Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyələrindən seçmələr (Üçüncü hissə)

/ Bazar ertəsi, 17 Fevral 2020 16:07
Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyələrindən seçmələr (Üçüncü hissə)

“Haqq ağır və acıdır. Batil isə həm yüngüldür, həm də şirin. Nə çoxdur bir saatlıq elə ləzzətlər ki, uzun müddətli peşmançılıqla nəticələnir”.

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2528-haezraet-muhaemmaed-peyzhhaembaerin-s-aebuzaerae-toevsiyyaelaerindaen-sedzhmaelaer-birindzi-hissaehttp://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2529-peyzhhaembaer-s-aebuzaerae-daha-naelaer-deyirdi-i-kindzi-hissae)

“Duz hər şeyi xarab olmaqdan qoruyur. Amma duzun özü xarab olsa, əlacı yoxdur. Sizdə iki pis xasiyyət var: heyrətsiz gülüş (yəni mənasız yerə gülmək) və qəsdən (üzrsüz) tənbəllik”.

“Axirətin əkin-biçini saleh əməldir, bu dünyanın əkin-biçini isə mal-dövlət və oğul-uşaqdır”.

“Var-dövlət və şan-şöhrət sevgisi insanın dini üçün sürüyüə hücum edən və səhərə kimi heyvanları parçalamaqla məşğul olan canavarlardan daha qorxuludur. Düşün ki, o sürüdən səhərə nə qalar?”. Əbuzər soruşdu: ”Ey Allahın Rəsulu! Allahdan qorxanlar, Onun qarşısında özünü əskik sayanlar, təvazökarlar və Allahı çox xatırlayanlar başqalarına nisbətən cənnətə daha tez girəcəklərmi?“. Peyğəmbər buyurdu: ”Xeyr, cənnətə ən tez girənlər kasıb müsəlmanlar olacaqlar. Onlar sanki başqalarının çiyni üzərinə qalxıb cənnətə yaxınlaşacaqlar. Cənnətin gözətçisi onlara deyəcək ki, burada durun, qoy hesabınızı çəksinlər. Onlar cavab verəcəklər: ”Bizdən nəyin hesabını çəkəcəklər? Vallahi, dünyada nə vəzifəmiz və gücümüz var idi ki, onunla ya zülm edəydik, ya da ədalət göstərəydik. Nə də var-dövlətimiz var idi ki, ya simiclik edəydik, ya da israf. Biz öz Rəbbimizə ibadət edir, O bizi (bəndəliyə və itaətə) çağıranda dəvətinə cavab verirdik (yəni Onun əmr və qadağanlarına riayət edirdik)“.

”(Qiyamətdə) hesaba çəkilməzdən əvvəl bu dünyada özünü hesaba çək. Bu, sənin sabahkı hesabının yüngül olmasına kömək edər. Mizan tərəzisində əməllərin çəkilməzdən əvvəl bu dünyada onları (öz vicdan tərəzində) çək. Heç nəyin Allahdan gizli qalmayacağı böyük hesab gününə özünü hazırla“.

Peyğəmbər Əbuzərdən soruşdu: ”Cənnətə düşmək istəyirsənmi?“. Əbuzər cavab verdi: ”Əlbəttə istəyirəm“. Peyğəmbər buyurdu: ”Elə isə arzu-xəyalları azalt, ölümü həmişə göz önündə tut, Allahdan lazımınca utan (həya et)“. Əbuzər dedi: ”Biz hamımız Allahdan utanırıq“. Peyğəmbər buyurdu: ”Həya bu deyil. Allahdan həya etmək odur ki, ölümü unutmayasan, qarnını (haramdan) boş saxlayasan, beynini (haram və mənasız fikirlərdən) uzaq tutasan. Hər kim axirətdə kəramət (ucalıq) istəyirsə, bu dünyanın bər-bəzəyini əynindən yerə tökməlidir. Dediyim kimi olsan, Allahın vəlayətinə çatarsan“.

”Yaxşı əməl üçün dua, yemək üçün duz kimidir“.

”Əməlsiz (savabsız) dua edən adam peykansız (ucluqsuz) ox atmaq istəyən adam kimidir“.

”Hansı gənc dünyanın ləzzətlərini tərk etsə və cavanlığını Allaha itaətlə keçirsə, Allah ona 72 peyğəmbərin savabını verər“.

“Qafil (nadan) camaatın arasında Allahın zikrini söyləyən adam fərari döyüşçülərin əhatəsində cihad etmək istəyən şəxs kimidir”.

“Yaxşı yoldaş tənhalıqdan daha üstündür, amma tənhalıq pis yoldaşdan daha yaxşıdır. Yaxşı söz danışmaq sükutdan daha üstündür, amma sükut pis söz söyləməkdən daha yaxşıdır”.

“Yalnız mömin adamla oturub-dur. Çalış ki, sənin süfrəndən yalnız təqvalı adam yesin. Özün də fasiqlərin süfrəsindən yemə”.

“Allaha xatir sevdiyin adama yemək ver. Özün də səni Allaha xatir sevən adamın çörəyindən ye”.

“Allah hər bir danışan adamın yanındadır. Adam gərək Allahdan qorxsun və nə danışdığını bilsin”.

“Çox danışmağı burax. Öz ehtiyacını dilə gətirəcək qədər danışmağın sənə bəsdir”.

“Insanın yalan söyləməsi üçün bu kifayətdir ki, hər eşitdiyi sözü başqaları üçün danışsın”. (Yəni insan özündən yalan uydurmasa da, eşitdiyi sözün doğruluğunu yoxlamadan başqalarına danışsa və sözgəzdirənlik etsə, yalana bulaşmış olacaq).

(ardı var)

Please publish modules in offcanvas position.