Nəsx, nasix və mənsux – ayə və hədislərin hökmünün dəyişdirilə bilməsi barədə

/ Çərşənbə axşamı, 18 Fevral 2020 10:21
Nəsx, nasix və mənsux – ayə və hədislərin hökmünün dəyişdirilə bilməsi barədə

Ərəb dilindən tərcümədə nəsx “dəyişmək, çevrilmək, bir şəkildən başqa şəklə düşmək” mənasını verir. “Nüsxə” sözü də eyni kökdəndir;

Çünki yazı bir kitabın üzündən köçürülüb başqa bir kitab şəklinə düşür. Termin olaraq, vaxtı keçmiş bir dini hökmün başqa hökmlə əvəz edilməsinə deyilir. Əksər tədqiqatçıların fikrincə, Həzrət Mühəmməd Peyğəmbər həyatda ikən, Islamın bəzi hökmləri ləğv edilmiş və onların yerini başqa hökmlər tutmuşdur. Hökmlərin bu cür dəyişməsinə nəsx deyilir. Bu zaman dəyişən hökm “mənsux”, dəyişdirən isə “nasix” adlanıdırılır.

Islam hökmlərinin ana mənbəyi Quran və sünnə olduğu üçün, nəsx mövzusu da bu iki mənbəyə aiddir. Nəsxin aşağıdakı növləri müəyyən edilib:

a. Sünnədə olan bir əmr sünnəyə aid olan baqa bir əmrlə nəsx olur.

b. Sünnədə olan bir əmr Quran ayəsi ilə nəsx olur.

Bu iki növ nəsxin mümkünlüyünü bütün müsəlman alimləri qəbul edirlər. Bunun ən bariz nümunələrindən biri qiblənin dəyişilməsi hadisəsidir. Həzrət Mühəmməd Peyğəmbər (s) Islamın ilk dövrlərində üzü Beytül-müqəddəsə tərəf namaz qıldığı halda, hicrətdən 18 ay sonra Bəqərə surəsinin 143–cü ayəsinin hökmü ilə qiblə dəyişdirildi və Məkkədəki Kəbə evi müsəlmanların qibləsi oldu. Göründüyü kimi, burada sünnənin ayə ilə nəsx olması faktı mövcuddur.

c. Quran ayəsindəki hökm sünnə vasitəsilə nəsx olur.

Əksər alimlər Quran ayəsinin yalnız başqa bir Quran ayəsi ilə nəsx ola biləcəyini söyləyir, bir qisim alimlər isə Quran ayəsinin hədis vasitəsilə də nəsx olmasını mümkün sayırlar.

ç. Qurani-kərimin bir ayəsində təsbit olunmuş hökm başqa ayə vasitəsilə ləğv olur.

Az sayda tədqiqatçıları çıxmaq şərti ilə, demək olar ki, bütün müsəlman alimləri bu cür nəsxin mümkünlüyünü təsdiq edirlər. Qurani-kərimdə Allah-təala buyurur: “Biz hər hansı bir ayəni nəsx edir və ya onun unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk” (Bəqərə, 106). Qeyd edək ki, bu ayədə yəhudi qövmündən danışılır. Buna görə də nəsxi inkar edənlər bu ayəni nəsx hökmünün Islama şamil olunmasına sübut kimi qəbul etməyi düzgün saymırlar. Onların fikrincə, ayə keçmiş şəriətlərdə nəsxin olduğunu sübuta yetirir, bunun Islama heç bir aidiyyatı yoxdur.

Əksər alimlər Quranda nəsxin mümkünlüyünü qəbul etsələr də, konkret olaraq Qurani-kərim mətnində nasix və mənsux ayələrin mövcud olub-olmadığı, habelə, onların sayı barədə yekdil fikrə gəlməmişlər. Məsələn, XX əsrdə yaşamış məşhur cəfəri alimi Seyid Əbül-Qasim Xoyi “əl-Bəyan fi təfsiril-Quran” kitabında Qurani-kəimdə nəsxin olmasını mümkün sayır və bunu məntiqdən kənar hesab etmir. Lakin o, sair müəlliflər tərəfindən nəsx ayəsi kimi təqdim edilən 36 məşhur ayəyə aydınlıq gətirərək bildirir ki, onların heç birinin nəsxlə əlaqəsi yoxdur, nasix və mənsux hesab edilən ayələr əslində eyni bir hökmün müxtəlif formalarda təqdimatından ibarətdir.

Qurani-kərimdə nəsx ayələrinin sayına gəlincə, bu barədə dini kitablarda çeşidli nəzəriyyələrlə rastlaşırıq. Müxtəlif müəlliflər Quranda 4-dən 500-ə kimi nəsxin olduğunu yazırlar. Məsələn, Ibn əl-Cövziyə görə Quranda 274, Ibn Həzmə görə 214, Nəhhasa görə 138, Süyutiyə görə 22, Zərqaniyə görə cəmi 7 nəsx ayəsi var.

Please publish modules in offcanvas position.