20 il Quran ayələri ilə danışmış qadın

/ Bazar ertəsi, 17 Fevral 2020 16:36
20 il Quran ayələri ilə danışmış qadın

Qurani-kərimin ecazkar xüsusiyyətləri barədə indiyə kimi çox yazılmış və danışılmışdır. Bu tədqiqatlarda Müqəddəs Kitabın mətnindəki söz və hərflərin təkrarlanma mexanizmi, hərflərin növbələşmə qanunauyğunluğu, kəlmələrin rəngarəng məna çalarları, bir çox elmi kəşflər barədə irəlicədən xəbər verilməsi, ayələrin asanlıqla əzbərlənə bilməsi və s. cəhətlər ön plana çəkilmişdir. Lakin Quranın ecazlarından biri də bundan ibarətdir ki, o, gündəlik həyatda insanın bir çox ehtiyaclarını ödəyə bilən ayələrdən təşkil olunmuşdur. Yəni insan gün ərzində ən azı bir neçə suala yalnız Quran ayələri vasitəsilə cavab verə bilər və bu zaman başqa kəlmələr işlətməyə ehtiyac qalmaz. Tarixdə Quranın bu ecazını həyata keçirməyə müvəffəq olmuş bir qadın haqqında məlumat verilir. O, bir neçə il Həzrət Fatiməyə (ə) xidmət etmək şərəfinə nail olmuş, nümunəvi elmi və əxlaqı ilə seçilmiş Fizzədir. Nə qədər qəribə görünsə də, rəvayətlərə görə, Fizzə düz iyirmi il (bəzi rəvayətlərə görə, hətta qırx il) yalnız Quran ayələri vasitəsilə danışmış, söhbətlərində ayələrdən savayı heç bir söz işlətməmişdir.

FİZZƏ KİM İDİ?

Fizzə hələ Həzrət Məhəmməd peyğəmbərin (s) sağlığında cihadların birində müsəlmanlara əsir düşmüş, Peyğəmbər də onu Həzrət Əliyə (ə) və həzrət Fatiməyə (ə) bağışlamışdı. Onun milli mənşəyi barədə məlumatlar tam dəqiq deyildir. Tarix kitablarında Fizzənin nubiyalı (Şimali Afrikalı) olduğu yazılır. Bəzi rəvayətlərdə isə onun hətta hökmdar qızı olması xatırlanır.

Fizzə Həzrət Fatimənin (ə) evində bir neçə il xidmət etmiş, bu illər ərzində Əhli-beytin (ə) iman və əxlaq məktəbində tərbiyə almışdır. O, əvvəlcə Əbu Sələbə Həbəşi adlı müsəlmana ərə getmiş, onun vəfatından sonra isə Süleyk ibn Qətəfanla ailə qurmuşdur. Bu izdivaclardan Fizzənin bir neçə övladı dünyaya gəlmişdir (bax: Seyyid Mustafa Hüseyni Dəşti. Məarif və məariyf, VIII, 69-70).

* * *

Fizzənin məqamının ucalığı barədə bunu demək kifayətdir ki, Qurani-kərimin “Həl-Əta” (76-cı surə; bu surə “İnsan” və “Dəhr” adları ilə də tanınmışdır) surəsinin nazil olmasında o, Əhli-beytlə şərik idi. Biz mötəbər tarix kitablarından həmin surənin nazil olma səbəbi haqqında rəvayəti ümumiləşdirilmiş şəkildə aşağıda qeyd edirik:

İmam Həsən (ə) və İmam Hüseyn (ə) kiçik yaşlarında möhkəm xəstələnirlər. Həzrət Peyğəmbər öz səhabələri ilə birlikdə Əlinin (ə) evinə gəlib, öz nəvələrinin sağlamlığı ilə maraqlanır. Peyğəmbər həzrətləri Əliyə (ə) məsləhət görür ki, uşaqlar sağalsalar, üç gün oruc tutacağını nəzr etsin. Əli (ə), Fatimə (ə) və xidmətçisi Fizzə məsləhətə əməl edib, nəzr deyirlər. Allahın məsləhəti ilə Həsən və Hüseyn (ə) tezliklə sağalırlar. Ailə üzvləri də öz nəzrlərinə əməl edib oruc tutmağa başlayırlar. (Hətta bəzi rəvayətlərə görə, Həsənlə Hüseyn (ə) də onlara qoşulub oruc tuturlar). O günlərdə bütün müsəlmanlar kimi, Əlinin (ə) ailəsi də maddi çətinlik çəkdiyi üçün, Əli (ə) borc istəməyə məcbur olur. O, Xeybərli Şəmun (Simon) alı bir yəhudidən buğda borc alıb evə gətirir. Həzrət Fatimə (ə) həmin buğdanı üyüdüb üç bərabər hissəyə bölür ki, hər gün bir hissəni bişirib iftar hazırlasın.

Orucun ilk günündə axşam iftar vaxtı çatanda ailə üzvləri süfrə arxasına otururlar. Yeməyə başlamaq istəyəndə bir fəqir müsəlmanın qapı arxasından səsini eşidirlər. Həmin fəqir dilənərək, bu sözlərlə onların qapısına pənah gətirmişdi: “Ey Peyğəmbərin Əhli-beyti! Mənə yardım edin; əvəzində Allah sizə behişt meyvələrindən pay verər”. Həmin axşam bütün ailə üzvləri iftar paylarını dilənçiyə verib, özləri təkcə su ilə iftar edirlər.

İkinci gün yemək vaxtı çatanda atası cihadda həlak olmuş bir yetim qapıya gəlib pay istəyir. Yenə Əhli-beyt (ə) üzvləri yeməklərini ona verib, su ilə kifayətlənirlər.

Üçüncü gün müsəlmanlara əsir düşmüş bir əsir iftar vaxtı Əlinin (ə) evinin qapısına gəlib dilənir. Bu dəfə də ev adamları öz yemək paylarını əsirə verirlər.

Ertəsi gün Əli (ə) Həsənlə Hüseynin (ə) əlindən tutub Peyğəmbərin yanına gətirir. Peyğəmbər uşaqların acından saralmış üzünü görüb təsirlənir. Sonra birlikdə Həzrət Əlinin (ə) evinə gəlirlər. Peyğəmbər öz qızı Fatimənin (ə) də acından arıqlayıb zəifləmiş vəziyyətdə namaz qıldığını görəndə daha artıq kədərlənir. Bu zaman Allah-təala tərəfindən Cənab Cəbrail (ə) nazil olub “Həl-Əta” surəsinin bu ayələrini ona gətirir: “Onlar Allahın razılığını qazanmaq naminə yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Və deyərlər: “Biz sizi ancaq Allahın razılığından ötrü yediririk. Biz sizdən bunun müqabilində nə mükafat, nə də təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, sərt və dəhşətli gündən (qiyamətdən) qorxuruq”. (İnsan, 8-10).

Məzhəbindən asılı olmayaraq, əksər təfsirçilər bu ayələrin nazilolma səbəbi barədə yuxarıdakı hadisəni rəvayət etmişlər. Mərhum Əllamə Əmini “Əl-Ğədir” kitabının 3-cü cildində, 107-111-ci səhifələrdə yazır ki, bu hadisə əhli-sünnə alimləri tərəfindən qələmə alınmış 34 kitabda əks olunmuşdur. Həmin mötəbər kitablar sırasında aşağıdakıların adını çəkmək olar: Təbəri təfsiri, Sələbi təfsiri, Qazi Beyzavi təfsiri, Zəməxşəri - “Kəşşaf” təfsiri, Süyuti – “Dürrül-mənsur” təfsiri, Fəxr Razi - “Təfsiri-Kəbir”, Xətib Xarəzmi – “Mənaqib”, Sibt ibn Cövzi – “Təzkirə”, İbn Əsir – “Üsüdül-ğabə”, İbn Əbil-Hədid – “Şərhi-Nəhcül-bəlağə”, İbn Həcər – “əl-İsabə”, Şovkani – “Fəthül-qədir”, Seyyid Şəblənci – “Nurül-əbsar” və s.

FİZZƏNİN BÜTÜN SÖHBƏTİ

YALNIZ QURAN AYƏLƏRİ İDİ

Abdullah ibn Mübarək rəvayət edir ki, bir gün Məkkəyə gedərkən səhrada azıb qalmış bir qarıya rast gəldim.

Qarıdan soruşdum ki, sən kimsən? Mənə Quran ayəsi ilə cavab verdi:

“Salam de, onlar tezliklə biləcəklər” (Zuxruf, 89).

Başa düşdüm ki, salam vermədiyimə görə qarı məni tənbeh edir. Salam verdim, cavabında bu ayəni oxudu:

“Rəhmli Allahdan onlara salam deyiləcəkdir” (Ya-Sin, 58).

Soruşdum: “ Sən bu səhrada nə edirsən? ”. Cavab verdi:

“Hər kimi Allah azdırsa, hidayət olmaz” (Əraf, 186).

Başa düşdüm ki, qarı səhrada azıb yolu itirib.

Soruşdum ki, cinlərdənsən, yoxsa insansan? (O dövrdə ərəblər arasında cinlərin varlığına inam elə güclü idi ki, bəzən hər hansı varlığın cin, yoxsa insan olduğuna şübhə edirdilər). Qarı cavabında bu ayəni oxudu:

“Ey Adəm oğlu, zinətlərinizi götürün! ” (Əraf, 31).

Başa düşdüm ki, qarı Bəni-Adəmdəndir. Xəbər aldım: “Haradan gəlirsən? ”. Cavab verdi:

“Onlar uzaqdan çağrılırlar” (Fussilət, 44).

Bildim ki, uzaqdan gəlir. Hara getdiyini soruşdum, belə dedi:

“Öz bəndəsini bir gecə Məscidül-həramdan Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir” (İsra, 1).

Başa düşdüm ki, qarı həccə gedirmiş. Maraqlandım ki, neçə gündür səhradasan? Cavab verdi:

“Üç bütöv gecə” (Məryəm, 10).

Dedim ki, bəs bu müddətdə çörəyi və suyu haradan tapırdın? Bu ayəni oxudu:

“Məni yedirib-içirən Odur! (yəni Allahdır) ” (Şüəra, 79).

Soruşdum: “Bəs necə dəstəmaz alırdın? ” Cavab verdi:

“Əgər su tapmasanız, pak torpaqla təyəmmüm edin” (Maidə, 6).

Başa düşdüm ki, su olmadığından təyəmmüm edirmiş.

Soruşdum: “Yemək istəyirsənmi? ”. Bu ayəni oxudu:

“Sonra gecəyə kimi oruc tutun” (Bəqərə, 187).

Anladım ki, oruc tutur. Dedim: “Axı, ramazan ayı deyil”. Cavab verdi:

“Hər kim könüllü olaraq, vacib olandan artıq xeyirli bir iş görsə, bilsin ki, Allah razı qalan və hər şeydən xəbərdardır” (Bəqərə, 158).

Ayədən bildim ki, qarı müstəhəbbi oruc tutub.

Qarının daim Quran ayələri ilə danışması mənə çox qəribə gəldi. Səbəbini soruşanda bu ayəni oxudu:

“Dediyi hər sözü yazmaq üçün onun yanında hazır durub gözləyən (iki mələk) var” (Qaf, 18).

Soruşdum: “Hansı qəbilədənsən? ”. Belə dedi:

“Bilmədiyin işin ardınca getmə” (İsra, 36).

Başa düşdüm ki, deyəsən, yersiz sual vermişəm. Ona görə qarıdan üzr istədim. Bu ayə ilə cavabımı verdi:

“Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! ” (Yusuf, 92).

Başa düşdüm ki, qarı yersiz sualıma görə üzrümü qəbul edib məni bağışladı.

Dedim: “İstəyirsənmi dəvəmə minəsən? ”. Cavab verdi:

“Allah gördüyünüz hər bir yaxşı işi bilir” (Bəqərə, 197).

Başa düşdüm ki, dəvəyə minməyə etiraz etmir. Əvvəlcə fikirləşdim ki, qarını tərkimə alım və dəvənin belində ikimiz də gedək. Qarı bu fikrimi ayə ilə rədd etdi:

“Əgər yerdə və göydə Allahdan savayı başqa tanrılar da olsaydılar, hər ikisi (yer və göy) dağılardı” (Ənbiya, 22).

Anladım ki, onu tərkimə almağımı istəmir və dəvəyə tək minmək arzusundadır. Mən dəvəni yatıranda qarı bu ayəni oxudu:

“Möminlərə de ki, gözlərini yumsunlar” (Nur, 30).

Başa düşdüm ki, qarı dəvəyə minərkən mənim ona baxmağımı istəmir. Üzümü kənara çevirdim. Qarı dəvənin tərkinə qalxmaq istəyəndə paltarının ətəyi dəvənin ayağı altında qalıb cırıldı. O bu ayəni oxudu:

“Başınıza hər nə müsibət gəlsə, bilin ki, öz əlinizlə qazanmısınız” (Şura, 30).

Mən dəvəni bir daha yatırtdım. Qarı aşağıdakı ayəni oxuya-oxuya dəvəyə süvar oldu:

“Bizə bunu (dəvəni) tabe edən (Allah) müqəddəsdir” (Zuxruf, 13).

Mən əvvəlcə dəvəni sürətlə sürürdüm. Qarı dedi:

“Yerişində müvazinəti gözlə və səsini yüksəltmə! ” (Loqman, 19).

Soruşdum: “Ərin varmı? ”. Cavab verdi:

“Ey iman gətirənlər, qanınızı qaraldacaq şeylər barədə soruşmayın! ” (Maidə, 101).

Başa düşdüm ki, yenə yersiz sual vermişəm.

İrəlidə bir karvan göründü. Mən həmin karvana doğru yol aldım. Qarıdan soruşdum ki, övladın yaxud başqa qohumun varmı? Bu ayə ilə cavab verdi:

“Mal və övlad dünya həyatının zinətidir” (Kəhf, 46).

Başa düşdüm ki, uşaqları var. Soruşdum: “Uşaqların hansı peşənin sahibidirlər? ” Cavab verdi:

“Allah əlamətlər yaratdı; insanlar ulduz vasitəsilə öz yollarını taparlar” (Nəhl, 16).

Anladım ki. qarının oğulları bələdçidirlər. Oğullarının adını xəbər alanda bu ayələri oxudu:

“Allah İbrahimi özünə dost tutdu” (Nisa, 125).

“Allah Musa ilə sözlə danışdı” (Nisa, 164).

“Ey Yəhya, kitabdan möhkəm yapış! ” (Məryəm, 12).

Mən karvanın qarşısında durub qarının oğullarının adını (İbrahim, Musa və Yəhya) çağırdım. Onlar tez bizə yaxınlaşdılar. Qarı oğullarını görəndə söylədi:

“İndi birinizi bu pulla şəhərə göndərin ki, görsün ən təmiz yemək hansıdırsa, ondan sizə ruzi gətirsin” (Kəhf, 19).

Qarının oğullarından biri gedib yemək hazırladı. Qarı, Həzrət Şüeyb Peyğəmbərin (ə) qızının dilindən söylənilən bu ayə ilə oğlanlara tapşırdı ki, ona bələdçilik edib gətirdiyim üçün mənə pul versinlər:

“Ata, bunu muzdla çoban tut! Çünki bu güclü və əmanətdar adam muzdla tutduqlarının hamısından daha xeyirlidir” (Qəsəs, 26).

Oğlanlar mənə bir miqdar pul verdilər. Qarı daha çox pul verilməsini təkid etmək üçün dedi:

“Allah istədiyi şəxs üçün qat-qat artırar” (Bəqərə, 261).

Oğulları mənim muzdumu artırdılar.

Mən həmin qarının kimliyi barədə soruşdum. Dedilər ki, bu, vaxtilə Həzrət Fatimənin (ə) kənizi olmuş Fizzədir. Özü də 20 ildir ki, yalnız Quran ayələri vasitəsilə danışır, Quran ayəsindən savayı heç nə söyləmir.

Bu hadisə mərhum Şeyx Abbas Qumminin “Beytül-əhzan”, Mühəmməd Baqir Hüseyni Zəfəreyinin “Münazirat dər Quran və itrət” kitablarında və başqa mənbələrdə əks olunmuşdur.

* * *

Fizzənin övladları da yüksək ruhani məqam maliki və kəramət sahibi imişlər. Məşhur sufi-arif Malik ibn Dinarın dilindən rəvayət edirlər ki, həcc mövsümü vaxtı səhrada bir zəif qadın gördüm ki, çox arıq və yorğun bir dəvənin belinə minmişdi; dəvə də yorulduğundan yol gedə bilmirdi. Mən qadını məzəmmət edib dedim ki, niyə bu cür zəif dəvənin belində yola çıxmısan? Qadın başını səmaya qaldırıb Allaha bu cür xitab etdi: “Nə məni evimə qayıtmağa buraxdın, nə də öz evinə (Kəbəyə) çatdırdın. Sənin izzət və cəlalına and olsun ki, əgər səndən başqa bir kəs mənimlə belə rəftar etsəydi, mütləq onun əlindən sənə şikayət edərdim”.

Qadın sözünü qurtarmamışdı ki, dəvəyə minmiş bir süvari səhradan peyda olub ona yaxınlaşdı və dəvəyə minməsini təklif etdi. Qadın dəvənin tərkinə qalxan kimi dəvə ildırım sürətilə çapıb gözdən itdi.

Mən Məkkəyə çatanda artıq həmin qadın Kəbəni təvaf edirdi. Soruşdum ki, sən kimsən? Cavab verdi: “Mən Fatimeyi-Zəhranın (ə) kənizi olmuş Fizzənin qızı Miskənin qızı Şəhrəyəm” (Seyyid Mustafa Hüseyni Dəşti. Məarif və məariyf, VIII, 70)

Please publish modules in offcanvas position.