Müqəddəslərimiz necə qonaq gedir və qonaq qəbul edərdilər

/ Bazar ertəsi, 17 Fevral 2020 16:29
Müqəddəslərimiz necə qonaq gedir və qonaq qəbul edərdilər

Bir nəfər Həzrət Əlini (ə) öz evinə qonaq çağırdı. Imam üç şərtlə onun dəvətini qəbul edəcəyini bildirdi: ”Birinci şərtim budur ki, məndən ötrü kənardan yemək almayasan. Ikincisi, evində olan yeməyi məndən əsirgəməyəsən. Üçüncü şərtim də budur ki, məndən ötrü ailə üzvlərinin rahatlığını pozmayasan“. Həmin adam bu şərtləri qəbul etdiyini bildirəndən sonra Həzrət Əli (ə) onun evinə qonaq getdi.

Imam Əlinin (ə) bu üç şərti Onun təvazökarlığını və zahidliyini göstərir. O, müsəlmanların xəlifəsi və ümmətin dini rəhbəri olduğu üçün tabeçiliyində olanların vəziyyəti barədə narahatçılıq keçirir və heç kimə əziyyət vermək istəmirdi. Halbuki, hədislərdən məlum olduğuna görə, hər kim evinə qonaq çağırırsa, dadlı və halal yemək bişirməli, qonağa rahatlıq gətirəcək vasitələri hazırlamalıdır. Bunun üçün xərc çəkmək də təbiidir. Amma qəfil gələn qonaq üçün hər hansı xüsusi hazırlıq görmək vacib deyil. (Hərçənd ki, bu, qonaqpərvərlikdən sayılır). Yəni qəfil gələn qonaq xüsusi bir tərzdə qarşılanacağına ümidvar olmamalıdır. O da ailə üzvlərindən biri kimi evdə olan yeməkdən yeyə bilər. Hətta bununla bağlı belə bir atalar sözü də var: ”Qəfil qonaq öz kisəsindən yeyər“.

Məlumdur ki, Imam Həsən (ə) çox əliaçıq, səxavətli idi. Bir gün bir bədəvi ərəb Imama qonaq gəlir. Bədəvi ərəblər çöl həyatı yaşadıqları üçün mədəniyyət və tərbiyələri ilə bir o qədər də seçilmirdilər. Yemək vaxtı qonaq süfrədə olan xörəkləri acgözlüklə yeməyə başlayır. Imam Həsən (ə) onun bu hərəkətindən qətiyyən narahat olmur. Əksinə, mehribançılıqla ondan soruşur: ”Evlisən yoxsa subay?“. Qonaq evli olduğunu bildirir. Imam onun övladları ilə maraqlanır. Qonaq cavab verir: ”Evdə səkkiz qızım var. Düzdür, bir o qədər də yaraşıqlı deyillər. Sir-sifətdə mən onlardan daha gözələm. Amma yeməkdə onlar məndən daha zirəkdirlər“. Imam Həsən (ə) qonağın bu etirafına gülüb göstəriş verir ki, ona 10 min dirhəm bağışlasınlar. Pulu verəndə Imam buyurur: ”Ailədə 10 nəfər olduğuna görə, adambaşına min dirhəm pul verdim“.

Həzrət Mühəmməd Peyğəmbərin (ə) əmisi oğlu Übeydullah ibn Abbas nökəri ilə birlikdə bir evdə gecələməli olur. Onların qonaq qaldığı ailə çox kasıb imiş. Axşam qonaqlara verməyə yemək tapa bilməyən ev sahibi öz həyat yoldaşına deyir ki, tövlədəki yeganə qoyunu kəsməyə məcbur olacaq. Arvadı etiraz edib söyləyir: ”Axı bizim körpə balamız o qoyunun südünü içir. Qoyunu kəssən, uşaq acından öləcək!“ Kişi qonaqların yanında xəcalətli qalmaq istəmədiyini deyir, arvadına tapşırır ki, uşağı tez yatızdırsın; çünki uşaq oyaq qalıb yemək üçün ağlasa, qoyunu kəsməyə əli gəlməyəcək.

Ev sahibi yeganə ümidi olan qoyunu kəsib qonaqlara yemək verir. Sən demə, Übeydullah onunla arvadının söhbətini eşidibmiş. Sübh tezdən Übeydullah öz yoluna davam etməzdən əvvəl ev sahibi üçün 500 dinar pul qoyur. Nökəri deyir ki, beş dirhəm qiyməti olan qoyun üçün niyə 500 dinar pul verirsiniz? Übeydullah cavab verir: ”Bu adam qonaqpərvərliyin ən son həddini bizim üçün icra etdi. Nəinki olan-qalan sərvətini (yeganə qoyununu) bizə verdi, hətta bizi öz balasından da artıq tutdu“.

Please publish modules in offcanvas position.