıxanda onlar öz aramlıqlarını qoruyurdular”.

Şərh:

Hədisdə ac və susuz qalmaq – Allaha ibadət məqsədilə oruc tutmaqdır; istər vacib oruc olsun, istərsə müstəhəb. Başqaları yatdığı halda oyaq qalmaq isə gecə namazı qılmağa işarədir.

“Allah namazı mənim gözümün nuru edib. Mənə namazı o qədər sevdirib ki, ac adam yeməyi, təşnə adam suyu bu cür sevər. Amma ac yeyib doyar, təşnə də içib sirab olar. Mən isə namazdan doymaram”.

“Namaz qılan zaman sanki qüdrətli hökmdarın qapısını döymüş olursan. Hökmdarın qapısını çox döysən, axırda açılar”.

Şərh

Hədisin mənası budur ki, insan nəinki vacib namazı tərk etməməlidir, hətta müstəhəb namazların və duaların sayını da artırmalıdır. Çünki nə qədər çox ibadət etsə, bunların arasından hansısa birinin qəbula yetmə ehtimalı da artar. İmam Cəfər Sadiq (ə) buna oxşar fikri dua haqqında bildirmişdir: ”Əgər bəndə ağzını bağlayıb bir şey istəməsə (yəni dua etməsə), ona heç nə verilməz. Sən istə ki, istədiyin sənə verilsin. Elə bir qapı yoxdur ki, qapını döyən adamın üzünə açılmasın”.

“Qiyamət gününün bayraqdarlarının xoş halına! Onlar bayrağı götürüb qabağa düşəcək və camaatı öz arxalarınca behiştə aparacaqlar. Onlar sübh tezdən və günün başqa vaxtlarında məscidə gəlib hər namazı öz vaxtının əvvəlində qılanlardır”.

“Bir adamın yetmiş peyğəmbər qədər yaxşı əməli olsa da, gərək bunu az saysın və qiyamət günündə ziyana uğraya biləcəyindən (yəni cəhənnəmə düşəcəyindən) qorxsun”.

“Zirək o adamdır ki, nəfsini boğur və ölümdən sonrakı (axirət həyatı) üçün çalışır. Aciz adam odur ki, nəfsinə və onun istəklərinə uyur, amma buna baxmayaraq Allahdan bol-bol təmənnalar umur”.

“Bu ümmətin itirəcəyi ilk xüsuiyyətlər əmanəti qorumaq və xüşu olacaq. Hətta elə bir vəziyyət yaranacaq ki, xüşusu olan adam gözə dəyməyəcək”.

Şərh:

Xüşu İslam əxlaqında çox bəyənilən və mömində olması gərəkən müsbət keyfiyyətdir: “Həqiqətən, möminlər nicat tapmışlar. O kəslər ki, namazlarında xüşuludurlar” (Möminün, 2). Xüşu – Allah qarşısında özünü əskik və zəif saymaq, xüsusilə, ibadət zamanı son dərəcə təvazökar və müti davranmaq, bütün hərəkətləri ilə Allahın böyüklüyünü və özünün cılızlığını göstərməkdir.

“And olsun Ona ki, Mühəmmədin canı Onun ixtiyarındadır, əgər Allahın yanında dünya bir ağcaqanad və ya milçək qanadı qədər dəyərə malik olsaydı, bu dünyada kafirə bir içim su da verməzdi”.

Şərh:

Peyğəmbərin demək istədiyi budur ki, insanın əsl dəyərinin aşkara çıxması və qiymətləndirilməsi üçün əsas məkan dünya deyil, axirətdir. Əgər insanlar öz layiqli qiymətlərini bu dünyada alsaydılar, onda gərək kaifrlərə bir içim su da qismət olmayaydı; necə ki, axirətdə onlar cəhənnəmin susuzluğundan əzab çəkəcəklər. Amma Allah bu dünyada bütün bəndələrinə qarşı mərhəmətlidir. Mömin ya kafir olmasına baxmayaraq, hamının ruzisi özünə yetişir. Amma hər kəsin əsl qiyməti axirətdə aşkara çıxacaq. Orada kafirləri heç bir nemət və bolluq gözləmir, əksinə, onlar dünyadakı əməllərinə görə öz cəzalarına çatacaqlar. Hətta din alimləri deyiblər ki, Allahın iki böyük adının – Rəhman və Rəhim adlarının mənası da bunu bildirir. Təfsirlərə görə, Rəhman adı Allahın bu dünyada hamıya qarşı mərhəmətli olduğunu bildirir. Rəhim adı isə onu ifadə edir ki, Allah axirətdə yalnız möminlərə qarşı mərhəmətli olacaq.

“Allah öz bəndəsinə yaxşılıq etmək istəyəndə onu dini məsələlərdə savadlı, dünyəvi işlərdə zahid, öz eyiblərinə münasibətdə bəsirətli edir”.

“Dünyada zahidanə ömür sürən din qardaşına rast gələndə onu dinlə; çünki o sənə hikmət öyrədər”. Əbuzər soruşdu: “Ey Allahın Rəsulu, insanların ən zahidi kimdir?”. Peyğəmbər cavab verdi: “Qəbri və onun içindəki bədənin çürüməsini unutmayan, öz ehtiyacından artıq olan dünya bər-bəzəyini tərk edən, baqi (qaları) dünyanı fani (keçəri) dünyadan üstün tutan, sabahkı günü öz ömründən saymayan və özünü ölülərdən biri hesab edən şəxs”.

Şərh:

Hədisdəki “sabahkı günü öz ömründən saymayan” ifadəsinin mənası budur ki, əsl zöhd əhli yaşadığı hər günü ömrünün son günü hesab edər, həmişə ölümə hazır olar. Dünya malını elə bir miqdarda yığıb-saxlayar ki, bugünkü ehtiyacına bəs etsin, artıq olana tamah salmaz, ehtiyacından artıq qalanı ehtiyaclılara verər. Bütün günahlarından bu gün tövbə etməyə, imkanı çatan savabları vaxtında yerinə yetirməyə, günahdan uzaq durmağa çalışar, bu günün işini sabaha saxlamaz. Aşağıdakı məşhur hədisin mənası da buna bənzərdir: “Bu dünyada elə yaşa ki, guya heç vaxt ölməyəcəksən. Amma elə ibadət et ki, guya bir an sonra öləcəksən”.

“Dünya ürəkləri və bədənləri özünə məşğul edər. Allah qiyamətdə bizə verdiyi halal nemətlərin hesabını aparacaq. Hələ demirəm ki, haramların hesabı necə olacaq?”.

Şərh:

Yəni dünya öz cəlbedici hiylələri ilə insanların qəlbini və bədənini özünə sarı çəkir. İnsanlar ürəklərində haram niyyətlər edir, bədənləri ilə haram əməlləri yerinə yetirirlər və bütün bunlar dünya nemətlərini əldə etmək üçün baş verir. Amma unudurlar ki, onlar qiyamətdə yalnız bu haramlara görə deyil, hətta halal nemətlərə görə də sorğu-sual ediləcəklər. Yəni Allahın halal buyurduğu yemək-içməyi israfla yoxsa həddində istifadə etdiklərinə, öz halal qazanclarını hansı işlərə xərclədiklərinə, öz halal həyat yoldaşları ilə necə rəftar etdiklərinə, Allahın verdiyi fiziki və əqli imkanlardan necə yararlandıqlarına və sairəyə görə cavab verəcəklər. Bunu dərindən düşünən adam hətta halal nemətlərdən istifadə edərkən ehtiyatlı və təqvalı davranar, nəinki haramlara bulaşar.

“Çalış ki, bütün işlərdə niyyətin təmiz olsun, hətta yatarkən və yeyərkən belə”.

“Ürəyində Allahı böyük və əzəmətli bil. O cahil adamlardan olma ki, yalnız qarşısına it və ya donuz çıxanda: “İlahi, məni bundan qoru” deyə, Allahı yada salır”.

Şərh

Yəni insan yalnız çətinliyə düşəndə deyil, hər zaman Allahı yad etməli, Ona sığınmalı, Onun böyüklüyünü etiraf etməlidir.

“Düşünərək qısa şəkildə iki rükət namaz qılmaq bütün gecəni yatmayıb ürəksiz namaz qılmaqdan daha yaxşıdır”.

Şərh:

Namaza üstünlük gətirən əsas cəhət onun ürəklə qılınmasıdır, yəni namazda qəlb hüzuru olmalıdır. İnsan əvvəla, niyə namaz qıldığının mənasını anlamalıdır, Allaha ibadət etməyin fəlsəfəsini dərk etməlidir. Həmçinin, namaz əməllərini dəqiqliklə yerinə yetirməyə çalışmalı, bu hərəkətlərin və sözlərin mənasını varlığı ilə yaşamalıdır. Özünü Allahla danışırmış kimi hiss etməlidir. Kor-koranə, mənasız qılınan namaz bəlkə də qəbul edilər, amma onun dəyəri heç zaman Allah dərgahında uca tutulmaz. İbadətdə əsas olan kəmiyyət deyil, keyfiyyətdir. Əgər namaz insanın əxlaqına, mənəviyyatına müsbət təsir göstərmirsə, insan canamazın üzərindən qalxıb adi bir şəkildə asanlıqla günah edirsə, bu cür ibadəti yerinə yetirməyin mənası da yoxdur. Başqa ibadətlər də bu cürdür. Məsələn, bir şəxs özünü başqalarına göstərmək üçün böyük məbləğdə ehsanlar edir, amma niyyəti xalis olmadığı üçün heç bir savab əldə etmir. Amma başqa bir adam sırf Allah xatirinə bircə qəpik sədəqə verir və bundan qat-qat çox savab qazanır.

(ardı var).

Please publish modules in offcanvas position.