Bir müşrikin müsəlman olmasının tarixçəsi

/ Çərşənbə axşamı, 18 Fevral 2020 11:40
Bir müşrikin müsəlman olmasının tarixçəsi

Ümeyr ibn Vəhb Cüməhi Qüreyş soyundan idi, Məkkədə yaşayırdı. Məkkənin əksər sakinləri kimi Ümeyr də Həzrət Mühəmməd Peyğəmbərin (s) Islamı yaymaq uğrunda səylərini puça çıxartmağa çalışır, insanların müsəlman olmalarına maneçilik törədirdi.

Hicrətdən sonra da Ümeyr öz əqidəsində qalmışdı. Məkkə müşrikləri ilə müsəlmanların arasında baş vermiş ilk döyüşdə – Bədr savaşında Ümeyr düşmən tərəfin cərgələrində yer tutdu. Hətta müşriklər müsəlmanların sayını və silahını öyrənmək üçün onu kəşfiyyata göndərdilər. Ümeyr uzaqdan müsəlmanları seyr edib saylarını dəqiqlədirdi, gəlib müşriklərə xəbər verdi. Daha sonra müsəlmanların pusquda əsgər saxlayıb-saxlamadıqlarını öyrənmək üçün bir daha qayıtdı, əldə etdiyi məlumatları yenə qarşı tərəfə ötürdü. Ümeyr hiss etmişdi ki, müsəlmanlar böyük əzmlə döyüşə gəlmişlər və saylarının azlığı onların iradəsini qıra bilməz. Buna görə də Ümeyr müşrikləri ayıq-sayıq olmağa çağırdı: “Bu adamlar sanki ölümü də dəvələrinin belinə mindirib özləri ilə gətiriblər. Mən inanıram ki, onlardan hər biri ölməzdən əvvəl ən azı bizlərdən bir nəfərin həyatına son qoymağa fürsət tapacaq. Hətta əgər bu döyüşdə qalib gəlsək belə, qələbə bizə ən azı 300 nəfərin həyatı bahasına başa gələcək”. Müşriklər bu xəbərdarlığa baxmayaraq, yenə döyüşməyi qərara aldılar və məlum olduğu kimi, Bədr savaşı müsəlmanların parlaq qələbəsi ilə sona çatdı.

Ümeyr döyüşdən sağ-salamat çıxsa da, oğlu Vəhb müsəlmanlara əsir düşdü. Ümeyr oğlunu azad etmək üçün fidyə (canbahası) yığmaqla məşğul idi. Bir gün həmqəbiləsi Səfvan ibn Ümeyyə ilə birlikdə Kəbənin kölgəsində oturub söhbət edirdi. Söz Bədr savaşından və əsirlikdə olan qohumlardan düşdü. Ümeyr ürəyindəki sirri Səfvana açdı: “Heyf ki, mənim çoxlu borcum var, ailəm də böyükdür. Mənim başıma bir iş gəlsə, ailəm ac qalacaq. Əgər bu çətinliyim olmasaydı, oğlumu azad etmək bəhanəsi ilə Mədinəyə gedər və Mühəmmədi öldürərdim, bununla da hamımızın intiqamını ondan alardım”. Səfvan Ümeyrin bu fikrini alqışlayıb dedi: “Əgər dərdin yalnız budursa, mən sənin bütün borclarını ödəməyə hazıram. Ailəni də öz ailəm kimi saxlayaram, onları çətinlik çəkməyə qoymaram. Sən nəzərdə tutduğun işi görə, bu yolda ölümdən qorxma”.

Ümeyrlə Səfvan qərarlaşdılar ki, bu söhbəti öz aralarında gizli saxlasınlar, heç kimə açıb deməsinlər. Ümeyr qılıncını itilədi, tiyəsinə zəhər sürtdü. Sonra Məkkədən çıxıb Mədinəyə sarı yola düşdü.

Həmin gün Mədinə məscidində müsəlmanlar söhbət edirdilər. Bu arada Ömər ibn Xəttabın gözü məscidə girən Ümeyrə dəydi, tez Peyğəmbərin yanına gedib Ümeyrin gəldiyini xəbər verdi. Peyğəmbər Ümeyri yanına gətirməyi tapşırdı.

Ömər ibn Xəttab səhabələrə göstəriş verdi ki, Peyğəmbərin ətrafında dövrə vurub sayıq dursunlar. Özü isə Ümeyrin qılıncının ipindən tutub çəkərək onu Allah Rəsulunun hüzuruna gətirdi. Ümeyr Peyğəmbəri görəndə cahiliyyə ərəblərinin qaydası üzrə Onu belə salamladı: “Günün xeyir olsun”. Peyğəmbər buyurdu: “Sənə bundan da yaxşı bir salamlaşma öyrədim. Görüşəndə de ki, salamün əleyküm”.

Sonra Peyğəmbər Ümeyrdən soruşdu ki, Mədinəyə gəlməsinin səbəbi nədir? Ümeyr oğlunu azad etmək niyyətində olduğunu söylədi. Peyğəmbər soruşdu: “Bəs niyə qılıncla mənim yanıma gəlmisən? Qılıncını niyə təhvil verməmisən?”. Ümeyr cavab verdi: “Onsuz da Bədr məğlubiyyətindən sonra qılıncımız kəsərdən düşüb”. Peyğəmbər buyurdu: “Ya Ümeyr, Mədinəyə gəlməyinin həqiqi səbəbini de”. Ümeyr yenə dedi ki, oğlumu azad etməyə gəlmişəm. Bu zaman Peyğəmbər Ümeyrlə Səfvanın söhbətini və Ümeyrin əsl niyyətinin Onu (Peyğəmbəri) öldürmək olduğunu danışdı. (Bu məsələni Allah-təala Peyğəmbərə xəbər vermişdi).

Ümeyr mat-məəttəl qalmışdı. Axı Səfvanla söhbətdən heç kimin xəbəri yox idi. Bir az düşündükdən sonra dedi: “Biz indiyə kimi Sənin qeyb aləmindən verdiyin xəbərlərə istehza edib gülürdük. Amma indi peyğəmbər olduğuna şübhəm qalmadı. Bu xəbərdən Səni yalnız tanrı agah edə bilər”.

Ümeyr kəlmeyi-şəhadəti deyib müsəlman oldu. Peyğəmbər tapşırdı ki, müsəlmanlar Ümeyrə din haqqında bilgi versinlər, ona Quran oxumağı öyrətsinlər, oğlu Vəhbi də təmənnasız azad etsinlər. Ümeyr Peyğəmbərdən xahiş etdi ki, Məkkəyə qayıtmasına icazə versin. Özü də söz verdi ki, vaxtilə camaatın Islama gəlməsinə necə mane olmuşdusa, indi də eyni ciddi-cəhdlə insanları Islama doğru çağıracaq. O, həqiqətən, öz sözünə əməl etdi. Məkkəyə qayıdandan sonra şəhərdə müsəlmanları və Həzrət Mühəmməd Peyğəmbəri (s) tərifləməyə başladı, xalqda Islama rəğbət yaratmaq uğrunda çalışdı.

Deyirlər ki, Ümeyr Bədr savaşı zamanı Iblisi insan qiyafəsində görübmüş. Iblis onun gözünə müşriklərdən biri olan Süraqə ibn Malikin sifətində görünmüşdü. Savaşda mələklər müsəlmanlara yardım edirdilər, lakin onları görən olmurdu. Yalnız Iblis mələkləri görə bilirdi. O, müsəlmanların qalib gəldiyini görəndə qaçmağa üz tutdu. Onun Süraqə olduğunu zənn edən Ümeyr haray çəkdi: “Süraqə, niyə döyüş meydanını buraxıb qaçırsan?”. Süraqənin qiyafəsini almış Iblis isə cavab verdi: “Bəli, qaçıram. Çünki mənim gördüyümü (yəni mələkləri) siz görmürsünüz”. Qurani-kərimdə bu hadisə belə təsvir edilib: “O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi” (Ənfal, 48).

Please publish modules in offcanvas position.