Fatimə Fatimədir

/ Bazar ertəsi, 17 Fevral 2020 16:43
Fatimə Fatimədir

12 may, Peyğəmbər qızı xanım Fatimənin mövlud günüdür.

Bununla əlaqədar Əli Şəriətinin eyni adlı əsərindən bir parça sizə təqdim edirik.

Vəfatından sonra da Fatimə tarixdə yeni bir ömür yaşamaqdadır. İslam tarixi boyunca Fatimədən sonra rast gəlinən çoxsaylı məzlumların hamısının çöhrəsində Fatimə nurundan bir nişanə vardır. İslam tarixi boyunca azadlıq və ədalət uğrunda çarpışan qadın və kişilərin sevgi, duyğu və imanında Fatimənin əziz xatirəsi əsrlər uzunu bəslənib, məzlum qəlblərdə qərar tutub.

Odur ki, müsəlman millətinin və kütlələrin tarixi boyunca Fatimə həmişə azadlıq, haqpərəstlik, ədalətsevərlik uğrunda zülm, qəddarlıq və ayrı-seçkiliklə mübarizədə ilham mənbəyi olmuşdur.

Fatimənin şəxsiyyəti barədə danışmaq çox çətindir. Fatimə elə bir qadındır ki, İslam bütün qadınları məhz onun kimi görmək istəyir. O, bütün xüsusiyyətlərini Peyğəmbərdən əxz etmişdi. Peyğəmbər onu öz yanında – çətinlik, kasıblıq və mübarizələr qoynunda, dərin və çətin insanlıq imtahanlarında tərbiyə etmiş, saflaşdırmışdı. O, hər cəhətdən qadınlıq nümunəsi idi. Atası üçün bir qız, əri üçün bir həyat yoldaşı, övladları üçün bir ana nümunəsi idi. Zaman və cəmiyyət problemləri müqabilində isə mübariz və məsuliyyətli qadın simvolu idi.

Bu mənada o, bir imam idi. Yəni qadınlar üçün bir timsal və ideal idi. Öz mənliyini müəyyənləşdirmək istəyən hər bir qadın üçün ülgü və nümunə idi.

O, öz heyrətamiz uşaqlıq dövründə, xarici və daxili cəbhələrdə apardığı mübarizələrdə, ata evində, ər evində, cəmiyyət içində, düşüncələrində, davranış və yaşayışında qadınlara necə olmağı öyrədərdi.

Bilmirəm nə deyim. Çox söyləmişəm, amma çoxunu söyləməmişəm. Fatimə ruhiyyəsinin gözqamaşdırıcı parlaqlığının müxtəlif çalarları arasında biri məni xüsusilə heyrətləndirir: Fatimə Əlinin ruhu ilə həmsəfər, yoldaş və sirdaşdır.

O, Əlinin gözündə təkcə həyat yoldaşı deyildi, onun vəfatından sonra Əli başqa qadınlarla da evlənmişdi. Əli onu özünə dost, qəm və çətinliklərdə köməkçi, sirlərə munis, yeganə həmdəm bilirdi. Əli onun özünə də, övladlarına da xüsusi gözlə baxırdı. Əli Fatimədən başqa qadınlarla da ailə qurmuş, onlardan övlad sahibi olmuşdu. Amma o, lap əvvəldən Fatimədən olan övladlarını digər övladlarından ayırmışdı. Digər övladları Bəni-Əli (Əlinin övladları), Fatimədən olanları isə Bəni-Fatimə (Fatimənin balaları) deyə çağırardı. Qəribədir ki, atanın – həm də Əli kimi atanın – uşağı anasının adı ilə çağırılsın.

Peyğəmbər də Fatiməyə başqalarından fərqli gözlə baxırdı. Qızlarından təkcə ona tələbkarlıqla yanaşır, təkcə ondan yardım istəyirdi. Peyğəmbər onu hələ kiçik yaşlarından öz böyük missiyasına ünvan seçmişdi.

Bilmirəm, ondan nə danışım, necə danışım. Özümü məşhur fransız natiqi Busueyə bənzətmək istəyirəm. Bir dəfə o, imperator Lüdovikin hüzurunda Həzrət Məryəm barədə bunları söyləmişdi: “1700 ildir ki, dünyanın bütün ədəbiyyatçıları Məryəm barədə danışır. 1700 ildir ki, Qərbin və Şərqin bütün filosof və mütəfəkkirləri Məryəmin üstün məziyyətlərini təsvir edirlər. 1700 ildir ki, dünya şairləri Məryəmin vəsfində bütün zövq və qüdrətlərini nümayiş etdirirlər. 1700 ildir ki, bütün rəssamlar və heykəltəraşlar Məryəmin sima və surətini yaratmaq üçün sənət möcüzələri göstərirlər. Lakin bütün bu fikirlərin, çalışmaların, sənətkarlıqların heç biri uzun əsrlər boyunca Məryəmin əzəməti haqqında deyilmiş bu bir neçə sadə kəlməni üstələyə bilməmişdir: ”Məryəm Isanın anasıdır”.

Mən Fatimə haqqında da buna bənzər söz demək istədim, lakin mümkün olmadı.

Istədim deyəm ki, Fatimə Xədiceyi-kübranın qızıdır. Gördüm ki, bu, Fatimə deyil.

Istədim deyəm ki, Fatimə Mühəmmədin qızıdır. Gördüm ki, bu, Fatimə deyil.

Istədim deyəm ki, Fatimə Əlinin həyat yoldaşıdır. Gördüm ki, bu da Fatimə deyil.

Istədim deyəm ki, Fatimə Həsənlə Hüseynin anasıdır. Amma gördüm ki, bu, Fatimə deyil.

Istədim deyəm ki, Fatimə Zeynəbin anasıdır. Gördüm ki, heç bu da Fatimə deyil.

Bu sifətlərin hamısı onda var, amma ayrı-ayrılıqda heç biri Fatimə deyil.

Fatimə elə Fatimədir!

Please publish modules in offcanvas position.