İslam tarixində ilk hicrət – Həbəşistan hicrəti

/ Bazar ertəsi, 17 Fevral 2020 16:45
İslam tarixində ilk hicrət – Həbəşistan hicrəti

İslam tarixində ilk hicrət hadisəsi. İki mərhələdə baş vermişdir. Peyğəmbər bu hicrətdə şəxsən iştirak etməmişdir.

Həzrət Mühəmmədə (s) peyğəmbərlik verildikdən beş il sonra Məkkədə müsəlmanların vəziyyəti ən dözülməz nöqtəyə çatdı. O həzrət müsəlmanların bir hissəsinə Məkkədən çıxıb təhlükəsiz yerə getməyi məsləhət gördü. Məşvərətdən sonra Həbəşistana (Efiopiyaya) köçmək qərara alındı. Çünki o zaman efiopiyalılar xristian dininə inanırdılar (müsəlmanlar xristianları özlərinə bütpərəstlərdən daha yaxın bilirdilər), onların hökmdarı Nəcaşi isə ədaləti ilə şöhrət qazanmışdı.

Miladi 614-cü ildə 15 nəfərlik bir dəstə (4 nəfəri qadın olmaqla) Həbəşistana köçdü. Onların sırasında Osman ibn Məzun (dəstənin başçısı), Osman ibn Affan, onun həyatm yoldaşı – Peyğəmbərin qızı Ruqəyyə, Əbdürrəhman ibn Ovf, Zübeyr ibn Avvam, sonralar Peyğəmbərimizə ərə gedəcək Ümmi-Sələmə də var idi.

Müsəlmanlar Həbəşistanda səmimi qarşılandılar, onlar üçün sərbəst həyat şəraiti təmin edildi. Amma az sonra Məkkə müşrikləri şayiə yaymağa başladılar ki, guya bütün Ərəbistan torpağı Mühəmmədə tabe olub və Ərəbistanda İslam dini qalib gəlib. Həbəşistandakılar bu xəbərə eşidib tələsik geri qayıtdılar. Aldandıqlarını görəndə artıq gec idi. Onlar yenə əvvəlki kimi min-bir əziyyətlə Məkkədə yaşamağa davam etdilər.

Bir ildən sonra Peyğəmbər müsəlmanları yenə Həbəşistana yolladı. Bu dəfə onlara Cəfər ibn Əbu Talib başçılıq edirdi. Köçənlərin sayı qadınlar və uşaqlar da daxil olmaqla 100 nəfəri ötürdü. Mühəmməd Peyğəmbərin (s) özü, həmçinin, əmisi Həmzə, əmisi oğlu Əli, oğulluğu Zeyd ibn Harisə, Əbu Bəkr və b. Məkkədə qaldılar.

Bütpərəstlər bundan xəbər tutan kimi qərara gəldilər ki, köçənləri qaytarıb cəzalandırsınlar. Həbəşistana bahalı hədiyyələrlə elçi göndərdilər ki, Nəcaşi ilə görüşüb qaçqınları geri qaytarmağa nail olsunlar. Lakin Nəcaşi müsəlmanlarla İslam dini barədə söhbət etdikdən, Qurani-kərimin bakirə Məryəm haqqında ayələrini eşitdikdən sonra qəti şəkildə bildirdi ki, qaçqınları məkkəlilərə təslim etməyəcək.

Məkkə müşrkiləri Həbəşistanda olan müsəlmanları geri qaytarmaq üçün daha bir cəhd göstərdilər. Onlar belə bir şayiə yaydılar ki, guya bütün Ərəbistanda İslam dini qələbə çalıb və artıq müsəlmanlar üçün təhlükəsiz şərait yaranıb. Mühacirətdə olan müsəlmanlar bu xəbəri eşidib tələsik vətənlərinə qayıtdılar. Amma deyilənlərin yalan olduğunu biləndən sonra onların bir qismi Həbəşistana qayıtmayıb Məkkədə qaldı. Bir dəstə isə yenə Həbəşistan diyarına döndü.

Müsəlman icması Həbəşistanda təqribən 13 il əmin-amanlıq içində yaşadı. Hicrətin 7-ci ilində (miladi 628-ci il) onlar Ərəbistana qayıtdılar.

Please publish modules in offcanvas position.