“Bərəkətli boyunbağı” haqda maraqlı əhvalat

/ Bazar ertəsi, 17 Fevral 2020 16:19
“Bərəkətli boyunbağı” haqda maraqlı əhvalat

Cabir ibn Abdullah Ənsari rəvayət edir ki, bir gün Peyğəmbər bizimlə birlikdə əsr namazını qıldıqdan sonra oturub söhbət edirdi. Bu zaman köhnə əyin-başlı, əldən düşmüş bir qoca bizə yaxınlaşdı. Peyğəmbər onun vəziyyəti ilə maraqlandı. Qoca cavab verdi: “Ey Allahın Rəsulu! Qarnım acdır, mənə yemək ver! Paltarım köhnəlib cırılıb, məni geyindir! Kasıbam, pulum yoxdur, mənə yardım göstər!”.

Peyğəmbər onu dinləyib buyurdu: ”Heyf ki, mənim də öz şəxsi malımdan heç nəyim yoxdur. Amma bir kəsə yaxşılığın yolunu göstərən adam özü ona yaxşılıq etmiş kimidir. Səni elə bir adamın yanına göndərəcəyəm ki, o, Allahı və Peyğəmbəri çox sevir, Allah və Peyğəmbər də onu çox sevirlər. O, Allah yolunda sənə ehsan edər“.

Peyğəmbər qoca ərəbi Bilala qoşub Əli (ə) ilə Fatimənin (ə) evinə göndərdi. Qoca qapını döydü, Əli (ə) evdə olmadığı üçün Fatimə (ə) qapının arxasına gəldi, qocanın dərdini dinlədi. Amma möhtac qocanı razı salmaq üçün Onun da heç nəyə gümanə gəlmirdi. Çünki üç gün idi ki, bütün ailə üzvləri ac idilər. Fatimə (ə) evə nəzər saldı, üzərində balaca Həsənlə Hüseynin (ə) oturduqları qoyun dərisi gözünə sataşdı, onu götürüb qapı arxasından qocaya verdi və üzr istədi: ”Bunu götür, Inşaallah, Allah bundan daha yaxşısını sənə qismət edər“.

Qoca ərəb dəriyə baxıb dedi: ”Ey Peyğəmbərin qızı. Mən acam, bu dərini neyləyim?“.

Birdən Fatimənin (ə) yadına düşdü ki, Peyğəmbərin əmisi Həmzənin qızı Ona çoxdan qızıl boyunbağı hədiyyə etmişdi. Boyunbağı uzun müddət idi ki, istifadəsiz qalırdı. Fatimə (ə) boyunbağını gətirib qapı arxasından qocaya uzatdı: ”Bunu apar, sat. Inşaallah Allah bundan daha yaxşısını sənə əta edər“.

Qoca boyunbağını götürüb məscidə – Peyğəmbərin hüzuruna gəldi, hadisəni Ona danışdı. Peyğəmbər öz qızının alicənablığından riqqətə gəlib ağladı.

Bu zaman Əmmar ibn Yasir Peyğəmbərə üz tutub dedi: ”Ey Allahın Rəsulu! İcazə verirsinizmi ki, bu boyunbağını qocadan satın alım?“. Peyğəmbər ona icazə verdi. Əmmar qocadan soruşdu: ”Boyunbağını mənə neçəyə satarsan?“. Qoca cavab verdi: ”Mənə qarnımı doyuracaq qədər yemək, əynimə geyəsək paltar, ailəmin yanına qayıtmağıma bəs edəcək qədər yol pulu versən, boyunbağını sənə verərəm“. Əmmar Xeybər savaşından əldə etdiyi qənimətin bir hissəsini saxlamışdı. Qocaya dedi: ”Sənə 20 dinar, üstəlik 200 dirhəm pul, bahalı Yəmən ipəyindən geyim verərəm, dəvəmi sənə bağışlayaram ki, minib evinə qayıdasan, yemək-içməklə də səni doyuzduraram“.

Qoca sevincək razı oldu. Əmmar qocanı evinə apardı, dediklərinin hamısını ona verdi. Qoca ərəb bunları da götürüb Peyğəmbərin hüzuruna qayıtdı ki, Ona təşəkkür etsin. Peyğəmbər bu nemətlərin əvəzində ondan Fatimə (ə) üçün dua etməsini istədi. Qoca Allaha dua etdi ki, Fatiməyə (ə) heç kəsə nəsib olmamış nemətlər versin. O, dua etdikcə Peyğəmbər amin deyirdi. Sonra o həzrət buyurdu: ”Allah sənin dediyini artıq bu dünyada Fatiməyə (ə) verib. Ona elə bir ata bəxş edib ki, heç kimin belə atası yoxdur. Ona elə bir həyat yoldaşı qismət edib ki, hamıdan artıqdır. Ona elə övladlar verib ki, heç bir anaya bunlar nəsib olmayıb“. Sonra Peyğəmbər Fatimənin (ə) fəzilətləri barədə yenə səhabələrə danışdı.

Bu arada Əmmar boyunbağını ətirləyib ipək parçaya bükdü, Xeybər qənimətinin pulundan aldığı Səhm adlı köləyə verib dedi: ”Apar, bunu Peyğəmbərə təqdim et, özün də o həzrətin yanında qal, səni Peyğəmbərə bağışladım“.

Səhm boyunbağını gətirib Peyğəmbərə verdi, Əmmarın sözlərini çatdırdı. Peyğəmbər boyunbağını yenə ona verib buyurdu: ”İndi isə bunu aparıb Fatiməyə ver. Özün də onların ailəsində qal. Mən də səni Fatiməyə bağışladım“.

Kölə Fatimənin (ə) qapısına gəldi, boyunbağını Ona təqdim edib Peyğəmbərin sözlərini çatdırdı və öz itaətini bildirdi. Fatimə (ə) boyunbağını aldı, köləyə isə elan etdi ki, Allah yolunda onu azad edir.

Səhm heyrətdən özünə gələ bilmirdi. Bir azdan sonra sanki yuxudan ayıldı və gülməyə başladı. Fatimə (ə) niyə güldüyünü soruşanda, keçmiş kölə cavab verdi: ”Düşünürəm ki, bu nə bərəkətli boyunbağıdır! Bir möhtacı yedizdirdi, geyindirdi, sərvət sahibi etdi, bir köləni azadlığa qovuşdurdu, axırda yenə öz sahibinin evinə qayıtdı“.

Please publish modules in offcanvas position.