Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyələrindən seçmələr (Dördüncü hissə)

/ Bazar ertəsi, 17 Fevral 2020 16:09
Həzrət Mühəmməd Peyğəmbərin (s) Əbuzərə tövsiyələrindən seçmələr (Dördüncü hissə)

“Bəndənin əxlaqı pisləşdikcə Allahdan daha çox uzaqlaşar”.

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2528-haezraet-muhaemmaed-peyzhhaembaerin-s-aebuzaerae-toevsiyyaelaerindaen-sedzhmaelaer-birindzi-hissaehttp://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2529-peyzhhaembaer-s-aebuzaerae-daha-naelaer-deyirdi-i-kindzi-hissaehttp://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2530-haezraet-muhaemmaed-peyzhhaembaerin-s-aebuzaerae-toevsiyaelaerindaen-sedzhmaelaer-udzhundzu-hissae)

“Gözəl söz sədəqədir. Namaz qılmaq üçün atdığın hər addım sədəqədir (yəni sədəqə vermək kimi savabdır)”.

“Həbs edilməyə ən layiq olan dildir”.

“Allahı böyük tutmağın yolları müsəlman qocaya, Quran oxuyan və ona əməl edən adama, ədalətli hökmdara ehtiram göstərməkdir”.

“Hər kim Allaha doğru çağıranın (müəzzinin) dəvətini qəbul etsə (yəni namaz qılsa) və Allahın məscidlərini gözəl şəkildə abad etsə, mükafatı cənnət olar”. Əbuzər soruşdu: “Ey Allahın Rəsulu, o adam Allahın məscidlərini necə abad etsin?”. Peyğəmbər cavab verdi: “Məsciddə səsini yüksəltməsin, batil iş görməsin, alver etməsin, məsciddə olduğu müddət boyunca bihudə işlər görməsin. Əgər bunlara əməl etməsə, qiyamət günündə özündən küssün”.

“Soyuq havada mükəmməl şəkildə (bol su ilə) dəstəmaz almaq kəffarədir (yəni Allah bunu günahların cəriməsi kimi hesab edər). Məscidə çox getmək cihaddır (yəni cihad qədər savabdır)”.

“Allah-təala buyurub: “Bəndələrim içində ən çox sevdiklərim o kəslərdir ki, başqalarını mənim xatirimə sevərlər, ürəkləri məscidlərə bağlıdır, gecəyarı günahlarının bağışlanması üçün istiğfar edərlər. Mən yer əhlinə bəla göndərmək istəyəndə onları yada salıb bu fikrimdən əl çəkirəm”.

“Insan o zaman təqvalı olar ki, şərik öz şərikindən necə hesabat tələb edirsə, o da öz-özündən bundan daha artıq qiddətlə hesab çəksin. Araşdırsın ki, yemək-içməyi, geyimi necə əldə edib: halalla yoxsa haramla”.

“Allahın yanında ən sevimliniz Onu ən çox zikr edəninizdir. Allahın yanında ən hörmətliniz ən çox təqvalı olanınızdır. Allahın əzabından ən çox amanda qalanınız Ondan ən çox qorxanınızdır”.

“Kim Allaha itaət etsə, Onu zikr edər (xatırlayar); hətta namazı, orucu və Quran oxuması az olsa belə”.

“Dinin meyarı vərə’dir (halal ya haram olması şübhə doğuran şeylərdən ehtiyat etməkdir), dinin başı isə (Allaha) itaətdir”.

“Elm ibadətdən daha üstündür. Əgər qəddiniz əyilənə kimi namaz qılsanız, qamış kimi arıqlayınca oruc tutsanız və bütün bunları vərə’siz etmiş olsanız, sizə heç bir faydası dəyməz”.

“Insanların ən güclüsü olmaq istəyirsənsə, Allaha təvəkkül et. Insanların ən hörmətlisi olmaq istəyirsənsə, Allahdan qorx. Insanların ən varlısı olmaq istəyirsənsə, Allahın ixtiyarında olan nemətə daha çox inan, nəinki öz əlində olana”.

“Əgər Adəm oğlu ölümdən qaçdığı kimi ruzidən qaçsa belə, ruzi yenə ölüm kimi onu haqlayacaq” (yəni hər kəsin qismətində ruzi varsa, həmin ruzi ona mütləq yetişəcək).

“Allah sizin sifətinizə, mal-dövlətinizə və sözünüzə baxmaz, qəlbinizə və əməllərinizə baxar (yəni bunlara görə sizə əvəz verər)”.

“Bu dörd xüsusiyyət yalnız möminə nəsib olar: ibadətin əvvəli (başlanğıcı) olan sükut, hər nöqsandan uzaq olan Allahın qarşısında təvazökarlıq etmək, hər bir şəraitdə Allahı zikr etmək (xatırlamaq) və az sərvət”.

“Həmişə fikrin-zikrin savab iş görmək olsun. Əgər savab iş görməyə imkanın çatmasa belə, heç olmasa qafillərdən sayılmazsan”.

“Camaatı güldürmək xatirinə yalan danışan adamın vay halına, vay halına, vay halına!”.

“Qeybətdən çəkin ki, qeybət zinadan daha pisdir”. Əbuzər soruşdu: “Niyə, ey Allahın Rəsulu?”. Peyğəmbər cavab verdi: “Çünki adam zinaya bulaşdıqdan sonra tövbə etsə, Allah tövbəni qəbul edər. Amma qeybəti danışılan şəxs qeybətçini bağışlamayınca Allah onun günahını bağışlamaz”.

“Sözgəzdirən adam cənnətə girməz, qiyamət günündə Allahın əzabından amanda qalmaz”.

Please publish modules in offcanvas position.