40 rəqəmi barədə ayə və hədislərdə

/ Bazar ertəsi, 17 Fevral 2020 16:23
40 rəqəmi barədə ayə və hədislərdə

İslam mənbələrində 3, 7, 40, 70, 72, 99, 100, 1000 və sairə ədədlərlə bağlı müxtəlif məzmunlu məlumatlara rast gəlirik. Aşağıda bunlardan biri – 40 ədədi haqqında dini mətnlərdəki əsas məlumatları ümumiləşdirməyə çalışacağıq.
Qurani-kərimdə 40 ədədi dörd dəfə işlədilib. Bunların üçü Həzrət Musanın (ə) başına gələn hadisə ilə bağlıdır. Həzrət Musa Peyğəmbər (ə) Bəni-İsrail qövmünü Misirdən çıxarıb vəd olunmuş Kənan torpaqlarına gətirərkən, Sina dağının ətəklərində Allah Ona vəhy etdi ki, bir neçə gün müddətinə dağın zirvəsinə qalxsın. Quranda bildirilir ki, əvvəlcə Həzrət Musanın (ə) Sina dağında keçirəcəyi vaxt 30 gün müddətində təyin edilmişdi. Amma sonra Allah buna daha 10 gün də əlavə etdi və beləliklə, Musa Peyğəmbər (ə) Sina dağında 40 gün Allahın vəhy ziyafətinin qonağı oldu (Əraf, 142; Bəqərə, 51). Bu müddət ərzində Allah öz peyğəmbərinə Tövrat kitabını vəhy etdi və Həzrət Musa (ə) 40 günün tamamında müqəddəs kitabla birlikdə öz qövmünün yanına qayıtdı.
Quranın başqa bir ayəsi Həzrət Musa (ə) və Bəni-İsraillə əlaqəli növbəti hadisənin təsvirini 40 ədədinə bağlayır. Bəni-İsrail qövmü Misirdən çıxıb Kənan torpaqlarına çatana kimi səhrada dəfələrlə Həzrət Musanın (ə) üzünə ağ olub itaətsizlik etdi. Onlar gah Allahın gözlə görünməsini tələb etdilər, gah səmadan göndərilmiş mənn və səlva yeməyini bəyənmədilər, gah da Musanın (ə) müvəqqəti uzaqlığından istifadə edib qızıl buzova pərəstiş etməyə başladılar. Bunun cəzası olaraq, Allah onları 40 il səhrada sərgərdan halda gəzdirəcəyini və Kənan torpağına girmələrinə imkan verməyəcəyini vəd etdi (Maidə, 26). Bu 40 il ərzində həmin üsyankar nəslin bütün üzvləri, hətta Həzrət Musa (ə) və Həzrət Harun (ə) da daxil olmaqla, səhrada vəfat etdilər. Vəd olunmuş Kənan torpağına girmək şərəfi onların övladlarına – daha imanlı və daha itaətkar nəslə qsimət oldu.
Nəhayət, 40 ədədi ilə bağlı dördüncü ayədə insan ömrünün kamillik nöqtəsi açıqlanır: “Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!” (Əhqaf, 15). Bu ayədən məlum olur ki, insan zehni və əqidəvi cəhətdən kamilliyə 40 yaşında çatır. Həzrət Əlinin (ə) bu hədisi də deyilənlərə sübutdur: “Insanın əqli cəhətdən kamala çatdığı yaş 40 yaşdır” (Ğürərül-hikəm, 1986-cı hikmət). Bəlkə də elə buna görə Həzrət Mühəmmədə (s) peyğəmbərlik 40 yaşında verilmişdi.
Hədisdə deyilir ki, əgər günahkar insan 40 yaşına çatıb tövbə etməsə, yenə öz mənəviyyatsız və əqidəsiz həyatını davam etdirsə, şeytan əlini onun alnına çəkib deyər: “Bu adam daha bundan sonra nicat tapmaz” (S.M.Hüseyni Dəşti. Məraif və məariyf, IV, 289).
Ana bətnində rüşeymin ilkin inkişafı hərəsi 40 gün olmaq üzrə üç mərhələdə baş verir: 40 gün nütfə (mayalanmadan sonrakı ilkin forma), sonra 40 gün ələqə (laxtalanmış qan), daha sonra isə 40 gün müzğə (çeynənmiş ət) halında. Bundan sonra rüşeymə ruh verilir, onun taleyi müəyyən edilir (Səhihü Müslim, Qədər kitabı, hədts 6723 (2643)). Başqa bir hədisdə nütfə ana bətninə düşdükdən 40 gün sonra ruhun ona üfürüldüyü bildirilir.
İnsanın yediyi hər bir qidanın qalıqları onun bədənində 40 gün qalır, yalnız bu müddətdən sonra həmin qidanın bütün təsiri bədəndən təmizlənir. Ona görə Həzrət Mühəmməd Peyğəmbər (s) buyururdu ki, şərab içən adamın 40 gün ərzində namazı qəbul olmaz, bu müddət ərzində ölsə, kafir kimi dünyanı tərk edər (Mən la yəhzürühül-fəqih, IV, 352). Yenə Peyğəmbər buyurub: “Hər kim müsəlman kişinin və ya qadının qeybətini etsə, ondan halallıq almayınca Allah 40 gecə-gündüz ərzində onun namazını və orucunu qəbul etməz” (Biharül-ənvar, 75-ci cild, səh. 258).
İslam Peyğəmbəri buyururdu ki, hər kim 40 gün ərzində ət xörəyi yeməsə, xasiyyəti pisləşər. Ona görə məsləhət görülür ki, bəd xasiyyətli adama ət xörəyi yedizdirsinlər.
Həddi-büluğ yaşına çatmış, amma xütnə (sünnət) olunmamış adam hər dəfə yerə sidik buraxanda, yer 40 gün ondan Allaha şikayət edər. Bu hədis uşaqların kiçik yaşda sünnət olunmasını təşviq edir. Başqa bir hədisdə deyilir ki, mömin insan vəfat etdikdə yer onun üçün 40 gün ağlayar (Məkarimül-əxlaq, səh. 471).
Müsəlman alimləri arasında Peyğəmbərin və yə imamların 40 hədisini məcmuə halında toplamaq ənənəsi mövcuddur. Bunlara “ərbəin” yaxud “ərbəun” deyirlər. Bu ənənənin yaranmasına səbəb Peyğəmbərin aşağıdakı hədisləridir: “Üm¬mətimdən hər kim dini məsələlərdə ehtiyac duyulan 40 hədisi hifz etsə, qiyamət gü¬nündə Allah onu fəqih kimi (və ya fəqihlərlə bir sırada) məhşərə gətirər”. ”Ümmətmdən hər kim sünnədən 40 hədisi hifz etsə, qiya¬mət günündə onun şəfaətçisi olaram“.

Please publish modules in offcanvas position.