Axirətinizi bu dünyada ikən abad edin

/ Çərşənbə axşamı, 18 Fevral 2020 10:38
Axirətinizi bu dünyada ikən abad edin

Ötən əsrdə İraqda məşhur olan vaiz və xətiblərdən  biri də mərhum Şeyx Mühəmməd Həsən Əsədi Bəsri idi. Ömrünün böyük bir hissəsini Imam Hüseynin (ə) matəminə həsr olunmuş təziyə məclislərini təşkil və idarə etməyə həsr etmişdi.

Müasirləri arasında “Diksen” ləqəbi ilə tanınırdı. Bu ləqəbin mənasını onun özündən soruşanlara belə cavab verirdi: “Boyum qısa, amma səsim güclüdür. Buna görə cavanlıqda məni diksen markalı tüfəngə bənzədirdilər. O tüfəngin də lüləsi qısa idi, amma atəş zamanı çox güclü səs çıxarırdı”.

Şeyx Mühəmməd Həsən Nəcəfdə mükəmməl dini təhsil almışdı. Amma daha çox Bəsrədə fəaliyyət göstərirdi. Təqribən 1947-ci ildə vəfat etmiş, Nəcəfdə dəfn olunmuşdur.

Müasirləri xatırlayırlar ki, Şeyx Mühəmməd Həsən öz moizələrində aşağıdakı ibrətli hadisəni danışmağı xoşlayarmış:

Günlərin birində bir tacir gəmidə səfərə çıxır. Dənizin ortasında dəhşətli tufana düşürlər. Fırtına gəmini sulara qərq edir. Gəmidəkilərin hamısı batır. Təkcə tacir bir taxta parçasından tutub suyun üzündə qalır. Dalğalar onu sahilə çıxarır. Bir müddətdən sonra özünə gələn tacir görür ki, tanımadığı bir adadadır. Əynindəki bahalı paltarlar cırılmışdı, özü də ac və susuz idi. Biçarə tacir dənizin sahilində oturub gələcək taleyi barədə düşünməyə başlayır.

Birdən uzaqdan bir dəstə atlı görünür. Sayları qırx nəfərə çatan süvarilər tacirə yaxınlaşırlar. Ona tapşırırlar ki, gətirdikləri yəhərli-yüyənli atın tərkinə minsin. Tacir onlara tabe olur, ata minir. Süvarilər onu adanın o biri başına aparırlar, orada gəmiyə minib başqa bir yerə üzürlər. Quruya çatandan sonra qırx süvarinin əhatəsində olan tacir yaraşıqlı bir saraya gəlir. Taciri yedirib-içirirlər, əyninə çox bahalı parçadan tikilmiş paltar geyindirirlər. Heyrət içində qalan tacir süvarilərdən soruşur ki, siz kimsiniz, məndən nə istəyirsiniz? Süvarilər cavab verirlər: “Biz bu məmləkətin ən varlı və hörmətli nəsillərinin başçılarıyıq. Padşahımız bir neçə il bundan əvvəl vəfat etdi. Özümüzə təzə padşah seçmək istəyəndə çətinliyə düşdük. Qırx nəfərin hamısı eyni məqama sahib olduğu üçün, heç kimi o birilərdən üstün edib taxta çıxara bilmədik. Axırda qərara gəldik ki, hər ilin müəyyən bir günündə həmin kimsəsiz adaya gedək. Ada gəmilərin yolunun üstündə olduğu üçün, orada həmişə fırtınadan nicat tapmış sərnişinlər olur. Biz həmin gün rastımıza çıxan birinci adamı öz ölkəmizə gətirir və padşah edirik. Bir il ərzində o, bizə hökmdarlıq edir. Hamımız onun əmrinə tabe oluruq. Bu bir ilin ərzində padşah üçün heç bir məhdudiyyət qoymuruq. Ölkənin bütün var-dövlətini, yemək-içməyini, yaraşıqlı qadınlarını onun ixtiyarına veririk”. Tacir soruşur: “Bəs bir il tamam olandan sonra nə baş verir?”. Cavab verirlər: “Bir il tamam olanda onu yenə həmin kimsəsiz adaya aparıb orada qoyuruq. Ömrünün sonuna kimi həmin adada yaşayır. Əvəzində isə fırtınadan qurtulub adaya düşmüş başqa bir adamı gətirib özümüzə padşah seçirik”.

Tacir onların təklifini qəbul etməkdən savayı çıxış yolu görmür. Onun başına tac qoyub, taxta çıxarırlar. Tacir hökmdarlığa başlayır. Insaflı olduğu üçün, qanunları pozmamağa çalışır. Həm də əlinə imkan düşdükcə, həmin kimsəsiz adanı abadlaşdırır. Adada gözəl bir qəsr tikdirir, meyvə ağacları əkdirir, evə şirin su çəkdirir. Evin həyətində təsərrüfat qurur, əkin-biçin işləri gördürür.

Beləcə, bir il tamam olur. Qırx zadəgan onu yenə gəmiyə mindirib həmin adaya aparırlar. Adaya çatanda buraları tanımırlar. Kimsəsiz, vəhşi ada əsil cənnətə çevrilmişdi. Burada yaşayış üçün hər bir şərait var idi.

Zadəganlar taciri adaya buraxırlar. Özləri isə növbəti padşahı tapmaq üçün adanın içərilərinə doğru hərəkət edirlər. Tacir yaşayış yerində məskunlaşmağa başlayır. Ağlı-duşuncəsi sayəsində indi hətta padşahlıq etdiyi zaman malik olduğu vəziyyətdən də qat-qat rahat bir şəraiti vardı.

Qırx süvari adanın içərilərinə çəkilib məşvərət edirlər: təzə padşah axtarmağa ehtiyac varmı? Tacirin zəkası onları heyrətdə qoymuşdu. Indiyə kimi padşahlardan heç kim bir ildən sonra üzləşəcəyi aqibət haqqında fikirləşməmişdi. Hər kəs bir il ərzində padşahlıq edib kef sürmüş, sonra kimsəsiz adaya qayıdıb, tənhalıq içində ölmüşdü. Padşahlardan heç biri üzləşəcəyi aclıq və susuzluq, evsizlik, təbiətin şıltaqlığı, vəhşi heyvanlar və sair təhlükələr barədə düşünməmişdi. Yalnız tacir ağıllı davranmış, gələcək güzəranı üçün tədbir görmüşdü. Ölkəyə elə bu cür ağıllı, düşüncəli, uzaqgörən padşah lazım idi. Zadəganlar tacirin yanına qayıdıb elan edirlər ki, onu həmişəlik padşahlığa layiq bilirlər. Beləliklə, tacir həmin məmləkətin ömürlük hökmdarı olur...

Şeyx Mühəmməd Həsən bu əhvalatı danışandan sonra deyirmiş: “Insan bu dünyada həyatını başa vurandan sonra mal-mülksüz, oğul-uşaqsız, pal-paltarsız vəziyyətdə axirət aləminə köçür – eynilə fırtınadan sonra kimsəsiz adaya düşmüş tacir kimi. Axirətdə onun üçün hazırlanmış məkana çatanda görür ki, burada hər şey xarabalıq içindədir. Onun ruhuna qida ola biləcək heç nə yoxdur. Çünki bu dünyada yaşayarkən, o biri dünyası üçün tədarük görməyib. Yaxşı əməllər etməyib, vacib ibadətləri yerinə yetirməyib, kaçıblara əl tutmayıb, günahlardan qaçmayıb, zülmlə mübarizə aparmayıb. Əgər bunları etsəydi, həmin əməllər savab şəklində o biri dünyada onun qarşısına çıxardı. Bu dünyada etdikləri yalnız gunah olub, ona görə də axirət dünyası xarabalıq içindədir. Tacir öz adasını abad etdiyi kimi, hər kəs də öz axirətini abad etsə, o biri dünyada bu dünyadakından da yaxşı bir şəraitlə üzləşər və ziyana düşməz”.

Please publish modules in offcanvas position.