Elmdə kişilərdən geri qalmayan qadın

/ Bazar ertəsi, 17 Fevral 2020 16:34
Elmdə kişilərdən geri qalmayan qadın

XX ƏSRIN MÜCTƏHİD XANIMI

Bu bir həqiqətdir ki, ”müctəhid“ kəlməsi zehnimizdə mütləq kişi cinsindən olan obraz kimi canlanır. Bir çoxlarımız ictihad və qadın anlayışlarını yanaşı təsəvvür etməyi ağlımıza belə gətirmirik. Lakin istər bu barədəki şəriət hökmləri, istərsə də İslam tarixinin bəzi səhifələri bu təsəvvürün yanlış olduğunu göstərir. Dini hökmlərə görə, qadın ictihad səviyyəsinə çata bilər, amma onun fətvaları yalnız özü üçün keçərlidir, yəni yalnız özü öz fətvalarına əməl edə bilər.

Həzrət Mühəmməd Peyğəmbərin (s) xanımları ümmül-möminin Aişə, Həfsə və Ümmi-Sələmə, Peyğəmbərin qızı Fatimeyi-Zəhra, əsri-səadətdə yaşamış müsəlman qadınlardan Əsma bint Ümeys, Ümmi-Vərəqə, İmam Zeynül-abidinin (ə) qızı Əliyyə, İmam Cəfər Sadiqin (ə) kənizi Səidə, o həzrətin müasiri olan Ümmi-Əsvəd və “qızıl qadın” ləqəbli Həmideyi-Müsəffat, İmam Musa Kazimin (ə) qızı Ümmi-Əhməd müstəqil rəy sahibi idilər. Məsumlar qadınlara tövsiyə edirdilər ki, öz dini hökmlərini məhz bu müctəhid xanımlardan soruşub öyrənsinlər. Sonrakı əsrlərdə yaşamış məşhur alimlərdən Seyyid ibn Tavusun, Seyyid Mürtəzanın, Şeyx Tusinin, Şəhidi-əvvəlin, Sədrəddin Amulinin qızları, Şeyx Bəhainin həyat yoldaşı, Əllamə Məclisinin bacısı da dini elmlərdə yüksək məqama çatmışdılar. İbn Cövzi, Süyuti, Xətib Bağdadi kimi böyük alimlərin müəllimləri və hədis şeyxləri arasında qadınların da adına rast gəlirik.

İctihada çatmış və müctəhid adını qazanmış qadınların sırasında ən mühüm yerlərdən birini XX əsrin məşhur din alimi, müctəhid xanım Banu Əmin tutur.

”Banu Əmin“ ləqəbli Seyyidə Nüsrət bəyim Əmin təqribən 1886-cı ildə İsfahanda Hacı Seyyid Mühəmmədəli Əminüt-tüccar İsfahani adlı dindar və səxavətli tacirin ailəsində doğulmuşdu. Kökü 30 nəfərlik silsilə vasitəsilə Həzrət Əliyə (ə) gedib-çıxırdı. Banu Əmin ailədə üç oğuldan sonra dünyaya gəlmişdi.

Həmin dövrdə geniş yayılmış bəzi mövhumatçı təsəvvürlərin sayəsində qız uşaqlarının təhsil alması ciddi problemə çevrilmişdi. Əksər ailələrdə qızlar dərs oxumaq hüququndan məhrum idilər, valideynlərin böyük əksəriyyəti öz qızlarına yalnız Quran oxumağı öyrətməklə kifayətlənirdi. Lakin Banu Əminin 4 yaşı tamam olanda geniş dünyagörüşlü anası onu mədrəsəyə yazdırır. Qızcığaz özünəməxsus zehn və bacarıqla oxuyub-yazmağı, dil və ədəbiyyatı öyrənməyə başlayır. Lakin təhsilin ilk mərhələsində müəyyən çətinliklərlə qarşılaşır. Banu Əminin yüksək düşüncə səviyyəsi, müəllimənin izahatları ilə kifayətlənməməsi, çoxlu suallar verməsi müəllimənin etirazlarına səbəb olurdu. Çox zaman müəllimə günahı şagirdin boynuna yıxıb, onu zehnsizlikdə təqsirləndirirdi. Banu Əminin 6-7 yaşı olanda müəllimə onun anasına demişdi: ”Sizin qızınız bişməyən ət kimidir. Oxumağı faydasızdır, onsuz da ondan heç nə çıxmayacaq“. Lakin bu fikrin nə dərəcədə səhv olduğunu tarix sübuta yetirdi.

Banu Əmin 11 yaşından etibarən ərəb dilini öyrənməyə başlayır. 15 yaşına çatdıqda əmisi oğlu, Isfahanın nüfuzlu ticarət adamlarından sayılan Hacı Mirzə Müinüt-tüccarla ailə qurur. Həmin izdivacdan onların 8 övladı dünyaya gəlir ki, bunların 7-si kiçik yaşlarındaca vəfat edir. Banu Əminin yalnız bir oğlu sağ-salamat böyüyüb boya-başa çatır.

Ailə qurduqdan sonra da Banu Əmin öz elmi fəaliyyətini kəsmir (əlbəttə, həyat yoldaşının razılığı ilə). Qeyd etmək yerinə düşər ki, Banu Əmin şəriət qaydalarına riayət etmək xatirinə müəllimi evə dəvət edir və bütün dərsləri öz evində öyrənirdi.

Banu Əmin təqribən 20 yaşından etibarən o, yüksək səviyyəli dini elmləri öyrənməyə başlayır. O, əsasən mərhum Ayətullahül-üzma Seyyid Mühəmmədəli Nəcəfabadidən dərs almışdır. Müəllimi bu qadının müstəsna elmi qabiliyyətlərini nəzərə alıb, ona xüsusi diqqət yetirirdi. Məsələn, Banu Əmin hikmət elmini öyrənmək qərarına gələndə Ayətullah Nəcəfabadiyə müraciət edir. Ustad onun xahişini rədd etməyib söyləyir: ”Hikmət elmini mənə dayım öyrətmişdi. Indiyə qədər elə bir adam olmayıb ki, mən ona bu elmi öyrədim. Amma mən sənə hikmətdən dərs demək istəyirəm ki, məndən sonra bir yadigar qalsın“.

Seyyidə Nüsrət Banu Əmin müxtəlif islami elm sahələrini əhatə edən doqquz qiymətli əsər yazmışdır. Həmin əsərlərin adı belədir: İbn Miskəveyhin ”Əxlaq“ kitabının fars dilinə tərcüməsi; ”Ən-Nəfəhatür-rəhmaniyyə fil-varidatil-qəlbiyyə“ (irfan); ”Cameüş-şitat“; ”Məad, yaxud insanlığın sonuncu səfəri“; ”Xoşbəxtliyin yolu və imanlı bacılara tövsiyə“; ”Övliyaların davranışında irfan“; ”Məxzənül-irfan“ adlı 15 cildlik Quran təfsiri; Həzrət Əlinin (ə) mədhinə həsr olunmuş ”Məxzənül-ləali“ kitabı və ”Ərbəinül-Haşimiyyə“.

Sonuncu kitab müəllifə böyük şöhrət gətirir. Ayətullah Nəcəfabadi kitabın bir nüsxəsini Nəcəf şəhərindəki mərceyi-təqlidlərə göndərir. Nəcəfin adlı-sanlı ustadları 40 yaşlı Banu Əminin əsərini diqqətlə oxuyaraq, onun ictihad mərhələsinə çatdığını yoxlamaq qərarına gəlirlər. Onlar öz suallarını Banu Əminə təqdim edirlər və Banu Əmin ictihad gücü ilə həmin suallara cavab verir. Nəhayət, Nəcəfin məşhur alimləri mərhum Ayətullahül-üzmalar Mühəmmədkazim Şirazi, Şeyx Əbdülkərim Hairi, İbrahim Hüseyni İstəhbanati və başqaları Banu Əminin müctəhidlik məqamına çatdığını təsdiq edib, ona yazılı ictihad icazəsi verirlər. Hətta Ayətullahül-üzma İstəhbanati öz icazənaməsində belə bir şeir də yazmışdı: ”Əgər bütün qadınlar bu xanıma bənzəsəydilər, kişilərdən üstün olardılar“.

Banu Əmin dini elmləri qızlara və qadınlara öyrətmək sahəsində də ardıcıl fəaliyyət göstərirdi. O, öz vəsaiti hesabına 1965-ci ildə Həzrət Fatimeyi-Zəhra (ə) adına məktəb açmış, daha sonra bir qız mədrəsəsinin də əsasını qoymuşdu. Bu təhsil ocaqları həmin dövrün mürəkkəb atmosferində təhsil almaq arzusunda olan qızlara əvəzsiz kömək etmişdi.

Maraqlıdır ki, hədis elmi ilə məşğul olan alimlər də Banu Əmini etibarlı hədis rəvayətçisi kimi qiymətləndirirdilər. Məsələn, məşhur tədqiqatçı alim Ayətullahül-üzma Seyyid Şihabəddin Nəcəfi Mərəşinin rəvayət şeyxlərindən biri də Banu Əmin idi.

Banu Əmin həmişə gərgin tədqiqat və araşdırmalarla məşğul olur, öz üzərində ardıcıl işləyirdi. Xüsusilə, təfsir, hikmət və irfan sahələrində şəxsi bacarığı sayəsində bəzi kəşf və açıqlamalara nail olmuşdu, yeni nəzəriyyələrlə çıxış edirdi. Banu Əmin deyirdi: ”Yazılarımda xarici amillərdən az faydalanmışam. Demirəm ki, mənə qeybdən xəbər gəlir. Amma mənəviyyat və maarifin (yəni irfani görüşlərin) əksəriyyətini müəllimdən öyrənməmişəm; yazılarımın çox hissəsində də hidayətçi və yardımçım yalnız Allah olub“.

Banu Əmin elm fədaisi idi. Heç bir hadisə, hətta övladlarının ölümü də onun elmi fəaliyyətinə mane olmurdu. Doğma övladı belə vəfat edərkən o, dərslərini təxirə salmırdı. Banu Əmin ömrünün sonuna kimi elmi fəaliyyətdən əl çəkməmişdi. O, qadın və qızların dini sahədə müraciət mənbəyi idi. Müasirləri bu qadına kişilərdən heç də əksik olmayan möhtərəm bir alim kimi baxırdılar. Ayətullahül-üzma Nəcəfi Mərəşi, Əllamə Təbatəbai, Əllamə Cəfəri kimi nəhəng alimlər vaxtaşırı Banu Əmini ziyarət edib öz ehtiram və diqqətlərini bildirir, onunla söhbətləşir, dini məsələləri layiqli tərəf-müqabili kimi onunla müzakirə edirdilər.

Müctəhid Seyyidə Nüsrət bəyim Əmin 1983-cü ilin iyun ayında 97 yaşında ikən İsfahanda vəfat etmişdir.

Please publish modules in offcanvas position.

ef="javascript:void(0)" class="scrollup">